Общественно-политическая интернет газета
Bəli, Parisdən qəti qorxmamalı, yalnız ehtiyat etməli – biz bunu daim qeyd edirik.
Birincisi ona görə ki, iqtisadi cəhətdən Avropanın ən güclü dövləti Almaniya olsa da məlum səbəblərdən kontinentin hərbi cəhətdən ən güclü dövlətləri Fransa və Böyük Britaniyadır.
İkincisi, Böyük Britaniyadan sonra ən çox imperiya təcrübəsi olan dövlət məhz Fransa hesab olunur. Bu, özünü mədəni-linqvistik müstəvidə də göstərir. Belə ki, ingilis dilli ölkələr olduğu kimi fransız dilli dövlətlər də - Frankofoniya da var.
Hazırda Fransa bir imperiya dövləti kimi böhran yaşayır. Onu hətta Afrikadan sıxışdırır, qoşunlarını bəzi ölkələrdən çıxarmaq üçün vaxt qoyurlar. Elə bu səbəbdən də Paris yeni ünvanlar axtarır və belə ünvanlardan biri tamamilə ciddi şəkildə Ermənistan ola bilər. Bu, bizi təlaşlandırmalıdırmı? Bizdən çox bu məsələ Rusiya üçün həyacan siqnalı olmalıdır, çünki İrəvan Moskvanın nüfuz sferasına daxildir və formal şəkildə olsa da, Ermənistan hələ də MDB-nin və KTMT – nin üzvü sayılır, baxmayaraq ki, erməni siyasətçiləri və diplomatları indi Rusiyanın bütün tədbirlərini demək olar ki, boykot edirlər.
Elə bu son günlərdə erməni baş naziri və xarici işlər naziri MDB dövlətlərinin Bişkek görüşündə iştirak etmədilər. Halbuki budan əvvəl onlar İspaniyanın Qranada şəhərində keçirilən görüşə qatılmışdılar. Bəli, mübaliğəsiz demək olar ki, Rusiyanın və Ermənistanın münasibətlərindəki çatlar dərinləşməkdədi. Bu bizi narahat etməlidirmi?
Bizə elə gəlir ki, yox. İrəvanla və Moskva arasındakı münasibətlər nə qədər soyuqlaşarsa, bu, bir o qədər bizim maraqlarımzı cavab verər. O ki qaldı İrəvanın ABŞ və Avropayla yaxınlaşmasına, bir daha deyirik: bu, bizdən çox Rusiyanı narahat etməlidir...
Azərbaycan İrəvanla Moskva arasındakı çatlardan məharətlə istifadə etdi. Amma biz Kremlin Paşinyana qarşı təzyiq kampaniyasında iştirak etməməliyik. Bizim maraqlarımıza Paşinyanın hakimiyyətdə qalması daha çox cavab verir. Düşünmürük ki, Kremlin hazırda Paşinyanı əvəz edəcək namizədi var. Belə bir adam hələki yoxdur. Üstəgəl, Rusiya Ermənistanda təzədən revanşist müxalifətin hakimiyyətə gəlməsində də maraqlı deyil, çünki onlar Kremldən çox şey tələb edirlər. Moskva isə ən azı buna hazır deyil və güman ki, hazır olmayacaq da.
O ki qaldı bir daha Paşinyana, bizə Qranada görüşünün bütün detalları məlum deyil. Düzdür, bu görüşdə Fransa da iştirak edirdi, amma demək olmaz ki, görüş tamam anti-Azərbaycan xarakteri daşıyırdı, yox, İrəvan burada bir daha Azərbaycanın ərazi bütövlüyünü və xüsusən də Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı.
İndi oktyabrın sonlarında Avropada, daha doğrusu, Brüsseldə daha bir görüş olmalıdır. Əslində, Ermənistanla sülh sazişi imkan verir ki, Qərb dövlətləri təkrar-təkrar keçmiş Dağlıq Qarabağ probleminə qayıtsınlar, halbuki sonuncu bizim üçün bitib. Elə bu səbəbdən də biz bir suala cavab axtarmalıyıq: bizə sülh sazişi lazımdırmı? Ən azı biz Ermənistanla danışıqların predmetini cilalamalıyıq. Ona görə ki, gələcək saziş bizimçün bir-iki aspektdən maraqlı ola bilər. Birincisi, Ermənistan şifahi şəkildə yox, konkret sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını əks etdirməlidir. Halbuki Paşinyan sonuncu dəfə bunu Qranadada edib.
Digər bir məsələ Zəngəzur dəhlizi ola bilər. Amma burada da yenilik var. Bakı Tehranla Naxçıvana yolun İrandan keçməsini razılaşdırıb. O səbəbdən də bizim İrəvanla hələki razılaşdırmadığımız məsələ yeddi kənd məsələsidir ki, onları Ermənistan bizə qaytarmalıdır. Deməli, bizim Ermənistanla tam həll etmədiyimiz məsələ sərhədlər məsələdir. Amma Avropa İttifaqı və ABŞ bizi təkrar – təkrar geri qaytarmağa çalışır. Bu, bizim maraqlarımıza cavab verirmi?..
КомментарииОставить комментарий