Свобода людям, независимость нациям!

Qafqazın üç Aslanı: üçü də general, üçü də “prezident” – üç fərqli tale

Aslan ismi necə addırsa, bizdən tutmuş ta çeçenlərə, acarlara, abxazlara qədər, Qafqaz xalqlarının hamısında var.

Bu gün söhbət Qafqaz diyarlarında adı çıxmış üç Aslandan gedəcək.

Onların üçü də general rütbəsi daşıyıb, üçü də “prezident” olub.

“Prezident” ünvanı ona görə dırnaqda yazılır ki, bu şəxslərin vəzifəsinin legitimliyi mübahisəlidir, beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı onların rəhbərlik etdiyi “dövlət qurumu”nun qanuniliyini qəbul etmir.

1951-ci ildə Qazaxıstanın Karaqanda vilayətinin Şokay qəsəbəsində doğulmuş Aslan Əliyeviç Məshədov 1997-2002-ci illərdə tanınmamış Çeçenistan Respublikasının 3-cü prezidenti olub.

1938-ci ildə Batumidə anadan olmuş Aslan İbrahimoviç Abaşidze 1991-2004-cü illərdə Acarıstan Muxtar Respublikasının rəhbəri, “prezident”i postunda işləyib.

1963-cü ildə Abxaziyanın Oçamçir rayonunun Tamış kəndində dünyaya gəlmiş Aslan Georgiyeviç Bjaniya 2020-2024-cü illərdə tanınmamış Abxaziya Respublikasının prezidenti vəzifəsini tutub.

Aslan Məshədov və Aslan Abaşidze SSRİ-nin, Stalin dövrünün repressiya maşınının konvenyerindən keçiblər.

Çeçen xalqının oğlu Aslan sovet-alman müharibəsi zamanı Qazaxıstana sürgün olunmuş çeçenlərin ailəsində doğulub, sonradan ailəsi ilə birlikdə Çeçenistana qayıdıb.

Acar xalqının övladı Aslan İslam dinini qəbul etmiş knyaz Abaşidzenın nəticəsi, güllələnmiş parlament sədri Memedin nəvəsi, həbs edilib sürgünə göndərilmiş İbrahimin oğludur.

Abxaz oğlu Aslan isə normal təminatlı sovet müəllimlərinin ailəsində dünyaya gəlib, yaxşı təhsil alıb, hələ sovet dövründə DTK məktəbini bitirib.

Bununla belə, bu üç Aslandan ikisi – həm Abaşidze, həm də Bjaniya Moskvanın adamlarıdır. Babası və atası sovet rejiminin qurbanı olsa da, Aslan Abaşidze o dövlətin “gülünü dərənlər”dən olub – sovet dövründə Gürvüstanda nazir müavini vəzifəsinə qədər yüksəlib.

Çeçen Aslan isə Moskvaya, Kremlə qarşıydı, xalqına edilmiş zülmü unutmamışdı.

Bəlkə də ona görə o, çox yaşamadı, 2005-ci ildə Qroznı rayonunun Tolstoy-Yurt kəndində partlayış nəticəsində, 53 yaşındaykən öldürüldü.

Abaşidze Aslan 13 il boyunca Acarıstanda hökmdarlıq edəndən sonra hakimiyyətə yenicə gəlmiş Mixail Saakaşvilinin qətiyyətli davranışı nəticəsində vəzifəsindən və Acarıstandan getməli oldu.

Gürcüstana qarşı savaş açmış Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, sırf Abaşidzenin səyi, mövqeyi, Qamsaxurdiya və Şevardnadze ilə şəxsi dostluğu sayəsində Acarıstan rəsmi Tiflislə düşmənçilk büsatına girməmişdi,. Onun dövründə Batumi geniş muxtariyyata malik idi.

Aslan Məshədovun rəhbərlik etdiyi muxtar bölgə Rusiyaya qarşı müharibədəykən, Aslan Bjaniyanın muxtar vilayəti Gürcüstana qarşı döyüşürdü, amma Aslan Abaşidzenin Acarıstanı qan-qadadan uzaq idi.

İndi birinci və ikinci Aslanların “ölkələri” tam ram olunub, biri Rusiyada genişləndirilmiş muxtariyyata, Ramzan Kadırovun şəxsi səltənətinə çevrilib, o biri öz məcrasına qayıdıb – tam olaraq Gürcüstanın subyektidir - Kutaisi kimi.

Bjaniya Aslanın “ölkə”si Gürcüstanla düşmən, Rusiya ilə dostdur. Əslində buna “dostluq” da demək olmaz. Abxaziya Rusiyanın federal subyektlərindən biri kimi yaşayır. Moskva bu vilayət-“respublika”ya öz diyarlarından biri kimi baxır.

Elə Bjaniya Aslanın devrilməsi ilə nəticələnən “üsyan” da sırf o baxışın sonucu oldu. Rusiya bu mahalda müstəsna hüquqlar əldə etmək istədi, nəticədə Aslanın yaxası ələ keçdi. Abxazlar “rus ayısı”nın əsəbləriylə, aslanın quyruğu ilə oynadılar.

Bjaniyanın yerinə can atanlar tez-tələsik Rusiya ilə qardaşlıqdan ona görə danışdılar ki, ona qarşı başlanmış üsyan Moskvaya dirəniş kimi yozulmasın. Bu, Kremlə sərf etdiyindən RF rəhbərliyi abxaz Aslanı xərcləmiş kimi görünür.

Ancaq o da elə bir məktəb keçib ki, asanlıqla təslim olmaq istəmir, açıqca “gedərəm, yenə gəlləm” mesajı verib və bir müddətdən sonra onun işinin başına dönməsi mümkün ola bilər. Hələ siyasətçi üçün “cavan” yaşdadır, 61 yaşı var.

Aslan Abaşidze 86 yaşının içindədir, Rusiyada yaşayır, rəsm çəkir. Acarıstandakı mal-mülkündən məhrum olsa da, necə deyərlər, vaxtında yığdığı sərvət yeddi sülaləsinə bəsdir.

Aslan Bjaniya “abxaz üsyanı”nın ilk günlərindən doğma Tamış kəndinə sığınaraq, orada özünə barrikada qurub, tərəfdar toplayıb, özünə qarşı repressiyaya boyun əymək fikrində deyil.

Aslan Məshədov yaşasaydı, 73 yaşında olacaqdı. Ancaq indi onun məzarının yeri belə bilinmir. Qafqazın üç Aslanın ən bədbəxti də məhz odur, nə xalqı bir gün gördü, nə özü. O biri Aslanlardan fərqli olaraq, o, ayı kölgəsində yatan aslan olmağı özünə sığışdırmadı.

 

Нет комментариев

Новости автора