Общественно-политическая интернет газета
“Vətənin tüstüsü də şirindir”
(Azərbaycan ata sözü)
Əlbəttə, mən kiməm ki, hansısa təkliflər verim, ancaq əfvinizə sığınaraq ağlıma gəlmiş bir-iki mövzunu qabartmaq istəyirəm.
Qarabağ artıq separatçı ünsürlərdən demək olar təmizlənmişdir (“demək olar”ı rəsmi məlumata əsasən yazıram, çünki dövlət rəhbərliyi hələ dağlarda bəzi terrorçuların gizləndiyini açıqlamışdır). Artıq Xankəndidə dövlət bayrağı qaldırıldı. Yavaş-yavaş camaat da öz yurdlarına qaytarılır. Bunlar hamısı yaxşıdır, əladır. Ancaq qələbə münasibətilə bəzi ümummilli tədbirlər görülsə daha da yaxşı olar.
Məsələn, əfv sərəncamı imzalansın, içində Qubad İbadoğlu və Bəxtiyar Hacıyev də olmaqla müəyyən kateqoriyadan dustaqlar azadlığa buraxılsın. (Gördüyünüz kimi, mən artıq nümunəvi vətəndaş kimi xarici qara qüvvələrin işlətdiyi “siyasi dustaq” ifadəsini yazmıram. Əslində mən siyasətə qarışmıram).
Yaxud iqtisadi tədbirlər görülsün. Örnək üçün, hər uşağa “Qələbə pulu” adı ilə birdəfəlik yardımlar edilə bilər. Bu, gənc, yetişməkdə olan nəslin daim yaddaşında qalar.
Qaz pulu limitində güzəştlər, sahibkarlara vergi güzəştləri, pensiyalara artımlar, tələbələrə təqaüdlər kimi ən azı birdəfəlik mükafatlar yaxşı olar. Axı Qarabağda qələbənin qazanılması ümumən xalqın qələbəsidir və xalq o qələbənin nemətlərini müəyyən dərəcədə görsə, pis olarmı? Hesab edirəm olmaz. (Yenə əfvinizə sığınıram. Güman edirəm qələbə münasibətilə mənim də ürəyimdən keçənləri yazmaq hüququm var. Ən azı bir gün).
Ən əsası, qələbənin qazanılmasında mühüm, birinci dərəcəli rolu olan əsgər ailələri hansısa iqtisadi, rəmzi mükafatlar alsa, bu da yaddaqalan hadisəyə çevrilərdi.
Əlbəttə, xalqın qələbədən nemətlər umması iddiasında deyiləm, torpaq, vətən işlərində çoxları təmənnasızdır. O cümlədən, hökumətin də yuxarıda sadaladığım kateqoriyadan olan zəhmətkeşlərimizə vaxtaşırı, ünvanlı, sosial yardımlar etdiyi deyilə bilər və haqsız olmaz. “Onsuz da biz pulları xalqa xərcləyirik, ya birbaşa, ya dolayısı” - bu cür deyərlər. Mən sadəcə qələbə münasibətilə bir xatirə qalası, rəmzi kampaniyadan bəhs edirəm. Qələbə möhtəşəm, qeyri-adi, fövqəladədirsə, niyə onun qeyd olunması da fərqlənməsin?
Sözgəlişi, qələbədən sonra xalqa toy-bayram keçirilməsi, yaxşı qonaqlıq, xələt, hədiyyə, cibxərcliyi verilməsi qədim adətlərimizdə də olmuşdur. Oğuz elində hətta xan ildə bir gün bütün ev-eşiyi, xəzinəni qoyub çıxırdı, xalq gəlib yağmalayırdı, kim nə istəsə götürüb aparırdı. Təbii, mən bu cür radikal tədbirlərə dəvət etmirəm. Sabitlik lazımdır.
İndi, klassik mövzularımızda olduğu kimi, söz əlaqədar təşkilatlarındır. Görün neyləyirsiniz. Hər halda, bir çoxlarına elə gəlir ki, bu dəqiqə xalq qələbəsinin miqyasını o qədər də başa düşmür. Deyəsən, bir deputat yoldaş ötənlərdə bu mövzuda danışmışdı. Yəni belə düşünənlər vardır. Gəlin elə edək ki, belə düşünənlər olmasın. Hamımız çəkici bir nöqtəyə vuraq, hamımız eyni cür düşünək!
Qələbəni anlamaq üçün o, hər kəsin evinə girməlidir. Birbaşa. O əski və məşhur kinodan zəhlətökən sitatı gətirmək istəmirəm, lakin hər birimiz başa düşürük ki, diqqət ayrı şeydir.
Yeri gəlmişkən, dünən bir xəbər oxudum, hesab edirəm ümumi fona heç uyğun gəlmirdi: futbol üzrə 1-ci liqamızda oynayan “İrəvan” klubunun oyunçuları etiraz tətili keçirib, məşqə çıxmamışdır. Sən demə, 3 aydır onların maaşları verilmir.
İndi bunun günahı kimdədir? Klubun adını “İrəvan” qoymusansa, maaşı da verməyə borclusan. Bu cür vətənpərvər işlərdə xəsislik yaramaz. Klubun adını “Kürdəmir” qoy, lap istəyirsən məşqçi açından stadionu yesin, bundan kimə nə? Vecimizə olmaz.
КомментарииОставить комментарий