Общественно-политическая интернет газета
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən il Azərbaycanda, tam bir il sonra - bu ilin eyni günlərində Özbəkistanda görüşdü. Dost və qardaşların aradakı bir il içində ayrı-ayrı ölkələrdə, fərqli platformalarda da görüşləri olub; habelə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olub. Yəni, necə deyərlər, davamlı fikir alış-verişi içində olmuşuq.
Budur, dostluq-qardaşlıq bağlarımız artıq rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib. Xəlqi səviyyədə, könül özündə biz ən yaxşı, ən gözəl nə vardısa onu bir-birimizə yaraşdırır, aid edirdik zatən; lakin könlün öz yeri, dövlətlərarası bağların öz dərəcəsi vardır. Artıq yeni sənədlər əsasında rəsmən müttəfiq olmaqla, dosta sevinc, dost ola bilməyənlərə kədər ismarlamış olduq.
Bilirsiz, bütün qardaşlarımız, qardaş dövlətlərimizin hamısı bizimçün əzizdir. Bununla belə, hər bir qardaş xalq kimi özbəklərin də özünəxas gələnəyi, mədəni irsi, dövlətçilik tarixi var. Özbəkistan əhali sayına, iqtisadi potensialına, bugününə, gələcəyə baxışına görə seçilən ölkə olmaq etibarı ilə öz coğrafiyasının kilid ölkəsidir.
Beləliklə, müttəfiq ölkələr kimi Türküstan - Qafqaz bağlamında Türk dünyası üçün yeni körpülər qurmaqda, mövcud körpüləri gücləndirməkdəyik.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlar güvənli münasibətlərin göstəricisidir. - Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev son iki il içində Özbəkistana beş səfər gerçəkləşdirib. - “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Bəli, Azərbaycanla Özbəkistanın resursları, tutumları elədir, bizlərin müttəfiqliyi qardaşlarımıza, eləcə də, bölgənin digər dövlətlərinə öz müsbət təsirlərini göstərir. Bu, çox önəmli geosiyasi amildir. Azərbaycan Prezidentinin özbək həmkarı ilə birgə mətbuat konfransında söylədiyi kimi, bu gün Mərkəzi Asiya, Güney Qafqaz, Xəzər bölgələri vahid geosiyasi bölgəyə çevrilir, bu da o deməkdir, bölgələrimizdəki müsbət proseslər qardaş ölkələrimiz arasında səmərəli işbirliyindən asılıdır. Bu, birdən-birə əldə edilən sonuc deyil, əlbəttə; əlbəttə, burada siyasi iradənin, çağdaş baxışların xəlqi bağlarla üzvi birliyinin təntənəsi vardır. - “Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik”.
Artıq Birgə İnvestisiya Fondu mövcuddur.
Prezident Daşkənddə vurğuladı ki, Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılıb. Bax, bu, maadi imkanlarla mənəvi imkanların bir-birini dəstəkləməsinin, tamamlamasının özüdür.
Heç təsadüf deyil ki, Prezident İlham Əliyevin 23 avqustda Daşkənddə işgüzar dairələrin nümayəndələri ilə də görüşdü. Artıq heç birimizdə şübhə yoxdur ki, özbək qardaşlarımızla keçirilən biznes-forum layihələrlə çox zəngin olmaq etibarı ilə,
qarşılıqlı yeni yatırımlara sövq edəcəkdir.
Örnəyi, 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslərdən söhbət gedirsə, işbirliyi bağlarının zəngin gündəliyi aydın olur.
Burada yeni çağırışlarla yanaşı sağlam özələ vurğu edərkən, yenidən, Azərbaycan Prezidentinin sözlərinə üz tutmaqda haqlıyıq: “Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Qoy qardaş ölkələrimiz qardaş yatırımları ilə zənginləşsin, aşıb-daşsın.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” başda olmaqla, avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri öncəki dönəmin ən yaxşı yekunu, yeni dönəmə ən yaxşı keçidin ifadəsidir.
QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
КомментарииОставить комментарий