Общественно-политическая интернет газета
Ukraynada müharibə başlayandan Krım yarımadası ilə Rusiyanı birləşdirən körpü ikinci dəfədir ki, ciddi hücuma məruz qalır. Əgər ilk dəfə körpünün üzərindən keçən bomba yüklü “Fura” partladılmışdısa, sonuncu hücumda Ukrayna kamikadze qayıqlardan istifadə edib.
Krım körpüsü nüvə elektrik stansiyaları kimi ən yüksək dərəcədə qorunan strateji obyektlər sırasına daxildir. Məsələn, Krım körpüsü üzərindəki hava məkanında Cənub Hərbi Dairəsinin, həmçinin Qara Dəniz Donanmasının aviasiyası və hərbi gəmiləri döyüş növbətçiliyi aparır. Quruda Krım körpüsü qanadlı, ballistik taktiki və əməliyyat-taktiki raketlərin zərbələrinə qarşı “Triumf” zenit-raket kompleksi ilə qorunur. “Triumf”a təyyarə və helikopterlərdən, yüksək dəqiqlikli qanadlı raketlərə və idarə olunan pilotsuz aparatlara qarşı “Pantsir-S1” zenit-raket sistemi də kömək edir. Krımda "Bal" və "Bastion" sahil raket sistemləri yerləşdirilib ki, onların da vəzifəsi sahil və dəniz səthinə nəzarət etmək, zərbə hədəflərini məhv etməkdir. Körpünün ətrafında yüzlərlə kilometr məsafədə radiolokasiya və radar stansiyaları gecə-gündüz hava məkanını izləyir.
Körpünün mühafizəsi üçün Rusiya Qvardiyasının xüsusi dəniz briqadası da yaradılıb, avtomatlaşdırılmış rabitə sistemləri ilə təchiz edilmiş sualtı diversiya qruplarını aşkar etmək üçün hidroakustik stansiyalar da qurulub. Amma göründüyü kimi, bütün bu mühafizə sistemləri Krım körpüsünü qorumaq üçün kifayət etmir.
Kerç boğazı üzərindən keçən ilk körpü 1944-cü ildə, təxminən 4 km uzunluğunda tikilib, lakin layihələndirmədəki səhvlər ucbatından tezliklə dağılıb. İkinci körpü tikintisi Krımın anneksiyasından iki il sonra- 2016-cı ildə başlayıb və 2019-cu ildə istifadəyə verilib. 19 kilometrlik körpüdən həm qatar, həm də avtomobil yolu var. Körpü 3,55 milyard dollara başa gəlib. Sonuncu hücumdan sonra körpüdə təmirin iki ay davam edəcəyi və hökumətə 1,3 milyard rubla başa gələcək.
Müharibənin ilk aylarında Krım yarımadası de-fakto arxa cəbhə idi, indi isə bura da passiv də olsa, döyüş bölgəsi hesab olunur. Ukraynanın ordu rəhbərliyi son 6 ayda Krımın işğaldan azad ediləcəyi müddət haqda müxtəlif vədlər veriblər- gah yaz, gah payız deyiblər. Son olaraq Krımı 2023-cü ilin yayının sonuna qədər azad edə biləcəyi deyilir.
Xerson vilayətinin sağ sahili azad edildikdən sonra Ukrayna buradan Krıma hücum etmək üstünlüyü qazadı. Amma bunun üçün Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə, ilk növbədə, Dnepr boyunca daimi maddi-texniki təchizat, yəni körpülər lazımdır. Bu ərazidəki bütün keçidlər isə dağıdılıb, onları təmir etmək də hərbi əməliyyatların davam etdiyi zaman mümkünsüz görünür. NATO rəsmiləri davam edən əks-hücum əməliyyatı zamanı Ukrayna ordusunun qurudan Krıma yol açmağa nail olacağına ümid edir. Krıma hücum Melitopoldan mümkün ola bilər. Rusiya məlumdur ki, bu şəhəri ələ keçirməklə Krıma quru yol da əldə edib.
Daha bir variant isə...tarana getməkdir. Krım körpüsünü təyyarələr, raketlər və ya başqa vasitələrlə tam dağıtmaq. Bu, Krımı blokadaya sala bilər ki, orada yerləşən rus qoşunlarını təslim olmağa məcbur etmək olar. Görünür, Zelenskinin F-16-larla bağlı israrı da bu planla bağlıdır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası isə “Krımın işğaldan azad edilməsi üçün 12 addım” adlı plan hazırlayıb. Bu plan 2014-cü ilin fevralından sonra Krıma gələn Rusiya vətəndaşlarının oradan çıxarılması, daşınmaz əmlak alqı-satqısı əməliyyatlarını etibarsız sayılması və Krım körpüsün sökməsi və s. nəzərdə tutur.
Putin isə heç şübhəsiz Krımı hakimiyyətdə olduğu müddətdə özünün ən mühüm nailiyyəti hesab edir və buna görə də yarımadanı sona qədər saxlamağa hazırdır.
Rusiyanın 2014-cü ildə Krımı niyə ilhaq etdiyi hamının yadındadır, bunun ən böyük suçlusu həm də “NATO qoşunları bu gün-sabah Krımda olacaq” deyən Qərbin hərbi-siyasi gücləridir. Ukrayna hakimiyyəti də əlbəttə ki, Krımla bağlı səhv siyasətin acısını çəkir. Dövlət olaraq, Krım tatarlarına güvənmədilər, yarımadada onların sayının artmasına guya “separatçılıq təhlükəsini önləmək” üçün maneə yaratdılar. Rusların sayı məhz Ukrayna hakimiyyətinin korazehinliyi sayəsində artdı və Krımın ilhaqı “referendum”la gerçəkləşdi.
Biz isə Ukrayna müharibəsindən bəri dəfələrlə yazdığım kimi, şükür etməliyik. İşğaldan azad edilmiş torpaqlarımıza, Şuşaya, Laçın yolundakı sərhəd postumuza görə də...
КомментарииОставить комментарий