Общественно-политическая интернет газета
Siyasi təhlilçilərin yeni ildə Ukrayna müharibəsində nələrin və necə dəyişəcəyini intensiv şəkildə müzakirə etdiyi bir vaxtda ruslar Ukraynaya qarşı raket hücumlarını bir az da gücləndirdilər – dinc şəhərlər güclü raket və pilotsuz aparat hücumuna məruz qaldı, minlərlə mülki insan həlak oldu. Əslində, Qara dənizdə Rusiyaya məxsus gəmi batırılandan sonra müharibənin gedişində bu ssenari gözlənilən idi, amma döyüşlərin kəskin xarakter almasının başqa səbəbləri də var.
Onlardan biri də budur ki, qarşıdan prezident seçkiləri gəlir. Əlbəttə, Rusiyadakı seçkilər ABŞ-dakı kimi olmayacaq, onlar böyük ehtimalla, hətta demək olar ki, yüz faiz mövcud siyasi konfiqurasiyanı dəyişməyəcək, Vladimir Putin daha bir müddətə prezident kimi qalacaq. Amma seçki seçkidir və burada hətta əsas rəqiblər təmsil olunmasa da, formal şəkildə olsa da, müxalif fikirlər və şüarlar səslənməlidir, baxmayaraq ki, bir daha deyirik: əsas müxalifətçi Aleksey Navalnı həbsdədir, konservativ düşərgənin – kommunistlərin və millətçilərin isə Putinin siyasətinə elə bir etirazı yoxdur. Amma onlar ən az öz siyasi imiclərini və sifətlərini qorumaq üçün Putinin siyasəti haqda nəsə deməlidirlər.
Bəs deyiləsi söz varmı? Əlbəttə ki, var. Birincisi, müharibənin iki ili tamam olur. Rusiya Ukrayna ərazisinin 17-20 faizinə nəzarət etsə də, onu tam şəkildə nəzarətə götürə bilməyib, ən əsası da qələbə ilə başa vurmayıb. Müharibənin uzanması Putinə heç də müsbət dividendlər gətirmir, çünki uzunmüddətli müharibə canlı itki və iqtisadi böhran deməkdir.
İkincisi, bəzi təhlilçilərin Rusiya əhalisinin guya müharibəni hiss etməməsi haqda dedikləri heç də həqiqəti əks etdirmir, müharibə hətta Rusiyanın dərinliklərində özünü daha çox hiss etdirməkdədir. İlk olaraq bu özünü demoqrafik problemlərdə göstərir. Bu günlərdə Putin xüsusi sərəncam verdi və bu sərəncama görə, orduda döyüşən və yaxud da döyüşmək istəyən əcnəbilərə, onların ailələrinə vətəndaşlıq veriləcək. Bu isə o deməkdir ki, Rusiyanın canlı qüvvə sarıdan ciddi problemləri var – insanların çoxu müharibədə iştirak etmək istəmir, ölkədən xaricə böyük axın var.
Üçüncüsü, hökumət müxtəlif yollarla sanksiyaları aşmaq və onların təsirini azaltmaq üsullarını axtarsa da, müharibə iqtisadiyyat üçün də tamam təsirsiz ötüşməyib – müəyyən təsirlər var, hərçənd, etiraf etmək lazımdır ki, hökumət heç də az iş görməyib, müharibənin təsirləri tam şəkildə minimuma endirilməsə də, bu təsirlər yetərincə az bir həddə gətirilib.
Əlbəttə ki, hamını bu il üçün hərbi-siyasi proqnozlar düşündürür, onlar isə birmənalı və ən başlıcası, dəqiq deyillər – suallar cavablardan çoxdur. Məsələ ən azı əlli faiz ABŞ-dakı seçkilərdən asılı olacaq. Amma bu seçkilər ilin sonunda bitəcək. Deməli, müharibə partiyasının – Bayden komandasının azı bir ili var. Hazırda bu komanda Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə çalışır. Amma hərbdən uzaq adama da aydındır ki, ABŞ-ın və NATO-nun daha ciddi müdaxiləsi, iştirakı olmasa, Ukrayna müharibənin gedişində ciddi dönüş yarada bilməyəcək – düzdür, prezident Volodimir Zelenski tez bir zamanda Rusiyaya “ciddi dərs” verəcəklərini deyir, amma bir daha deyirik ki, onun bu bəyanatlarını hətta hərbidən uzaq adamlar da ciddiyə almırlar. Üstəgəl, Kiyev özü ABŞ və NATO-dan daha ciddi müdaxilə tələb edir. Bu günlərdə onlar NATO və ABŞ-dan Ukrayna səmasının müdafiəsinin gücləndirilməsini xahiş etdilər. Ona görə də təbii sual yaranır: ABŞ və NATO nə vaxta qədər kənarda qalacaq? Heç kim bu sualın cavabını bilmir. Amma dünyada daha bir qlobal müharibə kabusu dolaşmaqdadır. Üstəgəl, onun daha bir ünvanı da Yaxın Şərqdir. Odur ki, 2024 bir çox məqamlara görə həlledici olmasa da, ciddi ərəfə ili olacaq. Amma görək, bu il nəyin ərəfəsi olacaq?..
КомментарииОставить комментарий