Общественно-политическая интернет газета
Keçən yazılarımızda xalqa məlumat verdiyimiz kimi, hökumət yenə də onu – xalqı düşünməyə davam edir. İstinin günündə. Halbuki, dünyanın çox ölkəsində qayda var, havanın temperaturu elə ki, selsi üzrə 40, farengeyt üzrə 104 dərəcəni keçir, hökumət dərhal istefa verir. Keçib otururlar söyüd kölgəsində, sərin ayrandan, doğramacdan içirlər, qətiyyən xalq haqda düşünmürlər. Şair Süleyman Rüstəm hələ sovet dövründə bu vəziyyəti belə vəsf etmişdir:
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Hərçənd, bəzi ədəbi tənqidçilər şeirdəki təsvirlə razılaşmamışdır. Onlar yazırdılar ki, igid söyüd kölgəsində otura bilməz. Guya igid ancaq günəşin qızmar istisində, ayazlı qış axşamlarında, qarlı aşırımlarda ömrünü xalq yolunda fəda etməlidir.
İgidi lazım gəlsə paraşütlə İrəvana atmalısan. Lazım gəlməsə tutub 15 sutka həbs cəzası verməlisən. Uzun sözün qısası, igidin başı qalda gərək. Hətta hesab edək igidin vəziyyəti azca düzəlibdir, ünvanlı sosial yardım alır, bu halda da söyüd kölgəsində oturmağa qətiyyən ixtiyarı yoxdur. İgid yalnız çinar, palıd kimi maskulin (kişiyana - əvvəldən belə yazsam, savadlı olduğuma kim inanar) ağacların kölgəsində otura bilər. Ən azı evkalipt və baobabın. Yoxsa söyüd... Söyüdün salxım saçaqları altında mamlı-matan kənd qızları səhənglə bulaqdan su daşıyanda əyləşib dincəlməlidir. İgidə orda qətiyyən yer yoxdur.
Nəsə, mövzumuz hökumətin xalq barədə düşünməsi və bunun növbəti dərin təzahürü hadisəsidir. Bugünlərdə özəlləşdirmə, hərrac, dövlət alqı-satqıları (“dövlət satınalmaları” – açığı, bu ifadə tərzində nəsə xain bir yanaşma vardır) saytında yenə avtomobillərin satışı üzrə elanlar yerləşdirilmişdir. Orda deyilir ki, vaxtilə polisə məxsus olmuş Fiat-Doblo avtomobilləri satılır. Start qiyməti 8 min 200 manatdır. Hardasa 10-a qədər belə maşın satılır. Maşınların göstəriciləri də yazılmışdır: “Avtomobilin kuzası təbii korroziyaya məruz qalıb, mühərriki, sürətlər qutusu, qabaq asqısı və arxa körpüsü tamamilə nasaz və yararsız haldadır. Avtomobilin üstündəki təkərləri yararsızdır və akkumlyator batareyası yoxdur. Nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır. Hərracda iştirak üçün 10 faiz, yəni 820 manat avans ödənməlidir”.
Əlbəttə, birinci auksionda (başa düşürəm, hələ də bəzi görkəmli ziyalılarımız keçi kimi tərsliyə salıb hesab edir ki, auksion əvəzinə hərrac yazanda bu, ana dilimizdə olurmuş) maşınlar satılmayıbsa, bu o demək deyil ki, ikinci, üçüncü, dördüncü hərraclarda satılmayacaqdır. Bəzən 5 dəfə hərrac olur, bəzən 10 dəfə. Axırda maşın tamamən çürüyüb torpağa qarışır. Dünyada heç nə əbədi deyil.
Söhbət sadəcə ondadır ki, bizim bu Fiat Doblo avtomobilləri yaxın tariximizin canlı şahidləridir. Kim bilir onların kuzovunda hansı müxalifətçi, hansı mitinq, piket iştirakçısı, neçə jurnalist, nə qədər şair, neçə kilo yazıçı, neçə qram rəssam, neçə desibel muzıkant yoldaşlar daşınıbdır... Faktiki bu maşınlar açıq səma altında canlı muzeydir. Eksponatdır. Şair demişkən:
Pulun var, ver Zapıya,
Al, qoy qapıya.
Bu şeirin müəllifini tam dəqiqliklə bilmirəm, güman edirəm hər halda Ramiz müəllimin şeiri olmaz. Araşdırmaq lazımdır. Növbəti yazılarımda oxuculara məlumat verərəm.
КомментарииОставить комментарий