Общественно-политическая интернет газета
Bizim müdrik atalar hər situasiya, hər mətləb üçün mütləq bir müdrik kəlam irad ediblər və əlimizi atanda kara gəlir.
Məsələn, onlardan biri belədir: “Bir axsaq dana bir naxırın adını korlayar”.
Biz belə məsəlləri sitat gətirəndə lətifəsi kimlərəsə toxunur, amma burada məqsəd kimisə aşağılamaq deyil, situasiyanı anlaşıqlı dildə izah etməkdir.
Son bir ayda Rusiyanın şəhərlərində, hava və quru sərhədlərində tacik millətindən olan insanların başına gətirilən oyunlar bir “dana”nın bütöv bir millətin adını necə korladığını sübut edir.
Özü də o “dana” tək olmayıb, dörd baş olub, hələ altı-yeddisi də onlara kömək edib. Söhbət “Krokus”da törədilən dəhşətli terror aktından gedir. (Yeri gəlmişkən, tamamilə məhv olan “Krokus”un sahibi, həmvətənimiz Araz Ağalarovun düşdüyü vəziyyəti başqa bir atalar kəlamı izah edir: “İçim özümü yandırır, çölüm özgəni”).
Bir manqa tacikin törətdiyi pis əməl minlərlə təqsirsiz tacikin həyatını qaraldıb. İndi işlədikləri yerlərdə onlara qarşı “oblava” təşkil edir, dəstə-dəstə maşınlara basıb “içəri” aparırlar. Təbii ki, orada onların başını sığallamırlar, necə lazımdır, incidirlər, pullarını alırlar, 10-15 gün yatırdırlar, sonra barələrində kefləri istəyən qərarları verirlər.
Bundan başqa, tacik millətindən olan şəxsləri ölkəyə buraxmır, aeroportlarda saxlayır, xüsusi təcridxanalara təpişdirir, sonra ya geri göndərirlər, ya da daha betər edirlər.
Bir sözlə, ötən əsrin 30-cu illərində Almaniyada yəhudi olmaq nəydisə, bu gün Rusiyada tacik olmaq odur. Bir o qalıb ki, taciklər üçün ayrıca gettolar – yaşayış məskənləri təşkil edələr, hamısını toplayıb ora dolduralar və həbs düşərgəsindəki dustaqlar kimi davranalar.
Heç olmasa, Moskvada bir ağsaqqal da yoxdur ki, qabağa durub desin: “Həmvətənlər, terror aktını dörd başıxarab tacik törədib deyə, bütün millət terrorçu deyil və ola bilməz, insanları incitməyin, buraxın ailələrini dolandırsınlar”.
Yoxdur, Rusiyada belə bir söz deyən hörmətli bir siyasətçi, ziyalı tapılmır. Bu saat ruslar özlərini “İlan vuran ala çatıdan qorxar” modunda aparırlar. Ağzını açan “sərt cavab tədbirləri”ndən danışır. Müdrik atalarımız bu durumu “qurunun oduna yaşı yandırmaq” kimi bir zərbül-məsəllə təsnif ediblər.
Bu baxımdan biz gərək gecə-gündüz gözəgörünməzə dua edək ki, belə bir teraktı törətmək istəyənlər icraçıları xalqımızın cələkəsən legionundan tapmayıblar. Düzdür, bizimkilərin içində o cür ağılsız fitvalara uyanlar çətin tapılardı, amma yenə də tamah kimlərəsə güc gələ bilərdi. Kimsə “mən ağacda qozu iki dənə görməsəm, selbə atmaram” idiomatikası üzrə düşünərkən, eləsi də tapılardı ki, belə düşünərdi: “Soğan olsun, nağd olsun”.
Tacik terrorçuların acı təcrübəsi göstərdi ki, “Krokus” terrorunda ağacda nəinki qoşa qoz, heç bir dənə fındıq da yoxmuş, üstəlik, soğan da nağd deyilmiş. Hadisənin sutkası tamam olmamış hamısını ənsələyib qoydular içəri. İndi içəridə onların başına gətirilən oyunların tam mündəricatını yalnız beynəlxalq hüquq müdafiəsi təşkilatları təxmin edə bilər.
Yəni həmin terrorçular bu aktlarıyla əsas yamanlığı heç də ruslara qarşı etməyiblər, öz millətlərinə ediblər. O hadisədə 145 rusiyalı öldü, onsuz da hər gün yüzlərlə rus qəzalarda, ailə-məişət zəminində törədilmiş qətllərdə, soyğunlarda və yaxud qaraciyər serrozundan klinikalarda ölür. Amma on minlərlə sakit, məzlum tacik işini, evini, dolanışığını, gələcəyini itirdi.
“Millətin adını batırmaq” ifadəsi elə-belə söhbət deyil. Bu gün hansısa bir ölkədə kiməsə 5 dollar kələk gəlib aradan çıxmaq olar, əvəzində öz millətin haqqında mənfi rəy yaradarsan və bunun ziyanını öz soydaşların görər.
Məsələn, bir ara Moskvada azərbaycanlılara kirayə mənzil vermirdilər. Niyə? Çünki həmvətənlərimiz evi yaman günə qoyurmuşlar, vannadan manqal kimi sitifadə edib kabab bişirirmişlər, kirayə pulunu ləngidir, sonra gecəylə aradan çıxırmışlar, mənzili qumarxanaya, meyxanaya (“alkaşxana”ya) və başqa “xana”lara döndərirmişlər. Ev sahibləri də özlərinə söyüş vetosu qoyurmuşlar ki, bir daha azərbaycanlılara mənzil versək, bizi belə-belə olaq.
Ona görə də, əziz xaricdəki həmvətənlər, yaşadığınız ölkələrdə ağıllı-kamallı, dürüst, qanunsevər olun və özünüzdən sonra o ölkəyə işi düşənləri də nəzərə alın. Elə etməyin ki, bir gün hamınızı Rusiyadakı taciklərin gününə qoysunlar. Düzdür, atalar deyib ki, "qürbətdə xan olunca, vətənində dilən, gəz", amma ikinci varianta təhəmmül etmək çətindir, yoxsa oralara getməzdiniz.
КомментарииОставить комментарий