Общественно-политическая интернет газета
“Dünyanın problemi odur ki, ağıllı adamlar hər şeydən şübhələnir, axmaqlar isə hər şeydən əmindir”
(Çarlz Bukovski)
Xalqın Tik-Toka məhəbbətinin səbəbləri ordakı videoların adətən qısa və mənasız olmasındadır. Heç kim fikirləşib beynini yormaq istəmir. Beyin elə bir orqandır ki, biz onu ümumiyyətlə çox az işlədirik. Bu istiqamətdə uydurma “elmi” əsaslarımız da var: kimsə, haçansa deyib ki, guya insan nə qədər dahi, nə qədər alim olur-olsun, bütün ömrü boyu beyninin 15 faizindən çoxunu işlətmir. Bəzi “mənbələrdə” bunu hətta 5 faiz yazırlar. İnsaflı olsalar 20-25 faiz. Sıravi azərbaycanlı Mamed də haqlı olaraq düşünür (düşünməmək haqda düşünmək bizim neyrobiologiya elminə möhtəşəm töhfələrimizdən biridir), əgər mən özümü cırıb-dağıtsam beynimin 5 faizindən də azı işləyəcək. Elədirsə, niyə işlədirəm, qoy elə dincə qoyulmuş arpa sahəsi kimi boş qalsın, beyin qabığımın üzərində qarğalar oynaşsın.
Açığı, mən bu məsələdə xalqımızla həmrəyəm, onu dəstəkləyirəm. Bizdə həmişə ağıllı fikirləşincə dəli vurub çayı keçib. Ağıllı olub el dərdi çəkincə, dəli olmaq yaxşıdır – el sənin dərdini çəkir.
Ancaq bütün hallarda mənim qənaətim belədir ki, əgər Yaradan bəşəriyyətə növbəti mesajını, dəyərli məsləhətlərini göndərməli olsa, bu, yazı, dəftər-kitab şəklində olmayacaqdır. Kimdir özünə əziyyət verib kitab oxuyan? İşimiz-gücümüz yoxdur? Növbəti dini təlimatın Tik-Tokdan, qısa video şəklində gələcəyini zənn edirəm.
Çoxdan oxuduğum bir folklor gülməcəsi yadıma düşdü. Deyir bir gün camaat yaylaqdan enəndə meşənin qırağında çoxlu kağız qırıntıları görürlər. Ağsaqqalı çağırırlar, soruşurlar bu nəmənə zaddır. Ağsaqqal kağızlara bir az baxır, saqqalını qaşıyıb deyir: “Ay camaat, burda qurd molla parçalayıb, bu da onun qırıntılarıdır”.
Bəli. Kağız erasının sonuna çatmaq üzrəyik. Təxmin edirəm ki, uzağı 100 ilə insanlar kağızdan istifadəni tamam dayandıracaq. Dünən zibilliyin yanından keçərkən yeşiklərin yanında yerə atılmış bir neçə kitab gördüm. Onlardan biri Keniya yazıçılarının detektiv əsərləri (!), biri isə Emili Bronte-nin “Tufanlı aşırım” romanıydı. Kitablara uzaqdan baxdım, heç qaldırmağa həvəs olmadı.
Amma növbəti vəhy canlı yayım şəklində də gələ bilər. Niyə olmasın? Hazırda bizim buna hər cür imkanlarımız var. Hökumət internetimizin sürətini də artırıb, sağ olsun, minnətdarıq, özümüzü yaxşı aparmaqda davam eləsək bəlkə hovuza su buraxdılar.
Həqiqətən, görkəmli mənzərə alınardı. Telefonu, kompüteri, televizoru açırsan oradan birbaşa Yaradan mesajını çatdırır: “Filan-filan işləri görənlərin gözünü çıxardacağam. Behman işlərə aludə olanları cəhənnəmdə qır qazanı gözləyir. Özünü yaxşı aparan yoldaşlar huri və qılmanlarla mükafatlandırılacaqdır” və sairə. Vallah, camaatı başa salmağın ayrı üsulu qalmamışdır. Özümüzü çox pis aparırıq. Paris olimpiadasını görmədinizmi? Nırç-nırç-nırç... Olimpiadanın açılışı indiyəcən məni narahat edir. Narahat ola-ola ABŞ səfirliyinə dönmüşəm.
ABŞ yazdım, ağlıma Kuba gəldi. Bu müqayisəni çoxdan iqtisadçı ekspert Toğrul Maşallı-nın şərhində oxumuşam. Yazır ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə 2024-cü ilin yanvarında Azərbaycanda dövlətin mülkiyyətində 10692 müəssisə olub. Bunların 3258-i müxtəlif dövlət qurumları, 2238-i təhsil müəssisələri, 491-i səhiyyə və sosial müəssisələr olub. Deməli, birbaşa iqtisadiyyatla məşğul müəssisələrin sayı 4705 qalır. Hörmətli ekspert bundan sonra Kubadakı dövlət iqtisadi şirkətlərinin sayını yazır: 2531.
İndi bundan belə nəticə çıxır ki, Azərbaycan Kubaya nisbətən daha sosialist dövlətdir. Bəs niyə camaat SSRİ-ni dağıtdığı üçün Qorbaçovun var-yoxunu söyür? Ən azı iqtisadi baxımdan biz sosializmdə qalırıq.
Bəlkə Qorbaçov olmasa kommunizmə keçərdik, o ayrı məsələ...
КомментарииОставить комментарий