Свобода людям, независимость нациям!

Neştərli mühacirlər – Həkimlərimiz nədən Almaniyaya axışır...

Təxminən 1 ay öncə Almaniyanın federal kansleri Olaf Şults Özbəkistanda səfərdə olarkan bu ölkənin rəhbəri Şavkat Mirziyoyevlə 800 özbək tibb işçisinin Almaniyada işlə təmin olunmasına dair saziş imzalamışdı.

Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Behzod Musayev bu barədə danışaraq demişdi ki, bu, şəffaf, mütəşəkkil miqrasiya prosesinin qurulması istiqamətində ilk addımdır. “Bu gün biz Almaniyanın “Deutsche Bahn” dəmiryol şirkəti ilə avtobus və dəmiryol sürücülərinin, “Globogate” şirkəti ilə isə tibb bacılarının hazırlanmasına dair razılığa gəldik. Bu il Özbəkistandan 800-dən çox tibb bacısı mütəşəkkil şəkildə Almaniyaya gedəcək, onlardan 400-ü artıq müəyyən olunub, qalanları dil imtahanı verir. Onların maaşı ən azı 2200 avro təşkil edəcək”, - Musayev demişdi.

Bu, təkcə Özbəkistanda işsizliyin, ixtisaslı tibb kadrlarının iş tapmaqda çətinlik çəkməsinin göstəricisi deyildi, eyni zamanda Almaniyada tibb işçilərinin çatışmazlığından və almanların bu problemi üçüncü dünya ölkələrinin vətəndaşları hesabına həll etmək niyyətindən xəbər verirdi.

Bu, bir gerçəkdir: Almaniyada, eləcə də bir sıra Avropa ölkələrində yüksək ixtisaslı tibb işçiləri çatışmır. Bu üzdəndir ki, Skandinaviya ölkələrinin tibb müəssisələrində də Pakistan və Hindistandan gedən həkim və tibb bacıları çoxdur.

Bunun başlıca səbəblərindən biri odur ki, tibb elmləri mürəkkəbdir, böyük məsuliyyət, dərin savad, uzun hazırlıq (10 ilə yaxın akademik təhsil+bir neçə illik praktiki təcrübə) tələb edir və komforta, lüksə, qayğısız həyata vərdiş eləmiş avropalılar özlərini bu ağır zəhmətə salmaq istəmirlər. Təbii ki, onların da sırasında əməkləri yüksək qiymətləndirilən tibb işçilərindən biri olmaq istəyənlər var, amma bu, digər ölkələrdə olduğu qədər yayğın, kütləvi deyil.

Nəticədə başqa ölkələrdə 20 il boyunca gözünün yağını əridərək ali tibb savadı alan şəxslərə qapı açılır.

Budur, dünən təhsil eksperti Kamran Əsədov bu barədə danışaraq deyib ki, son beş il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb. Onun açıqladığı bu statistik məlumatın səhihliyini şübhə altına almağın yeri yoxdur, çünki gerçəkdən də son illərdə hamımız tanıdığımız həkimlərin xarici ölkələrə üz tutması barədə söhbətlərə düşürük. Bizimkilərin işləmək üçün getdikləri yerin ön pilləsində Almaniyadır, ancaq Türkiyəyə, Polşaya, digər ölkələrə gedənlər də var.

Hazırda ali tibb təhsili alan tələbələrin paralel olaraq alman və ya ingilis dili kurslarına getdikləri də həqiqətdir. Gənclər öz gələcəklərini Avropada görür, karyeralarını xarici ölkələrdə qurmaq istəyirlər.

Bu o deməkdir ki, daha zəki, daha çalışqan, daha istedadlı gənclər sonda neştərlərini (skalpel), digər tibbi aksessuarlarını götürüb xaricə gedəcəklər, bizə qalan isə öz ixtisaslarını “kafi” qiymətlərlə mənimsəyən, sonra tanış-tunuş hesabına tibb müəssisələrinə işə düzələn, təhsilə çəkdiyi xərci qısa müddətdə pasiyentlərdən (onların prizmasından – müştərilərdən) çıxarmağa çalışan “həkim”lər qalacaq.

Təhsil eksperti bu problemin həll yolunu Azərbaycan Tibb Universitetində qəbul yerlərinin artırılmasında görür, deyir, qəbul yerlərinin azlığı səbəbindən hər il yüksək bal toplayan yüzlərlə abituriyent tibbi fakültələrə daxil ola bilmir və başqa sahələrə yönəlmək məcburiyyətində qalır.

Bu fikirdə də həqiqət payı çoxdur, ancaq bu, tibb işçilərinin xaricə axını problemini həll etməyəcək. Sadəcə, universitetə daha çox tələbə qəbul olacaq və işləmək üçün xaricə gedənlərin sayı daha çox olacaq.

Əslində bu ölkədə tibb sahəsində maaşlar Almaniyadakı kimi olmasa da, adı çıxmış həkimlərin qazancı heç də az deyil. Daha çox pulu isə özəl klinikaların sahibləri, baş həkimləri qazanır, tibbi personal pasiyent-müştərilərin tibb müəssisəsinə ödədikləri ətək-ətək puldan yetərincə barına bilmirlər.

Almaniyada isə Özbəkistandan gələn adi tibb bacısına ən azı 2200 avro maaş verirlər. Bu, bizim pulla 4 min manatdan çox pul edir. Belə şirnikləndirici vədin və Avropa həyatının ecazkar cazibəsinin, sabah üçün hərtərəfli təminat faktının qarşısında durmaq çətindir.

Ölkədə yüksək ixtisaslı həkim kadrlarının çatışmazlığı isə canını çox istəyən varlı adamların, yüksək ranqlı məmurların səhhət problemi ilə bağlı xaricə üz tutmalarına səbəb olur. Tez-tez onların sorağı Almaniyadan, İsraildən, ABŞ-dən, İngiltərədən gəlir. Hərdən bəziləri ən adi tibbi əməliyyat üçün səhiyyə xidməti yüksək olan ölkələrə gedirlər. Halbuki onları hətta rayon klinikalarında da problemsiz həll etmək imkanı var.

Ancaq yenə də tibb təhsilinə böyük diqqət yetirməyin, tələbə qəbulu yerlərini artırmağın ziyanı olmaz. Qoy gənclərimiz oxusunlar, istəyərlər, ölkədə qalıb iş taparlar, işləri avand olar, xaricə gedərlər. Bəlkə bu minvalla xarici ölkələrdə intellektual diaspor təşkilatlarımız formalaşar.

 

Нет комментариев

Новости автора