Общественно-политическая интернет газета
Qiymətli kağızlar bazarımıza, daha sonra iqtisadi inkişafımıza məsul olmuş keçmiş nazir Heydər Babayevin quş saxladığını öyrəndik. Bakıda və Abşeron yarımadasında populyar sənət növlərindən olan quşbazlığın sirrlərini gənclərimizə başa salır. Hansı göyərçini saxlamaq məsləhətdir, hansı quş yuvadan qaçmağa meyllidir, qadınlar quşbaz olub dama çıxsalar, fıştırıqla quş çağırsalar bu, məkruhdur, yoxsa haramdır - Heydər müəllim bunları incəliklərinə qədər bilir.
Sözgəlişi, onun qiymətli kağızlar bazarımıza və iqtisadi inkişafımıza baxışları da elə damda, göyərçin qəfəslərinin önündə formalaşmışdır. Ona görə axırda pişiklər qiymətli kağızları tutdular, inkişaf da göydə gedir, heç aşağı qonmur. Yoldaş Babayevə quşbazlıq sənətində yeni uğurlar arzulayıb keçək digər mövzulara.
Putinin Qarabağla bağlı Paşinyanı suçlamasını hamınız görmüsünüz. Deyir mənlik bir iş yoxdur, ermənilər özləri Qarabağı Azərbaycan ərazisi kimi tanıdılar. Sanki Rusiya Qarabağı Azərbaycana aid saymır (bundan qabaq rus hökumətindən bir neçə nəfər də belə qırıldatmışdı).
Rusiyanın Azərbaycana, Qafqaza, ümumiyyətlə, bütün dünyaya imperialist, dağıdıcı, parçalayıcı mövqeyi hər kəsə məlumdur. Hətta bu yaxında Rusiyada, Moskvadakı bir dövlət araşdırma institutunun müdiri, alim Qarbuzov həmin mövqeyi tənqid edən məqalə yazmışdı, yazıq kişini itdən alıb, itə verdilər. Ancaq mənə ümumi rakurs maraqlıdır. Ərazi bütövlüyümüz temasında yanaşmaları nəzərdə tuturam.
BMT səviyyəsində qəbul edilən ərazimiz var, Qarabağ da ora daxildir, içi Ermənistan qarışıq, bütün dünya Qarabağdakı azsaylı ermənilərin separatçı, oyuncaq “respublikasını” haqlı olaraq tanımayıb. Ancaq qəribə bir yanaşma var: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin həmin ərazi sanki başqa yerdə, materikdə, planetdədir”. Daha dəqiqi, ərazinin bir hissəsi. Yəni Azərbaycan 86,6 min kvadrat kilometrdir, ancaq bunun müəyyən kvadrat kilometri nəsə başqa yerdədir, Qarabağda deyil. Bu necə bütövlükdür o zaman? Bu əcnəbilər haranı tanıyırlar?
Bizdə bir ata sözü var, sanki həmin durumu təsvir edir: “Ortasında dəymə, qırağından kəsmə, doğra, doyunca ye”. Əgər bir dövlət ərazisinə nəzarət edə bilmirsə, orada qanunlarını, hakimiyyət orqanlarını, valyutasının, nəqliyyatının, ordusunun, ən nəhayət, camaatının sərbəst hərəkətini təmin edə bilmirsə, ərazi bütövlüyü kimə lazımdır?
Ermənistan, onun müdiri Paşinyan müəllim də əslində bu beynəlxalq miqyaslı söz oyununa, siyasi təlxəkliyə qoşulmuşdur və onun “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı tülkülükdən başqa heç nə deyil. Tanıyırsansa, son TIR hoqqaları nədir? Niyə hər cür erməni diasporası yenə üstümüzə qısqırdılır? Prinsipcə, Paşinyanın səhər bir cür, günorta başqa cür, axşam isə tamam ayrı sözlər danışmasına öyrəşmişik. Dünya öyrəşmir. Ya da özlərini elə aparırlar.
Ara yerdə Qarabağ erməniləri yazıq vəziyyətindədir. Hamı onlardan alət, maşa kimi istifadə edir. İşin tragikomediyası ondadır ki, vaxtilə Qarabağ erməniləri Azərbaycanın tərkibində ən yaxşı yaşayan regionlardan birinin sakinləri idi. Sonra onlar axmaq “miatsum” virusuna yoluxdular və bu işi əslində Ermənistanda, Moskvada, Los-Ancelesdə, Beyrut və Marseldə yaşayan ermənilər körükləmişdi. İndi isə həmin ermənilər Qarabağ ermənilərinin dalından qaçıblar, deyirlər canınız cəhənnəmə, bizi bu işə qatmayın. Bir növ, Qarabağ erməniləri Puşkinin məşhur şeirindəki balıqçının qarısı rolundadır. Balıqçı “Azərbaycan” və onun tutduğu “qara qızıl” balığının hesabına şah kimi yaşayırdılar, indi gəlib Şahramanyandan çörək talonu alırlar. Rus da məzələnir, fars da, lap elə fransız da. Niyə ayrı hinə uçurdunuz ki? Damın hər yerinə buğda səpmişdik...
Quşbazlar başqasının göyərçinini oğurlamağa yaxşı baxmır. Soruşun, Babayev izah eləsin.
Hərçənd bizə gələn göyərçin də bəzən qarğa çıxır.
КомментарииОставить комментарий