Свобода людям, независимость нациям!

Paşinyan Makronu görəndə niyə kövrəlir?..


Bəli, bu il də tədricən öz sonuna doğru yaxınlaşmaqdadır. Dekabrın sonuncu on günündə Milad bayramı olacaq. Milad günlərində isə siyasətçilər və diplomatlar da dincəlir. Ona görə də ciddi siyasi-diplomatik tədbirlər təxirə salınır. Bu mənada Azərbaycan-Ermənistan münasibətləri də istisna deyildir.

Amma hazırda Ermənistanın “yeni dost”ları lap əməlli-başlı vurnuxmadadır, Vaşinqton hətta Azərbaycana qarşı 907-ci düzəlişi bərpa etməyə cəhd göstərir – bunu biz Konqresin komitəsindəki müzakirələrdən sonra bildik. Həqiqətən də qəribə dünyadır bu dünya – bəli, soruşursan ki, Ukraynaya niyə dəstək verirsiniz? Cavabında qayıdırlar ki, bəs Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edirik!..

Bir daha soruşursan ki, bəs onda Azərbaycanı niyə dəstəkləmirsiniz? Axı o da otuz ildən sonra nəhayət ki, ərazi bütövlüyünü və suverenliyini bərpa edibdi! Başlayırlar çərənləməyə. Hər şey deyirlər, amma bu “hər şey”in içində nə məntiq olur, nə də həqiqət! Və yaxud da sual edirsən ki, bəs İsraili niyə belə müdafiə edirsiniz? Deyirlər ki, Təl-Əviv terrorçulara qarşı vuruşur! Yenə də soruşursan ki, bəs Bakı nə edirdi? Məgər o, terrorçulara qarşı vuruşmurdumu? Yenə də cavabında başlayırlar boş-boş çərənləməyə, yenə də nə məntiq tapırsan bunların sözündə, nə də ki,  bir həqiqət...

Ermənistanla ciddi bir siyasi anlaşma olsaydı, bəlkə də bütün bunları nəzərə almamaq da olardı. Amma İrəvanın da siyasi əhli məntiqsizlikdə və yalanda özünün yeni dostlarından heç də geri qalmır. Nikol Paşinyan təkbaşına qalanda başlayır sülhdən danışmağa. Amma elə ki, Makronu və yaxud da ki, bir qeyri Qərb siyasətçisini görür, əməlli-başlı kövrəlir, bunun az qala, lap yarasının qaysağı qopur – deyinir Azərbaycanın və Türkiyənin ünvanına!..

Bəli, cəmi bir-iki həftə bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, yaxın bir-iki ayda sülh sazişi imzalana bilər. Amma davamında nə oldu? Getdi Parisə “sülh konfransı”na və E. Makronu görən kimi kövrəldi: daha Azərbaycanı nələrdə ittiham etmədi? Hətta dedi ki, guya Bakı Ermənistana Qərbi Azərbaycan deyir və onu işğal etməyə də hazırlaşır...

ABŞ-ın da sərsəmlikləri haqqında lap əvvəldə bir cümlə yazdıq. Bunların diplomatik cəhdlərinin finalı Konqresin komitəsində dinləmə olur. Əlbəttə, bunun ardınca Konqres və prezident tərəfindən bu və ya digər aktın təsdiqi, o cümlədən də bizim əvvəldə qeyd etdiyimiz 907-ci düzəlişin bərpası gələ bilər. Bütün hallarda, bundan o tərəfi yoxdur və xüsusən də qeyd etmək lazım gəlir ki, bu da bizim üçün bir yenilik deyil – Azərbaycan, az qala, müstəqil olan kimi Vaşinqton ona qarşı 907-ci düzəlişi qəbul etmişdi. Yalnız kiçik Buş öz təşəbbüsü ilə onun qüvvəsini dayandırdı, amma indi belə görünür ki, ayaq üstə normal dura bilməyən, hətta öz vəzifəsini belə arabir unudan, vitse-prezidenti çaşıb prezident kimi təqdim edən Bayden indi bu düzəlişi yenidən bərpa etmək istəyir!..

Olsun. Bundan da keçərik. Əsas odur ki, ABŞ-ın və Fransanın bu vurnuxmaları heç bir nəticə verməyəcək, çünki burada başqa mətləblər də var. Bu iki ölkənin Ermənistanda möhkəmlənməyə çalışması Moskvada da qıcıq yaradır. Kremlin Vaşinqtonun və Parisin planlarını pozmaq üçün imkanları bizimkindən daha çoxdur. Bəli, Paşinyan təkcə Bakıdan yaralı deyil, o, Rusiyaya qarşı da deyinməkdə davam edir. Elə bu günlərdə KTMT-nin daha bir tədbirini boykot etdi: o və dostları sanki Moskvanın yollarını unutmağa çalışırlar.

Çox təəssüf ki, Ermənistana özünün köhnə silah-sursatını göndərmək üçün ABŞ və Fransa Gürcüstan limanlarından istifadə edir. Bəli, Tiflis özünü neytral dövlət kimi təqdim edir, hətta Bakı və İrəvan arasında vasitəçilik etməyə cəhd edirdi. Amma burada iki detal var. Birincisi, Gürcüstanı buna Qərb vadar edir. İkincisi də, Bakı və Ankara ilə İrəvan arasındakı soyuq münasibətlərdən Tiflis bu vaxta qədər udub, ona görə də əslinə qalsa, o, bu münasibətlərin mülayimləşməsini heç də ürəkdən istəmir...

Нет комментариев

Новости автора