Общественно-политическая интернет газета
Erməni əsilli Amerika tarixçisi və diplomatı Jirayr Liparityan (1945) 1993-cü ildə Ermənistan xarici işlər nazirinin birinci müavini, 1991-1994 və 1994-1997-ci illər ərzində Ermənistan prezidentinin (Levon Ter-Petrosyan) siyasi analiz məsələləri üzrə müşaviri, Ermənistan Təhlükəsizlik Şurasının katibi və xüsusi tapşırıqlar üzrə elçisi vəzifələrində çalışıb. 2021-ci ildə Bakıda keçirilən “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” beynəlxalq konfransında çıxış edib.
Ermənistanın “evnreport.com” saytında “Can Armenia Be Independent?” (Ermənistan müstəqil ola bilərmi?) adlı yazı gedib. Məqalə Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəblərinin izahına həsr olunub. Yazıda Azərbaycan oxucusu üçün maraqlı olan məqamlar da var.
Jirayr Liparityanın aşağıdakı fikri sitat kimi məqalədə verilib: “Biz (yəni ermənilər) tapılması mümkün olmayanı axtarırdıq və gözlənildiyi kimi də heç nə tapmadıq. 1997-ci ilin sentyabrında Ter-Petrosyanın danışıqlar üçün əsas kimi qəbul etdiyi və buna görə də istefaya getməyə məcbur olduğu təklifində nəzərdə tutulduğu kimi, biz Laçını öz əlimizdə saxlaya bilərdik. Bu təklifdə rus qoşunlarından bəhs edilməyib. Bu təklifə görə, Laçın Ermənistanın nəzarətində qalacaqdı. Ancaq daha çox alacağımıza əmin olduğumuz üçün biz bu təklifdən imtina etdik”. Liparityan öz xatirələrində 1997-ci ilin payızında Levon Ter-Petrosyan ilə “artsax” rəhbərliyi arasında həlledici görüş haqqında daha ətraflı məlumat verib. Həmin məlumatlara əsasən, Qarabağ klanının rəhbərləri Robert Köçəryan (sonradan Ermənistan prezidenti olub - 1998-2008) və Serj Sarkisyan (Ermənistanın sonradan prezidenti olub - 2008-2018) Levon Ter-Petrosyanın Azərbaycanla anlaşmasına mane olub və prezidenti istefa verməyə məcbur ediblər.
Məqalədə tarixçi-diplomatın status-kvonun saxlanmasının təhlükələrinə diqqət yetirən digər fikirlərinə də yer verilib. O yazıb ki, Ermənistan təklif olunan sülh planlarına maksimalist şəkildə yanaşırdı. Hər dəfə təklif olunan sülh variantlarını kifayət qədər əlverişli olmadığı bəhanəsi ilə rədd edirdi və bununla da özünü daha çıxılmaz vəziyyətə salırdı.
O, 2020-ci il müharibəsindən dərhal sonra nəşr olunan “Nə oldu və niyə?” adlı məqaləsində deyir:
“Biz nəyin bahasına olursa-olsun, yayınmalı olduğumuz bir müharibədə uduzduq, qalib gələ bilməyəcəyimiz bir müharibəyə cəlb olunduq...”
Liparityan onu da yazmışdı ki, 2016-cı ildə davam edən 4 günlük Aprel döyüşlərindən sonra bir daha aydın oldu ki, qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib.
Jirayr Liparityan erməni diasporunun parlaq isimlərindəndir. Erməni İnqilabi Federasiyasının (“Daşnaksütyun”) üzvü olub. Sonra bu partiyanı tərk edib və “Daşnaksütyun”u erməni məsələsinə yanlış yanaşmada ittiham edib. Türkiyənin Ermənistana törədə biləcəyi təhlükənin şişirdildiyini bildirib. Azərbaycanın Ermənistana törədə biləcəyi təhlükənin isə dəyərincə qiymətləndirilməməsini də yanlış sayıb. Zatən o deyən kimi də oldu. Türkiyə Ermənistana elə bir şey eləmədi. Ermənistana nə elədisə, elə Azərbaycan elədi...
Bir şeyə də toxunum. Bəhs etdiyim məqalənin adı (“Ermənistan müstəqil ola bilərmi?”) özlüyündə çox şey deyir. Artıq erməni intellektualları Ermənistanın müstəqil dövlət kimi mövcud olmasının çətinliyinin fərqindədirlər. Başa düşürlər ki, ölkənin müstəqilliyi artıq təhlükə altındadır. Məncə də Türkiyə və Azərbaycanla anlaşa bilməyən Ermənistanın müstəqil dövlət kimi mövcudluğu həmişə sual altında olacaq...
КомментарииОставить комментарий