Свобода людям, независимость нациям!

Peycer haqqında hədislər

Bu yaxınlarda hökumətin qərarı ilə evə çəkilən internetin qiyməti qalxıb ayda 25 manat oldu. Abunə ilə birgə 27 manat. İstəyirsən özünü parçala, başqa variant yoxdur. Əlbəttə, istəsən internetdən imtina edə bilərsən, o zaman gəlib bütün xətti söküb aparırlar. Telefonu işlətməyən xalqa cərimələr yazılmağa başlamışdır. 

Ancaq uca millətimiz gərək belə bahaçılıqdan narazı qalmasın. Allahımıza şükür eləyək. Odur, Livanda minlərlə peycer partladı, ölən, yaralanan... Qan su yerinə axırdı. Bizdə internet partlamır ki? Sabitlik şəraitində yaşayırıq. Uzağı ürəyimiz partlayır, o da daxili qanaxma verir, ətrafa ziyanı yoxdur. 

Sözgəlişi, bugünlərdə “Vaşinqton post” qəzetində bir gülməli yazı çıxmışdı. Sən demə, Livanda, İsraillə Hizbullah arasında BMT sülhməramlı qüvvələri varmış! Şəxsən mənim yadımdan çıxmışdı. Az da sayılmazlar, düz 10 min nəfər əsgərdir! Papağına-zadına yekə-yekə UN yazılan bu əsgərlər İsrail və Hizbullah bir-birinə raket atanda, tunel qazanda, peycer partladanda, nə bilim, dron uçurdanda sizcə bu sülhməramlılar nə edirmiş? Qəzet bu suala məhz sülhməramlı zabitlərdən cavab alıb: “Bunkerdə gizlənirik”. Ölən olmasa oxu, gül. Amma çox gülsən qarnın cırılar, yenə ölərsən. Şərq incə məsələdir. 

Fantastikadır. Lap Anjey Kasprşiki və ATƏT-i, həmçinin Volskinin, Polyaniçkonun, Putinin cürbəcür sülhməramlılarını xatırladım. 

Ən maraqlısı isə odur ki, BMT-nin bu oyuncaq qüvvələrinin Livanda saxlanılmasına BMT büdcəsindən ildə bilirsinizmi nə qədər pul ayrılır? Buyurun: 510 milyon dollar! O pulu livanlılara versəydilər bəlkə adam kimi yaşayırdılar. 

Müdrik kəlamda deyilən kimi, “qayıdaq öz qoyunlarımızın yanına”. Ölkəmizin necə sürətli inkişaf eləməsi həm də bu peycer əhvalatında özünü göstərir. Bəlkə çoxları o qurğunun şəklini belə unudub, çünki bizdə peycerin ilk və son istifadəsi 1990-cı illərin ortalarında olmuşdur. Bu, primitiv mobil rabitə qurğusu idi, yalnız mesaj qəbul edə bilirdi, yəni birtərəfli çalışırdı. Tutaq ki, sən Mamedin peycerinə mesaj yollamalısan, ev telefonundan zəng vururdun peycer operatoruna, orada mesajı qeydə alırdılar, ötürürdülər Mamedə. Mamedin toqqada (məsəl üçün) gəzdirdiyi peycerə mesaj daxil olanda cükküldəyirdi, açıb oxuyurdu ki, məsəl üçün, evə gələndə çörək al. Ya da nə bilim, raketi Tel-Əvivə tərəf tolazla. Vəssalam. Peycerin bütün funksiyası bundan ibarətdir. Ta onunla tik-tokda Adəmin söyüşünə pul at, instaqramda dodağını büz, nə bilim, feysdə Gülbadamı layk elə - bunların heç biri mümkün deyildi. 

Hizbullah isə hələ də bu primitiv qurğunu işlədirmiş. Hərçənd, bəzi hədislərə görə peycer haramdır, bilmirəm niyə bunu nəzərə almamışlar. 

Təzəlikcə su idarəmiz də qımıldaşırdı, deyirlər suyun qiymətini qaldırmaq lazımdır, dünyada su üstündə qırğın gedir, nə bilim, Qreta Tunberq elə getdi, qütb buzları belə gəldi... Düzdür, sonra guya idarə təkzib yaydı, dedilər Tarif Şurasına müraciət etməmişik. 

He-he... Ortada o boyda telefon-internet təcrübəsi varsa, niyə özünüzü əziyyətə salırsınız? Qərar çıxarın ki, suyun aylığı, misal üçün, minimum 200 manatdır. Hər evə. İşlədir, işlətmir, çay qoyur, qoymur, hamamda çimirmi, ya kir boğazına çıxıb - dəxli yoxdur. Etiraz edən varsa, borusunu kəsin. Su işlətməyənlərə isə cərimə yazmaq olar. Guya yağış suyu ilə yaşayırlar? İnandırıcı deyil. Şəxsən mən dəqiq əminəm ki, bizim rayona yağış icra başçısına görə yağır. Üzündəki nurun təsirindəndir. Deputatımız isə suyu şəraba çevirə bilir. 

Ancaq bu, artıq başqa hədisdir.

Нет комментариев

Новости автора