Общественно-политическая интернет газета
Əslində rəsmi Tehranı tamam başqa məsələlər-qayğılar təlaşlandırmalıdır. Ona görə ki, qonşusu Ermənistan hazırda öz ərazisini geosiyasi poliqona çevirib - bəli, indi burada hansı geosiyasi vektorlar yoxdur?..
Deyək ki, bundan xeyli əvvəllər də burada qonşu Tehranın narahatlıq keçirməsi üçün xeyli əsaslar vardı. Belə ki, ABŞ-ın İrəvandakı səfirliyinin bir neçə minlik kontingentinin heç də hamısının diplomat olmadığı deyilirdi. Bundan başqa, Fransanın da bu ölkədə yerləşdirdiyi “Avropa Missiyası”nın da Qərb dövlətlərinin polis işçilərindən və təhlükəsizlik əməkdaşlarından təşkil olunduğu bildirilirdi. Amma çox təəssüf ki, Tehran həmişə zərbəni Azərbaycandan gözləyir, halbuki müharibə qanunlarına görə zərbə həmişə gözlənilməz istiqamətlərdən endirilir. Amma nə edəsən ki, heç bir əsas olmadığı halda Tehran daim Bakıdan şübhələnir, onun rəsmiləri məntiqsiz bəyanatlar verirlər.
Belə bəyanatlardan biri də bugünlərdə səsləndi. Tehran təmsilçiləri bəyan etdilər ki, Zəngəzur dəhlizi açılsa, buralara guya NATO gələcək!
Bir geoiqtisadi və geosiyasi layihə kimi Zəngəzur dəhlizinə təkcə Mərkəzi Asiya ölkələri yox, Çin, hətta Rusiya da maraq göstərir. Bu ölkələri NATO-ya təəssübkeşlik etməkdə qınamaq olarmı? Düzdür, ortada dəhlizin təhlükəsizliyinin kim tərəfindən təmin olunacağı məsələsi var. Azərbaycan bu məsələdə neytral bir ölkə kimi davranır və seçim daha çox Ermənistandan asılıdır. Qeyd edək ki, Moskva dəhlizin təhlükəsizliyinin ona həvalə olmasında israr edir. Amma Qərbin təhriki ilə İrəvan buna razılıq vermir...
Üstəgəl, bugünlərdə Azərbaycan rəsmiləri bəyan etdilər ki, Bakının zor gücünə Zəngəzur dəhlizini açmaq fikri və niyyəti yoxdur.
Üstəlik, belə bir xəbər yayıldı ki, Bakı Naxçıvana yolu İran ərazisindən çəkəcək. Hətta bu məsələ ilə bağlı Bakı ilə Tehranın razılaşdığı da qeyd edildi. Demək olarmı ki, bununla Zəngəzur layihəsi gündəmdən çıxdı? Bunu təsdiq edənlər də, onun əleyhinə çıxış edənlər də var. Ona görə də burada birmənalı söz demək çox çətindir.
Doğrusu, Zəngəzur dəhlizinin geoiqtisadi məziyyətləri bizə elə də cəlbedici görünmür. Yaxşı yadımızdadır ki, bir vaxt Bakı-Tiflis-Qars layihəsi ilə bağlı da belə deyilridi. Bəli, belə söylənilirdi ki, bu dəmiryolu xətti təkcə Azərbaycanla Türkiyəni birləşdirməyəcək, həm də Çindən Avropaya yol olacaq. Doğrusu, hazırda biz bunu müşahidə etmirik.
Amma o da var ki, kommunikasiyalar şəbəkəsinin geniş olmasının heç bir ziyanı yoxdur. Həm də Bakını Ankara ilə, xüsusən də Naxçıvanla bağlayan xətlər nə qədər çox olsa, bu, bir o qədər yaxşıdır. İranın hələ də davam edən tərəddüd və şübhələrinə gəldikdə isə, bunun heç bir əsası yoxdur.
Birincisi, yenə də Bakı özünə xas əvvəlki səmimiyyətlə Naxçıvana gedəcək yollardan birinin İran ərazisindən keçməsinə qərar verdi. İkincisi, hazırda Qərblə Azərbaycan arasındakı münasibətlər Qərbin təqsiri ucbatından heç də rəvan deyil. “Dağlıq Qarabağ probleminin” nöqtəsi demək olar ki, qoyulub. Bunu bu yaxınlarda Rusiya prezidenti də təsdiqlədi. Amma Qərb, xüsusən də Fransa rahatlıq tapmır, gündə bir oyun çıxarır. Ona görə də Bakı prosesin tam çözümünün yalnız region dövlətlərinin səyi ilə baş tutacağını israr edir və bunun üçün də (3+3) formatında danışıqlara çağırır və özünün də bu danışıqlarda iştirak etməyə hazır olduğunu bildirir. Qeyd etmək lazımdır ki, bu formatda qonşu İran da var.
Bakının qatılmadığı Qranada görüşündə erməni baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın onun bir hissəsi olduğunu tanıdığını bəyan etdi. Düşünmək olar ki, problemin çətinlikləri artıq arxadadır. Amma bir daha deyirik ki, Qərb rahatlaşmaq bilmir. Onlar bu yaxınlarda Brüsseldə daha bir görüş planlayırlar. Olsun. Bakını bütün bunlar qəti narahat etmir. Amma Avropada anlamalıdırlar ki, qatar çoxdan gedib, Azərbaycan problemi artıq həll edib, necə ki, elə Avropa ölkələrindən biri - İspaniya Katoloniya problemini demək olar ki, bir neçə günə həll etmişdi. Bakı Madriddən fərqli olaraq düz otuz il gözlədi, Qərbin problemi həll edəcəyinə ümid etdi. Amma bunlar olmadı. Elə bu səbəbdən də o, problemi özünün həll etməsinə qərar verdi və demək olar ki, onu çox qısa müddətdə də həll etdi...
КомментарииОставить комментарий