Свобода людям, независимость нациям!

Ölü partiyanı xatırlamağın cəzası

Dövlət qeydiyyatı ləğv edilən partiyalarımız var, bildiyiniz kimi, siyasi partiyaların ixtisarını hökumət “demokratik islahatlar” adlandırır. Yəqin koronadan ölənlərimiz də “səhiyyə islahatları” idi. Yaxud kəndlərin qazlaşdırılması proqramı bitib, hazırda kəndlilərin qazlaşdırılmasına başlamışıq. Fərdi şəkildə. Üzbəüz.

Çox yaxşı idarəçilik prinsipləridir, alqışlayıram. Özü də bütün bu kimi mövzularda “Fransa da belədir” arqumenti keçərlidir. İnsafən mən özüm haradasa 10-15 il qabaq Fransada olmuşam, hökumətimiz düz deyir, Parisdə vəziyyət eynən Söyüdlüdəkinə oxşayır. Hətəmxan ağanın sözü olmasın, bircə fərq var ki, bizdə çox arvad almaq dəbdədir, onlarda çox kişi almaq.

Amma və lakin siyasi partiyaların meyiti üzərində eksperimentlər aparmaq da nədənsə vacib olubdur. Bugünlərdə parlamentoya yeni qanun layihəsi təkif edilir, orada yazılmışdır ki, qeydiyyatı ləğv olunmuş partiyaların toplantılarını keçirənlər 8 min manat cərimə edilsin. İnzibati Xətalar Məcəlləsinə maddə salınmalıymış.

8 min az pul deyil. Tarixən də belə olmuşdur, məsələn, “Bəyin oğurlanması” kinosunda deyirdi ki, “8 min pul vermişəm, oynamaqlarına bax”. Bəs hökumət niyə siyasətlə məşğulat edənlərimizə qarşı belə sərtdir? “Partiya ölüb, basdırın, daha leşiylə oynaqlamayın” məntiqi iləmi? Ancaq çox sərt qərardır. İzah edim.

Lap hesab edək Azərbaycan Uğrunda Demokratik Liberal Xalq İslahatları Cəbhə Partiyası (AUDLXİCP) zamanın təzyiqlərinə dözməyərək bağlandı, hətta partiyanın “ili” çıxdı. Bir günsə partiyanın əski üzvləri çayxanada yığışıb ötən günləri yada saldılar, nərd oynadılar, xoruzpipiyi çay içdilər. Bu vaxt oradan keçən müxbir Fatmagül bacı hadisəni qəzetində əks etdirdi: “Qarpız ayının 23-də AUDLXİCP üzvləri Qulunun çayxanasında toplaşmışlar”. Bəyəm buna görə onları 8 min cərimə etmək lazımdır? Nə olub? Dünya dağılıb?

Başqa örnək göstərirəm. Hansısa şəxs ölür, onun yasına yığışanlar xatirələrini danışır, molla fatihə verir, dağılışırlar. Bunun üçün hökumətin icazəsi lazım deyil. Bəs niyə siyasi partiyanın hətta ölüsünü xatırlamaq xəta sayılır?

Səbəb sadədir: hökumət bizdə əhalinin hər hansı şəkildə siyasətlə məşğul olmasını istəmir. Ona görə də siyasi fəaliyyətin istənilən növləri qadağan olunur. Siyasət sanki cinayətin bir növü, əxlaqsızlığın zirvəsi sayılır, çirkin iş adlandırılır, qəsdən gözdən salınır. Bir vaxt Milli Məclisin hansısa spikerinin dediyi sözlər vardı: “Burada siyasətlə məşğul olmağınıza icazə vermirəm”.

Ancaq belə situasiyaların iki başı var və sən camaatı siyasətlə məşğul olmağa qoymasan, siyasət özü camaatla məşğul olacaqdır. Dərinə getmək istəmirəm, ariflər nəyə işarə etdiyimi anlamışdır, şübhəsiz. Cəzaları sərtləşdirmək, ümumiyyətlə, cinayətləri azaltmır, biləsiniz. Əgər belə olsaydı, narkotik satmağa görə ölüm cəzasının qüvvədə olduğu İrandan bizə hər gün tonlarla narkotik daşınmazdı.

Siyasi partiyaları, o cümlədən onların xatirələrini yox eləmək siyasəti mexaniki, avtomatik şəkildə yoxa çıxartmır. Sadəcə, siyasət şəklini dəyişir, ağılagəlməz və daha təhlükəli, pis formalarda üzə çıxır.

Bir versiya da var ki, siyasi partiyaların çarpaz xətlənməsi hakimiyyətin yaxın gələcəkdə parlament üçün proporsional seçkilərə qayıtmaq arzusunun göstəricisidir. Guya indiki halda tək-tək dairələr üzrə camaatla mübarizə aparmaq sərf etmir, baha başa gəlir, hakim partiyanın siyahısı ilə, topdan parlament qurmaq daha ucuz olar. Ancaq o zaman gözdən pərdə asma funksiyası oynayan “bitərəflər fraksiyası”nın taleyi necə olacaq? 125 nəfəri də YAP-dan qoysan, pis görünər, məcbursan bitərəflər üçün hansısa partiyalar uydurasan.

Sonda qeyd edim, mən özüm də siyasətlə məşğul olmuram, ümidvaram İXM-ə ləğv edilən siyasi partiyaları yazılarında xatırlayan jurnalistlərin 80 manat cərimələnməsi qaydası salınmaz.

 

Нет комментариев

Новости автора