Общественно-политическая интернет газета
15 ilə yaxın idi futbola baxmırdım, şeytan azdırdı, bu Avropa çempionatını adda-budda izləməyə başladım. Və həyatımda ilk dəfə ağzını marçıldadaraq futbol şərh edən aparıcını dinlədim.
Azərbaycan idman şərhçiliyinin zirvəsi saymaq olar. Bəlkə də Elnur Əşrəfoğlu yaxşı eləyib vaxtında ölüb, belə şeyləri görməmişdir. Ta Kote Maxaradzeni-filanı demirəm. Minlərlə tamaşaçı kimi, mən də İctimai Televiziya rəhbərliyindən acizanə xahiş edirəm açıqlasınlar: həmin aparıcınız oyunu şərh edəndə nə yeyirdi? Çünki biz onu görmürdük, Avropa çempionatını isə “ləzzətli” marçıltılar altında izləmək qeyri-adi hiss idi, şəxsən mən yarım əsri keçmiş mənasız ömrümdə ilk dəfə bu cür telefaktla (teraktla) üzləşirdim.
Çünki bizim xalq olaraq bunu bilməyə hüququmuz vardır! Vallah. Olmayan yerdə “ictimai kanal” adlanırsınız, ictimaiyyətə açıqlama verməyə borclusunuz. Doktor Ziya, Rahib Azəri, Asif Bağırov, Gündüz Abbaszadə kimi istedadlı futbol şərhçilərimiz də olub. Onların yerini belə doldurursunuz? Başa düşürəm, artıq futbol oynaya bilmirik və hətta “Yurgorden” kimi ikinci dərəcəli kluba da legioner göndərməyimiz alınmır, ancaq danışmağa nə söz? Şərh eləməyə də gücümüz qalmayıb? (...)
Bir “maraqlı” epizodu da yazım, mövzunu qapadıram: hansısa oyunun yayımında kadrlar donurdu, xalq belə şərh edirdi ki, artıq oyuna kadr-kadr baxırıq, elə bil oyunun şəkillərini izləyirik.
Prinsipcə, şükür eləyin. Mən uşaq olanda, bizim eradan qabaq 1970-ci illərdə yadıma gəlir ki, televizorumuz ağ-qara idi, futbola baxanda təxminən bilirdin oynayanlar hansı komandalardır. Ən zülümü zolaqlı forma geymiş komandalar oynayanda olurdu. Gözüm elə ona görə kor oldu. Brejnevi məhkəməyə vermək fikrim var.
Ancaq müsbət şeyləri görmək lazımdır. Kadrlar donursa, bəlkə bizə şəkil kimi oyun göstərirlər? “Şəkil kimi”, yəni, müsbət, gözəl.
Mövzuya o qədər dəxli yoxdur (müəllifi isti vurub), təsadüfən dünən rastıma çıxan bir şeiri oxucularla bölüşmək istəyirəm. Rəsul Rzanın əsəridir, “Miloslu qız” adlanır. Şair bunu sovetin vaxtında, repressiya ilə üzləşərək Parisə ezamiyyətə göndəriləndə (alçaq bolşeviklər Rəsul müəllimi dəhşətli işgəncələrə məruz qoymuş, 3 dəfə Lenin ordeninə də layiq görmüşlər), Luvr muzeyində miloslu Veneranın heykəlinə baxaraq yazmışdır. Şeirin qısa özəti belədir ki, mənfur, kapitalist Fransa rejimi Veneranın əllərini qoparıb, yoxsa küçəyə çıxıb başqa fransız qadınları kimi dilənçilik edərdi. Düşünürəm hazırkı kontekstdə şeir çox aktualdır, bunu Makronun əleyhinə istifadə edə bilərik. Ancaq şeirin bir bəndi məncə xalqda yanlış təsəvvürlər oyadır. Şair yazır:
“Elə bil ki, dodaqları
həsrət qalıb öpüşə,
Məmələr tər yerpənək
Al ağzına ye,
Qoyma bir tumu yerə düşə!”
Rəsul müəllimdə belə təbiəti səhv anlamaq faktlarına çox rast gəlmişəm, qismət olsa yazaram, burada da miloslu Veneranın məmələrini şair xiyara oxşatmışdır. Çünki yerpənək sözünün bizim ana dilimizdə xiyardan başqa anlamı filoloqlarımıza məlum deyildir. (Yeri gəlmişkən, bəzən bunu səhvən “yelpənək” kimi işlədirlər). Miloslu Veneranın məmələrini xiyara bənzətmək isə həm məna, həm məzmun, həm etik, həm estetik baxımdan yanlışdır. Nar, alma, armud, şaftalı, hətta ananas və kivinin, pomidor və bibərin hardasa yeri var, ancaq xiyar... Özü də tumlu, saralmış, xırçıltılı... Nırç, nırç... (Bəlkə yazının adını “Marçıltılı köşə” qoydum). Əcəb fantaziyalardır.
Əlbəttə, hörmətli oxucular deyər ki, əşşi, şair keçən əsrdə yazıb, ta üstünü vurmayaq. Məsələ belə deyil. Bu şeir Anar müəllim tərəfindən Rəsul müəllimin latın qrafikasına çevrilən 5 cildliyinə salınıb, hazırda bütün məktəb kitabxanalarına verilib. Uşaqlar bunu oxusalar Venera haqda səhv fikirləşərlər.
Məncə müəllimlərin sertifikat imtahanından kəsilməyində bu şeirin də rolu az deyildir.
Yazını isə başqa klassikimizdən dəxilsiz, lakin isti misralarla bitirirəm: “Göbəyin ağ dələmə, Görmüşəm, düymələmə”!
КомментарииОставить комментарий