Свобода людям, независимость нациям!

“Pıxı” başçı, “çiçi” başçı – bu günə inikas edən pəstəhalar

 

Deyəsən, axırda “İndiki cavanlar bilməz” adlı rubrika açmalı olacağam. Çünki son vədələr yazıların bəzilərini ya bu cümlə ilə başlayıram, ya da başlamaq istəyəndə əlimi saxlayır, məcburən başqa cümlə seçirəm.

Bu yazı da əslində “indiki cavanlar bilməz”lə başlamalıydı, amma söhbətə başqa cür giribən deyim ki, 35 il əvvəlin cavanları yaxşı xatırlayar, o vaxtlar ölkədə məmur-xalq münasibətləri pisləşmişdi. Ara açılmışdı, pərdə götürülmüşdü.

İnqilab haqqında nəzəriyyələri bizi kəsə-kəsə (imtahanlarda) məcburən öyrətmişdilər deyə bilirdik ki, bu, inqilabi situasiyadır: yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar əvvəlki kimi idarə olunmaq istəmir. Nəticədə ictimai-siyasi planda süpürləşmə başlayır və bu, sonda gəlib küçə və meydanlara inikas edir - oxumuş adamlar demişkən.

O vaxt həmin ovqat meydanlara nə təhər inikas etmişdisə, gündə bir rayondan soraq gəlirdi: “Camaat yığışıb, “raykom”u qovub”; “Rayon əhalisi “raykom”un binasının qabağına toplaşıb, birinci katibi söyüb”; “Rayonun böyüyünü döyüblər, gecəylə ailəsini götürüb çıxıb” və s.

Bu xəbərlərdə bəzən şişirtmələr, bəzən də yumşaltmalar olurdu. Məsələn, “raykom”un döyülməsi xəbəri şişirdilirdi. Məlum olurdu ki, sadəcə, birinci katib partiya komitəsinin binasına girəndə fitə basılıb, beş-altı nəfər də, Famil Cəfərlinin sözü olmasın, kərəzlənib ki, guya araya girən olmasa o boyda kişini vuracaqlar. Amma milis mane olub və qovğa bitib.

Yumşaltma vaqiələri də belə olurdu. Nəyə görəsə hiddətlənmiş xalqın qarşısına çıxan, onları dinləmək istəyən birinci katibə yaxınlaşan bir-iki məşhur Zibəvari qadın onun üzünə tüpürür, “rədd ol get bu rayondan” qışqırırdılar. “Raykom” isə gedib orda-burda danışırdı ki, həmin xalqla ünsiyyətdə oldum, bəzən gərginlik də yaşadıq, amma sonra anlaşdıq.

Yeri getməmişkən deyim ki, başqa rayonlardan olan birinci katiblərə qarşı aksiyaları çox vaxt yerli kadrlar (ikinci katiblər və ya rayonların xalq deputatları sovetlərinin icraiyyə komitələrinin sədrləri) təşkil edirdilər, ya da yönləndirirdilər ki, adam başını götürsün, qaçsın, rayonun şefləri özləri olsun. Belə pəstəhalar, adətən el arasında “insan adam” və ya “mədəni insan” adlandırılan həlim kadrların başına gəlirdi. Asan-kəsən, “canavar kadr”larla işi olan yox idi.

Camaatı da bilmək olmurdu. Ermənilər Şuşada Topxana meşəsində armud ağaclarını qırırdılar, amma buna görə Xaçmazda (Qazaxda, Cəlilabadda) təsərrüfat işləri ilə məşğul birinci katibi hoydu-hoyduya götürürdülər. Heç nə. Baş çönmüşdü, inqilabi situasiya yaranmışdı, yuxarılar yeyib-doymuş, harınlamışdılar, aşağılar isə hesab edirdilər ki, ölkənin sərvəti ilə bütün yollara qızıl örtük çəkmək olar. “Basıb yeyirlər, xalqa vermirlər” – belə bir qənaət hasil olmuşdu və bu da kütləyə inikas etmişdi.

Yadımdadır, bizim rayonda da elə bir aksiya keçirilirdi. İntəhası, “raykom” öz rayonumuzdan idi deyə, ona “rədd ol, get öz rayonuna” deyən, yaxınlaşıb üzünə tüpürmək təşəbbüsü göstərən yox idi. Elə şey olsa, heç kəs yox, elə həmin katibin öz inqilabçı kəndçiləri o adamı basıb döyərdilər. Amma bizim inqilabçılar da hədəf tapmışdılar, başqa rayonlardan gəlib rəis, prokuror işləyən şəxsləri hədəfə götürmüşdülər. Cabbar müəllim vardı, üzünü mitinqin bir küncündə, ağacların altında dayanıb müşahidə aparan milis rəisinə tutub hədələyirdi, deyirdi, əlini də cibinə qoyub buğlana-buğlana durmusan orda, səni elə edəcəm ki, o, sığışmadığın paltonun içində fırlanacaqsan.

Dönüb ağacların altına baxdıq, rəisin verdiyi reaksiya əllərini paltosunun cibindən çıxarmaq oldu. (Uzun illərdən sonra bir dəfə o rəis redaksiyamıza zəng edib hansısa yazımla bağlı minnətdarlığını bildirdi, bir az söhbət elədik, çox mədəni və vətənpərvər biriymiş, heç demə).

Bu cür pəstəhaların ən qəribəsi Sumqayıtda olmuşdu. 1988-ci ilin fevralında şəhərdə iğtişaş baş vermişdi, ara qarışmış, məzhəb itmişdi. Arada ermənilər zərər çəkmişdi. Onlardan ən azı beşinə elə Qriqoryan adlı öz erməniləri zərbə vurmuşdu. Bir sözlə, çox pis hadisə baş vermişdi və şəhərin rəhbərini – Cahangir Müslümzadəni işdən çıxarmışdılar.

Əlbəttə, Kreml bunu xalqları sakitləşdirmək üçün etmişdi. Əgər Müslümzadə vəzifədən götürülməsə, onsuz da camaat yığışıb ona “istefa” tələb edəcəkdi. Belə olmasın deyə hökumət xalqı qabaqlamışdı. Bəs camaat nə qayırdı? Heç nə. O vaxtın standartları və imkanları ilə transparant hazırladılar: “Vernite Muslimzade!” (yəni “Müslümzadəni qaytarın!”). O transparantlar hətta gedib Gəncəyə də çıxmışdı. Kadr xüsusunda Gəncə inqilabçılarının iki tələbi vardı: Ramiz Bağırlı (Gəncənin “qorkom”u) işdən götürülsün və Müslümzadə qaytarılsın. İki “qorkom”un biri “çiçi” olmuşdu, o biri – “pıxı”.

İndi bəzi rayonlardan gələn xəbərləri eşidəndə yadıma o günlər düşür. Bir başçını danışmağa qoymurlar, o birinin döyülmə xəbəri gəlir. Maşallah, indiki cavanlar da eynilə bizim kimidirlər.

Bəs situasiya Lenin deyən situasiyadırmı? Bəzi mütəxəssislər deyir, hə, oxşayır, bəzilər də deyir, boş şeydir, həmişəki kimi, qolumuza qolay görünənin, yumşaq danışanın qənimiyik.

 

Нет комментариев

Новости автора