Свобода людям, независимость нациям!

Mərdlər büdcəsi

“10 milyon əhalisi olan ölkəmiz üçün 34,1 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da 12,7 milyard manatı Dövlət Neft Fondundan transfertdir. 2023-cü ildə ümumi daxili məhsul real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”. Bu sözləri 14 noyabrda Milli Məclisdə deputat Qüdrət Həsənquliyev səsləndirib. 

Qüdrət müəllim səhv deyirmi? Yox. Tamamilə haqlıdır. Üstəlik, onun sıradan deputat olmadığını nəzərə almalıyıqı - Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavinidir. 

Müqayisə üçün, bir-iki rəqəm də mən yazım. Estoniyada cəmi 1 milyon 200 min adam yaşayır, ərazisi də Azərbaycan ərazisinin yarısı qədər ola, ya olmaya. Neft-qaz, ümumiyyətlə, hər hansı yeraltı sərvəti də yoxdur. Əvəzində yerüstü sərvəti var - azad iqtisadiyyat. Məhz onun sayəsində Estoniyanın dövlət büdcəsi 13,13 milyard avrodur. Manata çevirsək, 24 milyard manatdan çox. Neft Fondundan köçürmələri çıxsaq, bizim büdcə Estoniyanın büdcəsindən də az edir. 

Onun qonşuluğundakı başqa sovet qardaşımız Litvanın ərazisi 65 min kvadrat kilometrdir, 2 milyon 800 min camaatı var. Büdcəsi isə 15,5 milyard avrodur. Bunu da bizim pula çevirsək, 28 milyard manata yaxın bir zad edir. Büdcədən, iqtisadi vəziyyətimizdən narazı olan tək adam Qüdrət müəllim deyil. Dindirsən, çox adam qüdrətli iqtisadiyyatımızın onun işinə yaramadığını deyəcəkdir. Pensiyaçı 250 manat almağından, veteran 80 manata güllə atmağından, nə bilim, külli camaatın 80 faizi də orta əmək haqqından aşağı pul almağından gileylənəcəkdir. Sanarsan heç kim başqasının kitabını oxumur, eləcə hamı özü üçün donquldanır. Məsələn, bunu büdcə müzakirəsi zamanı hörmətli deputat Əziz Ələkbərli çox gözəl şəkildə dilə gətirdi. Deyir deputatı olduğum Saatlı rayonunda çoxlu kəndə qaz çəkilməyib, mən bunu hər il büdcə müzakirəsində deyirəm, şikayətlənirəm, lakin baxan yoxdur. Əziz müəllimin bu sözləri isə lap kitablara düşəsi sözlərdir: “Şeytanın özü Azərbaycandakı bəzi məmurların əməllərinə məəttəl qalır. Çünki şeytan bunu fikirləşib tapa bilməz, amma bizimkilər tapırlar. Biz bu gün kimə kimdən şikayət edirik?!” Sitatın sonu. 

Əlavə olaraq qeyd edim ki, Əziz Ələkbərlini haradasa 30 il qabaq şəxsən, yaxından tanımaq fürsətim olub və necə həqiqətpərəst, düzgün insan olduğuna şahidəm. Hərçənd çox zaman “susmaq qızıldır” məntiqi ilə hərəkət edib. Gör indi onu necə əsəbləşdiriblər... 

Ancaq çox dilxor olmaq, pessimizmə qapılmaq tərəfdarı da deyiləm. Nə olsun büdcəmiz layiq olduğumuzdan azdır? Əvəzində başqa, dəyəri pulla ölçülməyən xəzinəmiz vardır. 

Məsələn, milli mentalitetimiz. Həmin o Litvada, Estoniyada, Hollandiyada bəlkə hər il LGBT paradları keçirilir. Bizdə isə namxuda, qız uşaqları UZİ-də qətlə yetirilir, bu yaxında hər yüz arvada oğlan doğumu rəqəmlərində dünya birincisi olduq. 

Muğamımız var, Çingiz müəllim romanlar yazır, Elza və Üzeyir oxuyur, təvazökarlıq çıxmasın, mən də burada müəyyən cızmaqara edirəm. Xaricdə belə zadlar varmı? Yoxdur. 

Litvada həkimə gedən arvadları siğə elətdirmək heç bir axmağın ağlına gəlməz. O cümlədən ailə dəyərləri əldən düşübdür. Hara baxırsan, zənənləri baş nazir, prezident, mer qoyublar. Biz isə bir nəfər naməhrəmi Binəqədidə bələdiyyə sədri qoymuşduq, basdı camaatın 1 milyonunu yedi, indi məhkəməsi gedir, hakim 9 il istəyibdir. 

Gəlin Azərbaycanımızın qədrini-qiymətini bilək. Pul əl çirkidir. Pul haqda danışmağın mənası yoxdur. Kasıb mərd olar. Sizi mərdliyə çağırıram! Qoy gələn ilin büdcəsi mərd büdcə olsun!

 

Нет комментариев

Новости автора