Общественно-политическая интернет газета
Noyabrın 20-də baş prokurorluğun korrupsiya ilə mübarizə idarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirmiş, “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”ndə baş məsləhətçi işləyən Mirqasım Mirişlini şübhəli şəxs qismində saxlamışdır. O, rüşvət almaqda suçlanır.
Abşeron rayonunda elə təkcə Fatmayı və Görədil ərazilərində yağlı-buğlu, hər qarışından dollar daman torpaqlar vardır. Bölgədəki bəzi villaların üzərindən quş uçmur. Bu baxımdan, yaxın dönəmdə hörmətli prokuror əməkdaşlarını maraqlı araşdırmalar gözlədiyini proqnoz edə bilərəm. Qolunuza qüvvət.
Burada ilk növbədə Mirqasım müəllimin seyid olması diqqət çəkir. Mümkündür onun cəddi prokurorluğa qənim olsun. Təklif edirəm belə hallarda baş prokurorluğu hifz etmək üçün Qafqaz Müsəlmanları İdarəsindən qoruyucular - dua, cadu, piti, qol əskisi, üzərrik, nal, dağdağan çubuğu, dana kəlləsi və sairə vasitələr əldə olunsun. İkincisi, bizim icra hakimiyyətlərindəki bu “məsləhətçi” ştatı nəyi ifadə edir, onlar başçıyamı məsləhətlər verirlər, yoxsa əhaliyəmi - heç kəsə məlum deyildir.
Özü də xeyli adamdırlar. Məsələn, elə söz açdığımız yarımada icra hakimiyyətində 40 işçinin yarısı - 19 nəfər məsləhətçidir. İçlərində aparıcı məsləhətçi, baş məsləhətçi, sadəcə, məsləhətçi kimi fərqlər də qoyulub. Di gəl baş çıxar. Neçə məsləhət verəndən sonra adam aparıcı məsləhətçi olmaq hüququna malikdir? Bu idarələrdə məsləhətlər bizim populyar el anekdotlarındakı kimi verilirmi? (Məsələn, tayanın başından adamı düşürtmək üçün ağsaqqalın çağırıldığı əhvalatı xatırlayın. Həmin əhvalatda adam ot tayası yığır. Yığa-yığa taya qalxır, qalır otun yuxarısında. Ağsaqqal məsləhət görür ki, adama ip atsınlar. Deyir ipi bağla belinə. Sonra yerdəkilərə tapşırır ipi çəksinlər. Adamı çəkirlər, düşür ölür. Camaat mat qalır, ağsaqqal isə deyir ki, heç bilmirəm niyə belə oldu, bu üsulla quyudan o qədər adam çıxarmışam...)
Mən, əlbəttə, başa düşürəm, bürokratik aparatı şişirtmək üçün dövlətə vəzifə adları lazımdır və bu məsləhətçilər də dövlət qulluqçuları haqda hansısa qanundan doğub-törəyirlər. Ancaq bunları, sadəcə, “işçi” adlandırmaq olmazmı? İcra hakimiyyətinin işçisi. Vəssalam. Lap kefiniz istəsə “aparıcı işçi”, “baş işçi” (işçibaşı variantı da olar) adları qoyun. Məsləhətçi - məzmunsuz, gülünc addır.
Elə icra hakimiyyətlərindəki sürücülərin “baş mütəxəssis” adıyla ştata alındığını bilirdinizmi? Məsələn, Abşeron İH-də 5 belə baş mütəxəssis çalışır. Bunlardan dördü sürücü, biri binanın komendantıdır.
Adamın vəzifəsi icra başçısını daşımaqdır, buna nə baş mütəxəssis? Sanarsan NASA-da raket uçurdur. Sürücülər və sairə texniki işçi adıyla qeydə alınmalıdır.
Yeri gəlmişkən, Mirqasım müəllimin çalışdığı şöbəyə ad qoyan kimdirsə, prokurorluq onu da ana dili haqda qanunu pozmaqda suçlamalıdır. Sən mənim canım, “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi” nə deməkdir? Bunu uzağı “yerli icra və bələdiyyələrlə iş şöbəsi” adlandırsanız, dilinizə çiban çıxar? Bir şöbə adında iki idarəetmə sözü qoyublar. Bizdə bələdiyyədən başqa hansı yerli özünüidarəetmə var axı, hələ yekə-yekə “orqanlar” adlansın? (Əslində bələdiyyə də icranın qoludur, lakin indi bunu müzakirə etmirik).
90-cı illərdə bir qəzetdə işləyirdim, baş redaktor mənə “xüsusi müxbir” vəsiqəsi vermişdi. Bir gün ondan soruşdum ki, bunun müxbirdən fərqi nədir. Dedi: “Müxbir həmişə işə gəlir, xüsusi müxbir kefi istəyəndə”. Maraqlı vaxtlar idi, getsin gəlməsin...
КомментарииОставить комментарий