Общественно-политическая интернет газета
BBC ölkəmizdəki məmurların aylıq maaşı haqda xəbər hazırlayıbdır. Deyir bu dəqiqə baş nazirimiz Əli müəllim 11 min 70 manat, onun birinci müavini Yaqub müəllim 9780 manat, xarici işlər naziri Ceyhun müəllim 7650 manat maaş alır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin (el arasında qısa şəkildə “Arvad-uşaq idarəsi” kimi tanınır) sədri Bahar xanımın da maaşı xarici işlər nazirinin maaşı qədərdir – 7650 manat.
Hesab edirəm burada iş düzgün qurulmayıb. Hazırda xarici işlər nazirinin üzərinə düşən iş bəlkə baş nazirin də işindən çoxdur, nəinki onun bütün müavinlərindən. Ümumiyyətlə, bizdə icra hakimiyyəti varsa, nazirlər də dövlət başçısına tabedirsə, Nazirlər Kabineti nə üçündür, bunu heç kim bilmir. Ancaq daha çox maaşı onlar alır.
Hətta ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra xanım cəmi 2250 manat alırmış! Bu, gəlin etiraf edək, yerə-göyə sığışmayan bir ədalətsizlikdir. Umayra xanım Azərbaycanda həmişə düz danışan yeganə qadındır – havanı necə desə, elə də olur. Bəs niyə ona verilən maaş baş nazirin müavini Əli Əhmədova verilən maaşdan (9450 manat) 4 dəfə azdır? Belə ədalətsizliyə təbiət qan ağlamalıdır. Ona görə son çağlar sel-su fəlakətlərimiz artır, dolu düşür, külək damları qoparır, ildırım camaatı qırır. Bizə bu da azdır. Hava xəbəri verənin maaşını havayı işləyənlərin maaşından az eləyərsən, ayağın da göydə qalar.
Lakin nazirlərimizə, məmurlarımıza nə qədər maaş versək, yenə azdır. Ümumiyyətlə, bu bizim şəxsi işimizdir, BBC-yə qalmayıb dərdimiz çəksin. Biz heç kralın maaşı nə qədərdir, sizin baş nazir Rişi Sunak neçə funt alır, bunu soruşuruq? Adam başqasının pulunu saymaz. Kişidən maaş, arvaddan yaş soruşmazlar – atalarımız belə söyləmişdir. Qız ağacı, qoz ağacı. Qazan dedi dibim qızıldır, çömçə dedi fırlanıb gəlirəm.
Dünya təcrübəsinə görə məmurun babat maaşı olmalıdır, yoxsa gözü daim xalqın cibində (oxu: o cümlədən, dövlət büdcəsində) qalar. Üstəlik, Statkomun məlumatına görə bu dəqiqə Azərbaycanda orta aylıq maaş 900 manatı keçmişdir, məntiqlə baş nazirin bunun 10-11 qatı qədər maaş almağı təbiidir.
Həqiqətən də, son illər xalqla məmur təbəqəsi arasında görünməmiş yaxınlaşma, ortaqlaşma prosesləri gedir. Onlar da 300 minlik maşında gəzir, xalq da. (“Bakubus” avtobuslarının qiyməti təxminən o qədərdir). Bizim də kommunal borclarımız var, dövlət idarələrinin də. Məmurlar ət, xalq kələm yeyir, deməli orta hesabla Azərbaycan xalqı kələm dolması yeyir. Bunların hamısı iqtisadiyyat elmidir, öyrənmək lazımdır. Boş-bekar dolaşınca kitab oxumalıyıq.
Məmurların maaşı çoxaldıqca korrupsiya halları azalır. Məsələn, qabaqlar hər il çoxlu nazir, nazir müavini, komitə sədri, icra hakimi həbs edilərdi. Onların seyfindən çıxan pullar xalqa göstərilərdi. Gəlin yada salaq, axırıncı dəfə haçan dövlət idarəsində korrupsiya hallarına rast gəlmişik? Olsa çəkilişi, “kinosu” da mütləq ortaya qoyulardı. Deməli maaşların artımı müsbət təsir etmişdir.
Ən axırıncı korrupsiya halı “Naxçıvanbank”ın Vasif müəllimin ailəsinə məxsus olmağıydı, 2-3 ay qabaq qapazladılar, əlindən aldılar. Vəssalam-şüttamam. Ta korrupsiya hallarına rast gəlinmir. (Əvəzində hallanmış adamlar artır – söz oyunu oynamaq istədim mənasız yerə, oxucular bağışlasın).
Yəqin ondan sonra Vasif müəllimin də pensiyasını artırmış olarlar. Bankı almısan əlindən, bəs bu necə yaşasın?
КомментарииОставить комментарий