Общественно-политическая интернет газета
Harut Sasunyan həftəlik “armenianweekly.com” saytında “Pashinyan’s press conference proved why he isn’t qualified to lead Armenia” (Paşinyanın mətbuat konfransı onun niyə Ermənistana rəhbərlik etməyə layiq olmadığını sübut etdi) adlı məqalə ilə çıxış edib.
Erməni mənbələri yazır ki, o, həm də “Artsax” fondunun rəhbəridir.
Onun rəhbərlik etdiyi fond indiyə kimi Ermənistana və Qarabağa 1 milyard dollarlıq yardım göstərib. Yəni bu adam sadəcə yazmır, həm də türklərə qarşı erməniləri müdafiə etmək üçün konkret işlər görür. Bəli, erməni diasporu son dərəcə güclüdür, müqayisədə Azərbaycan diasporu yox kimi bir şeydir. Nə yaxşı ki, Azərbaycan dövləti güclüdür, Ermənistan isə dövlət kimi zəifdir.
Elə Harut Sasunyan da bu məqaləsində Ermənistan dövlətinin Azərbaycan qarşısında son dərəcə zəif durumda olmasından söhbət açır...
Müəllif deyir ki, Paşinyanın media ilə görüşüb sualları cavablandırmaq istəməsi təqdirəlayiq olsa da, onun ziddiyyətli açıqlamalarını minimuma endirmək, səriştəsizliyini gizlətmək üçün mətbuat konfransları bir saatdan çox çəkməsə yaxşıdır. Əvvəlki mətbuat konfranslarında o, dörd-beş saat danışmışdı. Onun bu kimi davranışı Rusiya prezidentinin mətbuatla uzun-uzadı söhbətlərini xatırladır. Xoşbəxtlikdən bu dəfə Nikol Paşinyanın mətbuat konfransı cəmi iki saat 17 dəqiqə çəkdi. Paşinyan bu qədər suallara cavab verməklə onun cavablarını tənqid etmək üçün opponentlərini daha çox arqumentlə təmin etdi.
Harut Sasunyan qeyd edir ki, Ermənistanın BMT-nin noyabrda Bakıda keçiriləcək beynəlxalq konfransında iştirak edib-etməməsi ilə bağlı suala Paşinyanın cavabı qeyri-müəyyən oldu.
İyul ayında Ermənistanın konfransda (COP29) iştirak edib-etməyəcəyi ilə bağlı suala hökumətin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti cavab olaraq söz vermişdi ki, Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında Azərbaycanın dəvətinə cavab verəcək. Lakin avqustun 31-də məlum oldu ki, Paşinyan hələ heç bir qərar verməyib.
Ermənistan hökumətinin erməni hərbi əsirlərin və siyasi girovların azad edilməsi üçün hər hansı cəhd edib-etməməsi ilə bağlı suala cavab olaraq Paşinyan özündən başqa hamını günahlandıraraq cavab verdi. O unudub ki, 2020-ci il müharibəsindən dərhal sonra bəzi erməni əsirləri müqabilində bütün azərbaycanlı hərbi əsirləri ağılsız şəkildə azad edən məhz özü olub. O, yalnız bütün erməni məhbusların azad edilməsi müqabilində bütün azərbaycanlı məhbusları azad etməli idi. (Xatırladım ki, o vaxt Ermənistan cəmi 2 azərbaycanlı əsiri azad etmişdi. Azərbaycan isə 32 əsiri geri qaytarmışdı) Paşinyan daha bir böyük kobud səhvə yol verərək, Ermənistanın veto hüququndan imtina etdi. Nəticədə noyabrda Bakıya yüksək mötəbər beynəlxalq konfransa ev sahibliyi etməyə icazə verdi.
Əlbəttə, bütün bunlar daşnak yazarın ehtimallarıdır. Məncə, bu ehtimallar reallıqdan xeyli uzaqdır.
Müəllif daha sonra diqqəti sülh müqaviləsinə yönəldərək yazır ki, Paşinyan daha sonra açıqladı ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsindəki 17 maddədən 13-ü üzrə razılığa gəlib. Paşinyan təklif edib ki, iki ölkə razılaşdırılmış 13 bənd əsasında sənədi imzalasın, qalan dörd bəndi gələcəyə buraxsın. Görünür, Paşinyan başa düşmür ki, Əliyevin Ermənistanla sülh əldə etməkdə marağı sıfıra bərabərdir.
Əvvəla, Paşinyanın daim sülh istəməsi sadə səbəbdən sülhə gətirib çıxarmayacaq.
İkincisi, Paşinyan ümidsiz halda sülh üçün yalvarmaqla İlham Əliyevi Ermənistandan getdikcə daha çox güzəşt tələb etməyə sövq edir.
Paşinyan öyünür ki, Ermənistan və Azərbaycanın sərhədlərin demarkasiyası ilə bağlı imzaladığı saziş hələ ratifikasiya olunmasa da, iki ölkə arasında imzalanmış ilk hüquqi sənəddir. O unudur ki, hələ 1994-cü ildə Ermənistan, Azərbaycan və “artsax” (Qarabağ) hökumətləri atəşkəs sazişi imzalayıblar. 2020-ci il müharibəsinin sonunda o, özü də Putin və Əliyevlə oxşar müqavilə imzalayıb.
Paşinyanın mətbuat konfransının ən çirkin tərəfi onun 2023-cü ilin sentyabrından Bakı həbsxanasında girov kimi saxlanılan “artsax”ın keçmiş dövlət naziri Ruben Vardanyan haqqında lazımsız şübhələr yaratması oldu.
Paşinyan Vardanyanı aşağıladı: “Nə olub? Ruben Vardanyan necə oldu ki, Rusiya vətəndaşlığından imtina etdi? Kim ona bu addımı atmağı məsləhət görüb və ya tövsiyə edib? Onu bu mənada Ermənistan Respublikasına kim göndərib? Onu Dağlıq Qarabağa kim göndərib? Hansı məqsədlə, nə zəmanət, nə təminat, nə vəd veriblər? Və axırda dedi: “Bilirsiniz ki, biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır?”...
КомментарииОставить комментарий