Общественно-политическая интернет газета
Azərbaycan dövləti artıq 4 ildir ki, 30 illik işğala son verib. Qüdrətli ordumuz Qarabağda 30 ildən artıq “at oynadan” xunta rejiminin tabutunu cəhənnəm oduna atdı, təhülkəsizlik xidmətinin qəhrəman övladları erməni separaçıların qaniçən liderlərini qandallayıb Bakıya gətirdi, az sonra ədalət məhkəməsi qarşısında “bülbül kimi” ötəcəklər...
Bu gün, 3 oktyabr Suqovuşanın azadlığı günüdür. Eyni gündə Prezident Cəbrayılda, Zəngilanda yenidən qurulan Şərqi Zəngəzurda açılış, təməlqoyma mərasimlərindəydi. Qarabağ yenidən tikilir, vandalizmin izləri təmizlənir, gecəli-gündüzlü, gərgin çalışmalar davam edir.
Paralel şəkildə Azərbaycan dövləti onun haqq yolunu on illərlə kəsməyə çalışan, qələbəmizi həzm edə bilməyən məkrli qüvvələrlə, fitnəkar dövlətlərlə, ermənipərəst dövlət başçıları və təşkilatlarla mübarizədədir. Ermənistanı silahlandıran, onu maliyyələşdirən qüvvələr növbəti dəfə gərginlik alovunu çatmaq üçün çalışırlar. Azərbaycan xəbərdarlıq edib, sözünü deyib və istənilən təcavüzkar addıma tutarlı cavab vermək əzmindədir!
Azərbaycan postmüharibə dövründə də haqq müharibəsini aparır, özü də bütün sahələrdə. Dövlətimiz torpaqlarını azad edib, qalan 4 anklav kənd də çox keçməz ki, Azərbaycanın bayrağının kölgəzində azad həyatına başlayar.
İşğaldakı ərazilərimiz azad edildikdən sonra dövlətimiz həm də 30 ildən artıq müddətdə əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın azad olunması istiqamətində çalışır. Təsəvvür edin, 30 ildən artıqdır ailələrin gözləri yoldadır. Bu müddətdə neçə-neçə toplu məzarlıqlar aşkarlanıb, Fəruxda, Xocalıda, Füzulidə, Əsgəranda...Bu günlərdə də Ağdərənin Sırxavənd kəndində 4 kütləvi və 2 fərdi məzarlıq aşkarlanıb. Bir ay ərzində 15 nəfərə aid insan qalıqları aşkarlanıb. Dəhşətdir!
Diplomatik korpusun təmsilçiləri də həmin məzarlıqlara baş çəkib, Ermənistanın törətdiyi cinayətləri gözləri ilə görüblər. Görək bundan sonra həmin diplomatların paytaxtlarından reaksiyalar gələcəkmi? Çətin. Ermənistanın mina terroru ilə bağlı hər hansı reaksiya görmədik. Bu günədək mina xəritələrinin Azərbaycana verilməsi istiqamətində hansısa çağırış edilməyib, təzyiq göstərilməyib.
Bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycan Respublikası itkin düşənlərin azad edilməsi – tapılması ilə bağlı səylərini davam etdirir. Eynilə Qarabağı, Şərqi Zəngəzuru azad etdiyi kimi. 30 il ərzində torpaqlarımızın azad olunması üçün cəhdlər göstərməyənlər bu gün də Azərbaycanın haqq işinə dəstək vermirlər.
Bu günlərdə Bakıda çox mühüm bir tədbir keçirildi: “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarına Ermənistanın növbəti cinayətləri ilə bağlı faktlar təqdim edildi.
İtkin düşmüş şəxslərin faciəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biri olaraq qiymətləndirən Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində deyib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb.
Sitat: “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq konfransda bildirib ki, 1 oktyabr 2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
“Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir”-nazir deyib. DTX rəisi mühüm bir məqama diqqət çəkərək qeyd edib ki, 30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. "Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir”, - deyə Əli Nağıyev bildirib.
Göründüyü kimi, Azərbaycan bu məsələdə də təkbaşına çalışır, BMT TŞ-nin 4 qətnamələrini icra edən kimi itkinlərini axtarır. Ekshumasiya işlərinin aparılması nəticəsində aşkarlanmış qalıqların şəxsiyyəti müəyyən edilir. Şəhidlərin dəfn edilməsi on illərdən sonra gözüyaşlı ailələr üçün böyük təskinlikdir. Elə bu yazını yazarkən xəbər gəldi ki, Lerik rayonunun Şivlə kəndindən olan, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3 hərbçidən birinin qalıqları tapılıb və yas məclisi keçirilir. Bir qərinə idi ki, biçarə ata-ananın gözləri övladı üçün yol çəkirdi...
Ermənistan rəhbərliyi sülh nazğıllarını uydurmaqda ikən heç olmasa kütləvi şəkildə qətlə yetirən azərbaycanlılarla bağlı faktların təqdim olunması üçün səylər göstərmir. Ermənilərin sülhə nə qədər “maraqlı” olduğu elə burdan görünür. Günahsız insanları işgəncələrlə öldürmüsünüz, kütləvi şəkildə basdırıbsınız, heç olmasa yerlərini deyin, a qansızlar! Yox, deməzlər...
Prezidenti İlham Əliyev əminliklə deyib ki, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Və dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.
Bəli, Ermənistanın xisləti budur! Natiq Qasımovun Xocalıda necə əsir götürülməsi faktı dünyaca məşhurdur, əcnəbi qəzetçilər çəkib, yazıb.
Düşmənlə təkbaşına 5 gün döyüşən, gülləsi qurtarandan sonra, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Natiq Qasımovla bağlı hadisə tam fərqlidir. Natiqin əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Azərbaycan bayrağını əlindən düşmənə verməyən qəhrəman döyüşçümüzün əsir götürülməsi Xocalı canisi Vitali Balasanyanın iştirakı ilə baş verib. Natiqə işgəncələr verən Balasanyan ki ölməyib. Elə isə Nikol Paşinyan niyə onun sorğu-sual edilməsi, Natiqin harada basdırılması barədə məlumatları açıqlamasını istəmir? Sülh imzalamağa hazır olan şəxs birinci Natiq Qasımovun yerini deməkdən başlasın, az-çox səmimi olduğuna bəlkə onda inandıq! Prezident Əliyevin Natiq Qasımovla bağlı bəyanatından sonra Paşinyan hansısa addımlar atmayacaqsa, onda nağıllarını özünə saxlasın! Birgə komissiyaların yaradılmasına çox həvəslidir. Bəlkə Natiq Qasımov və digər 4 mindən artıq əsir, itkin, girovlarımızla bağlı da birgə komissiya yaradılsın?..
КомментарииОставить комментарий