Свобода людям, независимость нациям!

Oksfordlu dələduzlar

İki keçmiş dostun bir-birinə qarşı dələduzluğu məhkəməyə çıxmışdı. Dostlar nəsə birgə zavod açıb işlədirmiş - detalların çoxu yadımda qalmayıb. Yadımda qalan isə məzəli detal idi: bir gün dostlardan hansısa qaçaraq zavoda gəlir, o birisinə deyir ki, bəs yuxarılara çatdırmaq üçün təcili 350 min manat lazımdır. Bu da neyləsin, zavodun altını-üstünü silkələyir, az qala fəhlələrdən də pul yığırlar, məbləği düzəldirlər, verirlər adama. Lakin dostun ürəyinə xal düşür, nəsə şübhələnir və pulu aparanda adamı gizlicə izləyir. Görür adam evinə getdi.

Yəni “yuxarılar pul istəyir” söhbəti tamamilə də olmasa, uydurma imiş. “Dost” (artıq bunu dırnaqda yaza bilərik) tərtəmiz dələduzluq edibmiş.

Bəs mən niyə bayaq “tamamilə də olmasa” yazdım? Mənası var. Dost dostu izləyərkən görür ki, adam evinə getdi və mənzili binanın yuxarı, ən sonuncu qatında imiş. Məhkəmədən sitat: “O zaman mən başa düşdüm ki, "yuxarıya çatacaq" deyəndə, bu, elə öz evini nəzərdə tuturmuş". Sitatın sonu.

Əlbəttə. Adama deyərlər yaxşı dostsansa, niyə izləyirsən? Bu da elə onun tayı imiş. 350 minə görə adam xəfiyyə kimi dostunun dalıyca düşər? Guya Şerlok Holms, Çingiz Abdullayev olub bizim üçün... Dost dosta tən gərək, tən olmasa gen gərək - atalarımız demişdir. (Burada “gen gərək” ifadəsi müasir genetika elmini, dostun qanını yoxlamağı, o cümlədən etibarsız dosta xərclədiyin pulla yeyib-içib genəlməyi nəzərdə tutmur. Gen gərək, yəni sənə uyğun olmayan dostdan aralı durmaq lazımdır). Bunların ikisi də bir-birinin tayı imiş.

Xalqımız sözə, içilən anda böyük dəyər verir. Ona görə əksər dələduzlarımız cibində eyni zamanda jurnalist, yazıçı birliklərinin vəsiqələrini gəzdirir. Heç hansısa fırıldaqçının rayon icra hakimiyyətinə gedib “Mən Bəstəkarlar İttifaqının üzvüyəm, mənə 20 manat verib yola salmasanız sizin haqqınızda tənqidi simfoniya bəstələyəcəyəm”, yaxud, “Rəssamlar İttifaqından gəlmişəm, karikaturanızı çəkərəm” deməsinə şahid olmusunuzmu? Yəqin ki, yox.

Yadıma düşdü, bir neçə dəfə yazmışam, yenə yazaq. Bir orqan işçimiz də olub, hər dəfə əməkdaşları obyektləri soyub-talamağa göndərərkən and içirmiş: “Vallah, özüm üçün yığmıram, hamısı dövlət üçündür”. Bir gün rəis oğlunu evləndirir, işçilər baxırlar dəvətnaməyə, gözləri kəllələrinə çıxır. Orada yazılıbmış ki, filan tarixdə sizi oğlum Dövlətin toyuna dəvət edirəm.

Bugünlərdə Ramiz Mehdiyevin qızının da şərik olduğu Bakı Oksford Məktəbi ilə bağlı nəsə məhkəmə işi xəbəri vardı. Qız məktəb üzrə payını almaq istəyir, ya da nəsə buna bənzər pul bölgüsü söhbəti idi. Ancaq hər şey cəhənnəmə, görəsən, bunlar Bakının hansısa dərəsində yerləşən məktəbə niyə Oksfordun adını yamayıblar? Kasıb itinin adını Gümüş qoyan kimi, bizdə də hərə bir əyri əməlinə xarici ad yapışdırır.

Axı bu, açıq dələduzluqdur. Düzgün adam öz adıyla iş görər. Bu cür əməllər Çində məşhur markaların saxtasını “Adibas”, “Panasoanik” kimi adlarla qayırmağa oxşayır. 

Sonda qazi, jurnalist Məğrub Bədəlsoydan bir Molla Nəsrəddin lətifəsi: “Evlənəndən sonra Molla evə bir qazan alır. Arvad sən demə, çəpgöz imiş, bir şeyi iki görürmüş, deyir, ay Molla, biri bəs idi, niyə iki qazan almısan. O biri gün çörək alır, arvad çörəyi də iki görür. Molla ürəyində sevinir ki, nə yaxşı bu arvadı almışam, evə nə gətirsəm birini iki görəcək. Bir gün Molla əliboş dönür, arvad deyir ki, yanındakı kimdir. Molla barmağını silkələyir: "Bax, arvad, çaşma. Nəyi iki görürsən, gör, bircə məni bir dənə gör".

 

 

Нет комментариев

Новости автора