Свобода людям, независимость нациям!

Moskva və Tehran daha əvvəl olmadığı qədər bir-birinə möhtacdır - ŞOK SƏBƏBLƏR

Oktyabrın 11-də İran və Rusiya prezidentləri Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər. Bu, Məsud Pezeşkianın İran prezidenti seçilməsindən sonra baş tutan ilk görüş idi. Yeri gəlmişkən, dövlət başçıları oktyabrın sonlarında Kazanda BRİCS sammitində yenidən görüşməklə bağlı razılaşıblar.

Rusiya və İran prezidentləri Aşqabad görüşündə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi, yol və dəmir yolu inşası, dəniz suyunun saflaşdırılması, neft-kimya, elektrik təchizatı kimi layihələrin icrasını sürətləndirməklə bağlı razılaşıblar. Bu barədə İran prezidentinin yaydığı açıqlamada deyilir.

İRANO.jpeg (72 KB)

Rusiya və İran arasında əlaqələrin o qədər də hamar olduğunu demək mümkün olmasa da, nəzərə almaq lazımdır ki, xüsusən də Ukrayna müharibəsindən sonra iki ölkə daha da yaxınlaşıb.

2022-ci ildə imzalanan 1,7 milyard dollar dəyərində silah satışı müqaviləsinə əsasən, İran Rusiyaya raket və əsasən “Şahed-136” kamikadze dronları verib. Tehran isə Rusiyadan müasir döyüş təyyarələri və hava hücumundan müdafiə qurğuları, əsas da S-400 batareyaları istəyir. Tehran hələ 2010-cu ildə Rusiyadan S-400 almaq istəsə də, Moskva müxtəlif bəhanələrlə, ABŞ və İsraili narazı salmamaq üçün satışı rəsmiləşdirmədi.

Lakin indi situasiya dəyişib, Rusiyanın İran silahına və dəstəyinə ehtiyacı yaranıb. İranlılar ruslara təkcə dron və ya onun istehsal texnologiyasını deyil, eyni zamanda “qara bazarda” neft ticarətinin sirlərini öyrədir.

2023-cü ilin noyabr ayında Rusiya və İran arasında SU-35 qırıcıları, habelə Mİ-28 hücum vertolyotları və YAK-130 təlim təyyarələri alınmasına dair müqavilə imzalanıb. Rusların YAK-130 təyyarələrini təhvil verməsi haqda məlumatlar yayılsa da, hələlik SU-35 təyyarələrinin İrana verilməsi haqda məlumat yoxdur.

Bu ilin avqustunda, yəni HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Rusiyanın İrana müasir radar qurğuları göndərdiyi, habelə S-400 satmağa hazırlaşdığı xəbərləri yayılsa da, hələlik bu barədə rəsmi məlumat yoxdur.

DORD.jpg (110 KB)

İsrailin İrana zərbə endirməyə hazırlaşdığı bir zamanda, xüsusən də İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsi İranın müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyacının böyük olduğunu göstərdi.

Tehran və Moskvanı yaxınlaşdıran növbəti bir məsələ isə nəqliyyat dəhlizidir. Başqa bir deyimlə, Rusiya üçün indi ikinci “Lend-liz” dövrüdür. İkinci Dünya müharibəsi zamanı olduğu kimi. Rusiyanın Avropa ilə nəqliyyat və enerji dəhlizi demək olar ki, bağlanıb. Bu səbəbdən də indi Rusiyanın İran və Cənubi Qafqaz vasitəsilə Asiyaya çıxışa ehtiyacı yaranıb. Rusiya İran üzərindən Pakistan, Hindistan, Fars körfəzi ölkələri və eləcə də Türkiyəyə dəmir yolu çıxışı əldə etməyə çalışır. Bu səbəbdən də indi Moskva və Tehran heç zaman olmadığı qədər bir-birinə möhtacdır. Güman ki, oktyabrın 22-də BRİCS ölkələrinin Kazan sammitində Pezeşkian və Putin bir sıra məsələlərdə razılaşma əldə edəcəklər.

Ancaq bütün bunlarla yanaşı, Rusiya və İran arasında yaxınlaşmaya mane olan elementlər də az deyil. Zəngəzur dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizinin Astaradan keçən hissəsinin inşasındakı texniki anlaşmazlıq, Rusiyanın Fars körfəzindəki adalar mövzusunda mövqeyi, eləcə də İranda “islahatçı” hökumətin Moskvaya ehtiyatlı münasibəti iki ölkə arasında “kor zonalar” olaraq qalır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Нет комментариев

Новости автора