Общественно-политическая интернет газета
Bir dövlət düşünün ki, dünyanın o başında yerləşən başqa bir dövlətin paytaxtındakı adi orta məktəblərinin birində bir müəllimin bir şagirdi incitməsinə parlament və XİN səviyyəsində reaksiya versin, izahat, üzrxahlıq, müəllimə cəza tələb etsin, daha sonra o dövlətə hərbi təcavüz etməklə, başına oyun açmaqla hədələsin.
Ağıl-kamala sığacaq iş deyil və dünyada ikinci belə bir dövlət yoxdur. Amma birinci var.
Bu, Rusiyadır. Onun hədəf halına gətirdiyi ölkə isə Özbəkistandır.
İki dövlətin arasındakı xoşagəlməz söz-söhbətin səbəbi isə budur: Yeni dərs ilində Daşkənddəki 188 saylı orta məktəbdə rus dili müəllimini əvəz edən direktor müavini 6-cı sinif şagirdini döyüb.
Rusiya Xarici İşlər Nazirliyinin dünyaca məşhur sözçüsü, az qala nazirliyin ikinci adamı hesab edilən Mariya Zaxarova bu hadisədən hiddətlənib və Özbəkistandan “rəsmi izahat” tələb edib.
Bu informasiyanı oxuyan hər kəs heyrətlənə bilər. Əslində bu olay hər hansı başqa bir xarici dövlətin xarici siyasət idarəsinin, hətta hadisənin baş verdiyi ölkənin təhsil sferasını kurasiya edən nazirliyin də reaksiya verəcəyi bir olay deyil. Çünki belə hadisələr hər gün müxtəlif ölkələrin az qala bütün məktəblərində baş verir və yaranan ixtilaf ya məktəbin özündə, ya da rayon təhsil şöbələrində həll edilir.
Ancaq işə baxın ki, bir məktəb olayı özünü dünyanın superdövlətlərindən biri sayan nüvə dövlətinin XİN-i səviyyəsində məsələyə çevrilir, daha sonra bu söhbətə parlament üzvləri və media da qarışır.
Çünki Çilənzar məktəbindəki olay rus dili dərsində olub, Rusiya dövləti üçün isə xaricdə yaşayan rusların hüququları, rusdillilərin imtiyazı prioritetdir, qırmızı xəttdir. Əgər hadisə fizika dərsində olsaydı və hansısa müəllimə yerli özbək oğlana və ya qıza fiziki təzyiq göstərsəydi, bu, Rusiya XİN-i ilgiləndirməzdi.
Mariya Zaxarova isə keçirdiyi brifinqdə bu olaya detallı şəkildə toxunub: “Biz Özbəkistan tərəfdən rəsmi açıqlama istədik. İki dövlət arasında strateji tərəfdaşlıq və müttəfiqlik xarakterli dostluq münasibətlərində, xüsusilə də linqvistik zəmində heç bir düşmənçiliyə yer yoxdur və ola da bilməz”.
Söhbət budur. Rusiya 6-cı sinif şagirdinin qulağının burulmasının “düşmənçilik aktı” olduğunu bəyan edir – xüsusilə də “linqvistik zəmində” olubsa.
Hadisəni əks etdirən (kiminsə telefonla çəkdiyi) videoda isə qadın müəllim oğlan şagirdin qulağını dartır, onu itələyir, başını bir neçə dəfə yazı taxtasına vurur və “tərbiyəsiz” adlandırır.
Buna səbəb isə şagirdin ondan dərsi rus dilində keçməsini tələb etməsidir.
Belə anlaşılır ki, rus dili müəllimini əvəz edən direktor müavini ya rusca yaxşı bilmədiyindən, ya da vərdiş etmədiyindən dərsdə özbəkcə də danışıb və bu uşağın etirazına səbəb olub. Şagirdin etirazı isə müəlliməni hiddətləndirib və bu hadisə baş verib.
Şagird hesab edib ki, fənn rus dilidirsə, onu tədris edən müəllim əvvəldən sonra qədər məhz o dildə danışmalıdır. Görünür, uşaq ya özbəkcəni, yəni dövlət dilini tamamilə bilməyən slavyan mənşəli uşaqdır, ya da öz ana dilini anlamayan “elit zümrə”dəndir.
M.Zaxarovanın adi bir məktəb olayını bu qədər böyütməsinə isə Özbəkistan parlamentinin qanunvericilik palatasının vitse-spikeri Əlişir Kadirov cavab verib. O deyib ki, məktəbdə Özbəkistan vətəndaşı olan uşağın hüquqları pozulub, tədbir görüləcək, Rusiya öz işi ilə məşğul olsun.
Bu da Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovun xətrinə dəyib və o, Ukraynanı nəzərdə tutaraq deyib: “Bir müddət əvvəl belə davranan bir ölkə var idi və indi çox çətin vəziyyətdədir”.
Sanki Rusiyanın Ukraynada apardığı və üçüncü ilini yarıdan keçirmiş müharibə çox yaxşı, uğurlu bir kampaniyadır. O boyda dövlətin özü yüz minlərlə əsgər itirib, beynəlxalq arenada təklənib, iqtisadiyyatı dibə enib, beynəlxalq ticarəti sıfırlanıb, dünya birliyinin sanksiyalarının altına düşüb, öz ərazisi işğal və zərbələrə məruz qalıb, bütün bunlar bəs deyilmiş kimi, hələ başqa dövlətlərə də hədə biçirlər.
Bax, Rusiya postsovet məkanında buna, bu cür davranışlara, keçmiş müstəmləkələrini hələ də öz vassalı kimi görməsinə, onlardan itaət tələb etməsinə görə sevilmir.
Özü öz daxilində yaşayan miqrant icmalarından rus dilini akademik səviyyədə bilmələrini tələb edən, müvafiq imtahan götürən dövlətin yetkililəri başqa, suveren dövlətlərdə ruslardan milli dilin öyrənilməsini tələb edənləri şovinizmdə suçlayır və slavyan xalqları üçün ayrıcalıq tələb edir: onlar dövlət dilini öyrənməsələr də olar, qoy o dövlətlər rus dilinə xüsusi status versinlər və slavyan icmalar qanunların, eləcə də milli cəmiyyətin fövqündə yaşasın.
Ona görə də vaxtaşırı olaraq postsovet ölkələrində linqvistik zəmində münaqişələr meydna çıxır. Rusiya o ölkələrdə nə qədər rus dilində məktəblərin açılmasını, ana dilində dərs verən məktəblərdə isə rus bölmələrinin açılmasını stimullaşdırsa da, ümumi tendensiya rus dilinin xeyrinə deyil.
КомментарииОставить комментарий