Общественно-политическая интернет газета
Yaxud yoluxmayan hepatitin kəşfi
Özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək insanları işə düzəltmək adıyla aldadan Anar Həsənovu polis saxlamışdır. DİN-in məlumatında belə deyilir. Üst-üstə 50 nəfəri aldatmağı bacarmışdır. Sitat: “Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib”. Sitatın sonu.
Məncə, belə istedadlı kadrı hökumət işlərinə cəlb etmək lazımdır. Şəxsən mənə şərait yarat, büdcədən yardım elə, lap informasiya dəstəyi ver: bir nəfəri güc-bəla aldadaram, ya yox. Ya dilim pəltək vuracaq, ya çuğundur kimi qızaracam, dərhal ifşa olunacam. Aldatmaq doğru danışmaqdan çətindir. Bunun üçün fantaziya, yaradıcılıq, anadangəlmə talant, ənənə olmalıdır. Məsələn, saxlanılan yoldaşın adaşı Anar müəllim öz əsərlərini fantaziya gücü ilə yazır. Başqası düşüncəsini işlədib maşın kəşf edir. Üçüncüsü qızları aldadıb Don Juan adı qazanır. Və sairə. Aldanmaq istəyənlər olmasa, aldatmağı bacaranlar da bekar qalar.
Elə bu işin xarakterinə diqqət edək. Nə üçün adamlar dövlət idarələrinə rüşvət verib işə düzələcəklərinə inanırlar? Özü də bir deyil, beş deyil, 50 adam “zərər” çəkib. (Zərəri ona görə dırnaqda yazdım ki, prinsipcə, hələ bilmək olmaz ziyana düşən kimdir. Bəlkə o adamlar pul verib həqiqətən dövlət işinə girsələr daha böyük ziyana düşəcəkdilər? Məsələn, Alimpaşa müəllim Şəmkirin icra başçısıydı, lakin indi qazamat pəncərəsindən quşlara nəğmə oxuyur).
Xəbərdə ifadə edilən kimi, adam “özünə inam yaratmağı” necə bacarıb? Bax, mövzu budur. Deməli, idarəçilikdə hansısa problemlər vardır və bu problemləri bu yolla üzə çıxardığı üçün Anar müəllimin böyrəyinə təpik vurub türmədə saxlamaq yox, əksinə, yağ içində böyrək kimi saxlamaq lazımdır. Sivil dünyada xüsusilə kompüter biliciləri, proqramçılar arasında geniş yayılan üsul var, buna bəzən “ağ hakerçilik” deyilir: sən hansısa şirkətin, bankın, şəxsin saytında boşluqlar tapırsan, orda əngəl törətmək yerləri aşkar edirsən, sonra bunu həmin şirkət və adamlara bildirib mükafat alırsan. O qədər olub ki, belə hakerləri xüsusi xidmətlərə, dövlət qurumlarına, böyük şirkətlərə işə götürüblər. Biz isə tuturuq. Halbuki özünə inam yaradaraq dövlətçilikdə 50 yarıq tapmışdı.
İnam yaratmaq ciddi söhbətdir. 50 nəfərdə inam yaratmaq de-fakto bir dini icma qurmaqdır (bizim etiqad azadlığı qanununa görə 50 nəfərin yığışıb dini icma təsis etmək hüququ vardır).
Bugünlərdə bir məktəbin qabağındakı dönərxananı bağladılar. Nədi-nədi, satdığı dönərdən 20 uşaq zəhərlənibdir. Bu da növbəti lazımsız, tələsik verilmiş qərardır. Həmin dönərxana şagirdləri gələcək həyata hazırlayır, peyvənd edirdi. Onsuz böyüyəndə hamımız zəhər-zəhrimar yeyib yaşayırıq. Buna uşaq vaxtından hazırlaşmaq lazım deyilmi? Məktəbli dönəri yeməyən uşaq sabah tələbə dönərini nə cür yeyəcəkdir? Evlənəndə ailəsini 400 manat maaşla necə saxlayacaqdır?
Allaha şükür, bu dəqiqə əksər məktəblərimizin darvazası belə dönərçilərə açılır. Orada gələcək nəsillərimiz Həmədan eşşəyi, ölü Hindistan camışı, Qarabağ atı, Sibir mamontu, Avstraliya dəvəquşusu, Antarktida pinqvini ətindən dönərlər yeyərək həm biologiyanı, həm coğrafiyanı öyrənir, həm də xəstəliklərə davamlı, əsl xüsusi təyinatlı kimi böyüyürlər.
Yeri gəlmişkən, dünən “Kəpəz”in afrikalı futbolçusunda Hepatit B virusu olduğu açıqlandı. Hətta prokurorluq AFFA-ya müraciət göndərmişdi ki, niyə belə edirsiniz, camaatı yoluxdurursunuz. Bəs cavab nə oldu? Deyir, “əmicanı, qorxusu yoxdur”, bu futbolçudakı hepatit başqalarına yoluxmur.
Gör nə qədər nadir virusdur! Bütün dünyada elmə məlum olan ilk yoluxmaz Hepatit B virusu bizdə aşkara çıxdı. Təbrik edirəm, gələn il tibb üzrə Nobelə təqdim edin.
КомментарииОставить комментарий