Общественно-политическая интернет газета
Naxçıvanda şərti adı Gülmira olan qızın şərti adı Orxan olan oğlanı küçənin ortasında döyməsi epizodunu bir az qürur duya-duya, bir az da zavallının halına acıya-acıya izlədim.
Təfərrüatı bilmədiyimiz üçün dəqiq bir söz demək olmur. Əslində bu hadisə baltaçı Əhmədin, saçkəsən firon qızın və məşqçi Kamilin macərası qədər ajiotaj doğurmalıydı, amma nədənsə olmadı.
Görünür, bir kişinin döyülməyi ictimai-siyasi əhəmiyyət kəsb etmir.
Döyülən qadın olsaydı, feministlər bir tərəfdən, feministlərə yalakalıq edənlər o tərəfdən, özlərini dəhşət centlmen kimi göstərmək istəyənlər bu tərəfdən, tökülüşüb, qadına şiddət göstərən kişini linç edərdilər.
Amma belədə bir ataman və cantaraq qadın kişini şapartdıyır, müdaxilə edən yoxdur. Polis gəlməsə, yazığın halı necə olacaqdı, kim bilir. Çünki şərti kişi qadına heç bir müqavimət göstərmirdi, eləcə şillə və yumruqları yavanlıq edə-edə yeyirdi. Ola bilər, suçlu olduğundan elə davranırdı. Ya da başına yumurta vurulan qız kimi o da doğuşdan fağırın biriydi.
Bu yerdə əslində o videonu çəkən adama da tənə düşür. Zalım balası, görürsən, həmcinsini budayırlar, müdaxilə et də. Bu da əlibaltalı Əhməd deyil ki, yaxın getmək mümkün olmaya, məcburən video qapı gözlüyündən çəkilə.
İlkin informasiya belədir ki, şərti adı Orxan olan oğlan əlbəyaxa döyüş fəndləri bilən qıza söz atıb. Ola bilər. Qadına, qıza söz atmaq, girişmək 39-42-ci paralellərdə adətdəndir. Hərçənd oğlanın centlmenliyi (o qədər şapalaqlanmasına rəğmən qıza əl qaldırmaması, ən azı onu itələyib qaçmaması) göstərir ki, böyük ehtimalla o, qıza “nə bomba şeydir, əə, bu” deməyib, ola bilər, “xanım, sizi bir dəqiqə olarmı” deyib.
Bu ölkədə elə bir davranış tərzi də var. Əgər bir oğlan küçədə və ya ictimai yerdə xoşuna gələn qıza yaxınlaşıb bir xoş söz desə, ona verilən ən yayğın cavablardan biri belə olur: “Get, o sözü anana-bacına de”. Sovet vaxtı bu xüsusda baməzə pritçalar, indiki dildə desək, “prikol”lar düzəltmişdilər, hamı da sevə-sevə tirajlayırdı. Guya bir oğlan qıza deyir ki, anam gəlini, hara gedirsən. O da cavab verir ki, baldızım bic doğub, onun yanına, xəstəxanaya gedirəm. Xitaba bax, cavaba bax! Trillerdir.
Amma yenə də bilmək olmaz ki, şərti adı Orxan olan oğlan nə deyib, nə yeyib. Belə durumlarda adətən onu müdafiə edənlərin alnına da bir klişe tənə yapışdırırlar: “Sənin bacına elə söz desə, etiraz edərsən, yoxsa peysərə verərsən?”
Qızların küçədə oğlanları şillələməsi hadisəsi nadir olsa da, keçmiş vaxtlarda da belə olaylar baş verib. Təxminən 22 il öncə bir yaxın adamla Şərifzadə küçəsi tərəfdə rastlaşdıq, gördüm, qardaş gülməyini güclə saxlayıb. Soruşdum, danışdı. Bir az əvvəl o, “Elmlər Akademiyası” metrostansiyasından çıxıb “40 pilləkən” ə tərəf gəlirmiş. Önündə, 10-15 metr irəlidə də bir qədd-qamətli qız gedirmiş. Birdən arxadan iki tösmərək gədə gəlir, bunu keçir, düz BDU-nun tuşunda, yolun sağ tərəfində qıza çatırlar, yanından keçəndə nəsə deyirlər. Qız duruxur, “nə dedin” deyə soruşur, çantasını küknar ağacının qırıq budağına keçirir və yerindəcə fırlanaraq oğlanlardan birinin qulağının dibindən təpiyi qoyur. O biri oğlan qaçır. Bu əsnada qardaş onların yanına çatır, qız hücuma hazırlaşan karateçi duruşunda buna tərəf dönəndə, bəradər özünüqoruma instinktinin qabarmasıyla bədahətən deyir ki, mən onlarla bir yerdə deyiləm, bacı. Qız ona “yaxşı, sən keç, get” deyir və çantasını ağacdan alıb yoluna davam edir.
O, bu hadisəni gülə-gülə danışdı, özünün yaxşı qurtardığını dedi və əlavə etdi ki, gör, necə qızlar var, yazıq onun ərinin halına.
Əslində isə hələ bilmək olmaz ki, özünü müdafiə etməyi bacaran qadının əri yazıqdır, yoxsa bəxtəvər.
Ümid onadır ki, polis bölməsində şərti adı Gülmira olan qızla şərti adı Orxan olan oğlanı barışdırıblar. Əgər oğlan qıza gerçəkdən də ciddi və saf niyyətlə yaxınlaşmışdısa, barışıqdan sonra mütləq əvvəlki niyyətindən vaz keçib və qıza “bağışla, bacı” deyərək, aradan çıxıb.
КомментарииОставить комментарий