Свобода людям, независимость нациям!

Müftə ciyər kababı

Prometey odu çırpışdırıb insanlara verəndən sonra Olimpdəki tanrılar onu Qafqaz dağlarında bir qayaya zəncirləmək cəzasına məhkum etmişdilər. Ancaq cəza bununla bitmirdi, qartal gəlirdi, Prometeyin ciyərlərini didirdi. Sonsuza qədər. Yəni cəzanın mahiyyəti bu idi ki, nə Prometey ölməliydi, nə qartal. Hər dəfə ciyər didilib bitəndən sonra təzədən bərpa olunmalıydı.

Qədimlərdə cəza verəndə çoxallahlı millətlər çox allahsız olublar. Yoxsa bitməz-tükənməz cəza nə deməkdir? Heç bir ümid yeri qoymurlar. Sizif haqda mifin qəhrəmanı da təxminən oxşar cəzaya məhkum edilmişdi: böyük bir daşı dağın təpəsinə qaldırmalıydı, hər dəfə zirvəyə çatanda daş dərəyə yuvarlanırdı, Sizif təzədən daşı qaldırırdı. Sizifin daşı qaldırdığı dağ da Qafqazda idimi, bunu dəqiq bilmirəm. Bircə onu bilirəm ki, bizim tərəflərdə mənasız işgəncələrin sonu görünmür. Həyat və ölüm də mənasızlaşıb, abır və həya da.

Məsələn, bizdə bir xüsusi xidmət generalı vardı, çalıb-çapmadığı, oğurlayıb soymadığı adam qalmamışdı. Təsəvvür elə, Masazırda şəxsi türməsi də varmış. İş adamlarını tutub ora salarmış, qahımlarından milyonlar alıb buraxarmış. Gün gəldi, “çərxi-fələk tərsinə dövran” elədi, təzə generallar bu əski generalın özünü tutub qoduqluğa basdılar. Əmlakları, pulları-filanı müsadirə edildi. Bir müddət içəridə qaldı, amnistiyaya salıb buraxdılar. Necə olsa, kişinin dövlət qarşısında xidmətləri olmuşdur, bəs necə! Biznesmen döyəndə, arada jurnalist də şapalaqlayırdı. Dövlətimiz isə belə xidmətləri unutmur. Unutsaq, unudularıq. Manıslar demişkən.

Ancaq bugünlərdə həmin yoldaş haqda çox qəribə məlumat oxudum. Sən demə, dostumuz məhkəməyə üz tutaraq... general pensiyası tələb edirmiş (Doğrusu, burada “it əl çəkdi, motal əl çəkmədi” misalını yazmaq istədim, sonra gördüm nəsə düz gəlmir, motalın naviqasiya nöqtəsini seçə bilmirəm. Ona görə “həyasızın üzünə tüpürdülər, dedi yaz yağışıdır” ata sözü ilə kifayətlənirəm).

Doğrudan da, inanılmaz abırsızlıqdır. O boyda mərəkədən sonra sakitcə hansısa küncə, dəlmə-deşiyə çəkilmək yerinə dövlətdən yağlı pensiya tələb eləyirmiş. Dahi klassikin əsərində deyilən kimi, “bəlkə də qaytardılar” məntiqi ilə. Ancaq hətta bizim məhkəmə də bu həyasızlığa dözüm nümayiş etdirməmiş, iddianı rədd eləmişdir. İzahatı belədir: “Səni məhkəmədə general rütbəsindən məhrum etmişik, o üzdən indi adi əsgər pensiyası almalısan”.

Bizim yenə əskilərdən qalma bir xarici işlər nazirimiz də var. Adını soruşsan, ana dilimizdə düzgün deyə bilməyəcək. Xarici işləri yarıtmadığı bəs deyilmiş kimi, üstəlik hansısa xidmətlərinə görə bunu futbol idarəsinə də dürtüşdürmüşlər. Bəlkə ümumi tendensiyanın qurbanı olubdur, çünki yadımıza gəlir, bir aralar dəxli oldu-olmadı, hər naziri bir idman işinə qoyurdular.

Məsələn, Ziya müəllim nəqliyyat naziri olanda arvad voleyboluna da baxırdı. Təhsil naziri badminton, Mərkəzi Bankın müdiri şahmat, vergilər naziri otüstü hokkeylə məşğulat edirdi. Nəticədə gülməli vəziyyətlər yaranırdı. Gah kimisə dopinqlə tuturdular, gah koreyalılara saxta pasportumuzu verib yarışa göndərmək istəyirdilər, bunlar da London aeroportunda ilişirdi. Getsin gəlməsin, qəribə vaxtlar idi.

Əlqərəz, indi bu yoldaş da atavizm şəklində futbol idarəsində qalmaqdadır və dünən məzəli quş buraxıbdır. Növbəti sezon birinci liqamızda futbol oynayacaq komanda sayını jurnalistlərə səhv açıqlayıbdır. Rəhbərlik 10 komanda olacağını, bu isə 12 komanda olacağını deyib. Sonra deyib jurnalistlər məni səhv başa düşüb.

Günah onda deyil ki. Günah bizdədir. Ciyərimizi şişə taxıb közün üstünə qoymuşuq, sökən sökənədir. Bitən ciyər deyil, nuşi-can...

 

Нет комментариев

Новости автора