Общественно-политическая интернет газета
Adətən bütün ölkələrdə belə olur. Seçkilər yaxınlaşdıqca mümkün ssenarilər haqqında ehtimallar da artır. Bu mənada Rusiya da istisna deyil. Seyrək şəkildə olsa da burada da ən müxtəlif ehtimllar dilə gətirilir: biri deyir ki, ola bilsin, prezident Vladimir Putin namizədliyini irəli sürməyəcək, başqa birisi ərz edir ki, tələsmək lazım deyil, çünki prezident Putin demişdi ki, qərarını ilin sonunda bildirəcək...
Biz bütün siyasi ehtimalları nəzərdən keçirmək, xüsusən də onların sayını artırmaq fikrində deyilik. Burada yalnız bircə sual verəcəyik: Ukrayna müharibəsini bitirməmiş Putin hara gedə bilər? Yoxsa Ukrayna müharibəsinin bitməsi haqda dəqiq xəbərlər var?
Məsələ də bundadır ki, belə xəbərlər hələ yoxdur. Yaxın Şərq müharibəsinin başlaması ilə Ukrayna müharibəsinə diqqət bir az azalsa da hələ ki bu müharibənin sonu haqqında hətta hər hansı bir ehtimal da yoxdur. Düzdür, belə fikirlər səslənir ki, guya Qərb iki cəbhədə döyüşə bilməz, əgər Yaxın Şərq müharibəsi uzansa, onda ən azı ABŞ Ukraynanı Rusiya ilə müharibədə tək buraxacaqdır...
Amma inanmırıq ki, belə bir şey olsun. Bəlkə də bütün bunları nəzərə alaraq ABŞ prezidenti bu yaxınlarda dedi ki, narahat olmağa dəyməz, silah hamıya çatar. Ona görə də siyasi təhlilçilərin əksəriyyəti bu fikirdə bulunur ki, müharibə bitməyəcəkdir, əksinə, Ukraynanı çox çətin bir qış gözləyir.
O ki qaldı Rusiyaya, müharibə onun sərhədlərindən kənarda baş versə də, bu ölkənin də əhalisi dolayı yolla olsa da, onun ağırlığını hiss edir, ən azı ona görə ki iki ildir ki, davam edən bu müharibədə minlərlə rus həlak olubdur.
Elə bu səbəbdən də bir daha deyirik ki, Putin üçün başqa bir yol qalmayıb, o, özünü də, ölkəsini də sonu görünməyən bir labirintə gətirib çıxarıb. Xaricdə Beynəlxalq Məhəkəmə onun haqqında qərar çıxarıb, elə daxildə də siyasi gedişat hər onun əleyhinə çevrilə bilər. Elə bu səbəbdən də keçmiş polkovnikin hakimiyyətdə qalmaqdan savayı bir yolu yoxdur.
Putinin nəzərləri Aleksey Navalnıya yönələndə yazırdıq ki, sonuncu Vladimir Putinin rahat qocalığı üçün problemdir. Amma indi Navalnıy haradadır? Həbsdə! Bütün bunlar, Navalnının həbsi, Nemtsovun ölümü, onlarla oxşar hadisələr, o cümlədən də qiyamçı Priqojinin bu yaxınlarda baş verən müəmmalı ölümü - bütün bunlara görə nə vaxtsa məhz Putin cavab verməli olacaqdır. Ona görə də Rusiya prezidenti yaxşı olardı ki, ömürlük hakimiyyətdə qalmağın yollarını axtarsın. Hazırkı qanunvericilik buna imkan vermir. Amma Rusiya elə də demokratik bir ölkə deyil, odur ki, ruslara hətta ən qeyri-demokratik qanunları belə həzm etdirmək olar. Amma bu qəbildən olan fikirlər bir fərziyyədir və daha çox ehtimallısı budur ki, V.Putin özünə sədaqətli varis tapmalıdır. Belə bir varis tapılacaqmı ki, birincisi, V.Putinin rahat qocalığını təmin etsin, ikincisi isə onun başladığı müharibəni davam etdirsən?..
Başqalarını bilmirik, bütün bunlar bizə bir irreal fantastika kimi görünür. Elə bu səbəbdən düşünürük ki, Putinin elə də çox vaxtı qalmayıbdı, o, öz sərəncamında olan siyasi vaxtdan istifadə edərək Ukrayna ilə müharibəni bitirməlidir, özü də qələbə ilə. Amma bir daha soruşuruq: mümkündürmü? Çox təəssüf ki, birmənalı şəkildə “hə” demək olmur...
Ona görə də qarşıdakı illər Putin üçün çox çətin olacaqdır - qərbdən şərqə doğru uzanan imperiya çaxnaşma içindədir, ukraynalılar bir tərəfə, hətta müti Ermənistan sakit dayanmır, Paşinyan gündə bir bəyanat verir. Kremlin siyasi izləri bəzən Afrika səhralarına aparıb çıxarsa da, ikinci geosiyasi qütb olmaq, ikinci fövqəldövlət kimi özünü təsdiq etmək elə də inandırıcı görünmür. Bunlar isə ilk növbədə başqa bir adamın yox, məhz Vladimir Putinin siyasi problemləri və qayğılarıdır...
КомментарииОставить комментарий