Свобода людям, независимость нациям!

Kreml “cızığından çıxan” Ermənistanı Gümrüdəki (qa)pazla, qışqabağı qazla yox... qızılgüllə “vurdu”

Son aylarda ən çox müzakirə olunan mövzulardan biri bu idi: Rusiya ondan imtina edib, Qərbə üz tutmaq istəyən Ermənistanı necə cəzalandıracaq? Əvvəlki yazılarımızda dəfələrlə qeyd etmişdik ki, Kreml “boyundan yuxarı hoppanmağa” çalışan forpostuna qarşı Gümrüdəki əsgərlərindən istifadə etməyəcək, bu, Ermənistanın əlinə işləyərdi, Qərbin qucağında oturmağa bəhanə verərdi.

Rusiyanın Ermənistanla bağlı cəzalandırma variantları arasında o qədər variantlar var ki... Amma ən yaxşısı Yuxarı Lars keçid məntəqəsidir. Bəli, “örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər” misalı. Rusiya Yuxarı Larsda Ermənistanın uzun burnundan tutub, azca sıxan kimi, Nikol Paşinyan Qərbdəki patronlarını unudub, Kremlə sarı döndü və repertuarını dəyişərək “gələcəyəm, “gəl” desən” mahnısını oxumağa başladı.

LARS.jpg (302 KB)

Son zamanlar, xüsusən də Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsindən sonra Ermənistan Rusiyadan “Tık-Tıksayağı” küsmüşdü. Gah Narışkin, gah Peskov, gah da digər rəsmilər səviyyəsində “əlini mənə, bəsdərəcik” - mesajlarına İrəvandan “yox, yox...” reaksiyası nümayiş etdirilirdi. ABŞ hərbçiləri ilə Ermənistanda keçirilən birgə təlimlərin ardınca Qərb silahları, Avropa İttifaqının Ermənistandakı missiyasının sayının və əhatə dairəsinin genişləndirilməsi, ABŞ və Avropadan göndərilən milyonlar, Ermənistan rəsmilərinin Rusiyanın olduğu tədbirlərdən yayınaraq, günlərini Avropa və Amerikada keçirmələri, hərbi-siyasi əməkdaşlıq müqavilələri, NATO və Avropa İttifaqına inteqrasiya ilə bağlı “xaric səslər”in eşidilməsi... Ən nəhayət, MDB, KTMT, Avrasiya İqtisadi İttifaqının tədbirlərindən imtinaların fonunda Qərbdə qurulan masaların ətrafında həvəslə yer almaları Rusiyanın səbrini daşırmışdı. Lakin Kreml Ermənistanı nümayişkəranə şəkildə cəzalandırmaqdansa gah bu ölkənin Rusiya ilə quru əlaqəsini təmin edən Yuxarı Lars buraxılış məntəqəsini təmirə bağladı, ya da qarın yağmasını əsas gətirib, ümumiyyətlə bağladı... Baxdılar ki, qar əriyib, problem yoxdur. O halda Rusiya dedi hələ tələsmə, deyəsən, sənin daşıdığın məhsullarda gənədən-filandan var. Beləcə, Ermənistanın yük maşınları “fitosanitar normaların pozulması” səbəbilə Yuxarı Lars keçid məntəqəsində gözlədilir.

LARS ON.jpg (23 KB)

Bugünkü mənzərə belədir: sərhədin Gürcüstan və Rusiya tərəflərində - Yuxarı Lars yolunda 1700-dən çox Ermənistan mənşəli yük maşını keçmək üçün gözləyir. Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan deyib ki, Gürcüstan ərazisində təqribən 800, Rusiya tərəfdə isə 900 yük maşını qarşı tərəfə keçmək üçün gözləyir. Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında isə bildirilir ki, Yuxarı Larsda 2660-dan çox yük maşını dayanıb.

Beləcə, Ermənistandan Rusiyaya aparılan meyvə-tərəvəz, balıq, gül və digər ərzaq məhsulları ilə yüklənmiş avtomobillər fitosanitar məntəqəsində ciddi yoxlanılır və geri qayıdır. Erməni mətbuatı yazıb ki, qızılgül yüklənmiş 2 maşından biri artıq Rusiya sərhədindən qayıdıb, digəri isə yoldadır. Rusiyanın Sanitar Xidməti fitosanitar nəzarət məntəqəsində 65 min qızılgülü yoxlayıb və sanitar normalara cavab vermədiyini əsas gətirərək onların keçirilməsinə icazə verməyib.

“İlk dəfədir ki, bizdə belə hal baş verir, hansısa problemə görə mallar sərhəddən geri göndərilir. Çox qəribədir, çünki indiyə qədər heç nə olmayıb. Aydındır ki, burada siyasi problemlər var. Hər gün 20 minə yaxın qızılgül yığırıq. Təsəvvür edin: 15 gündür Rusiyaya gül göndərə bilmirik, məhsullarımızın 90 faizi Rusiyaya gedirdi”, - qızılgül yetişdirilən istixana rəhbəri bildirib.

PASİNYAN PUTİN.jpg (84 KB)

Olduqca simvolikdir. 2018-ci ildə “məxməri” yolla hakimiyyətə gələn Nikol Paşinyanı Rusiya nə Gümrüdəki 102-ci ordusu, nə qışqabağı qazı ilə deyil, sadəcə qızılgüllə “vurur”. Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ixracının 90 faizinə yaxını məhz Rusiyanın payına düşür. Yəni Rusiya bazarı Ermənistan üçün “olmazsa, olmaz”dır. Deyək ki, Qərb gəldi, oturdu Ermənistanda, bəs sonra? Ermənistanın gündən-günə azalan əhalisi nə ilə yaşayacaq, NATO və Avrointeqrasiya vədləri “yeyəcək?” Bu mənada Rusiya nə etdiyinin fərqindədir. Çox yox, cızığından çıxan Ermənistanın uzun burnundan azca Yuxarı Larsda sıxır ki, Soros uşaqlarının əlində olan ölkə təngnəfəs olsun, ağlı başına gəlsin. Düzdür, hələ tam ağıllanmayıblar, Ermənistan Nazirlər Kabineti yeni bazar tapmaq lazım gəldiyini açıqlayıb. Amma Nikol Paşinyan artıq Rusiya yolçuluğuna “bilet alıb”.

Rəsmi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcək.

USAKOV.jpg (74 KB)

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da məlumatı təsdiqləyib. Bildirib ki, MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Aİİ-nin rəsmi görüşü olacaq. Üstəlik, Rusiyadan sonra qurumda sədrlik Ermənistana keçəcək, yəni Paşinyan estafet çubuğunu Putindən almağa gedəcək. Avropa Parlamentindəkilərin ayaq üstə alqışlaması Paşinyanın başını dumanlandırmışdı. Tədricən duman çəkilir, ağıl yerinə gəlir. Amma istisna deyil ki, Paşinyan qış mövsümü ərəfəsində Rusiya qazını Avropa qiymətinə ala biləcəyindən ehtiyatlandığı üçün üzünü şimala tutdu. Əks təqdirdə Qərbdən göndərilən avro və dollarları son sentinəcən Rusiyaya ödəməli olacaqdı. Hələlik Putinin dizinin yanında yer alacaq, ancaq havalar isinəndə yenidən “Sem dayı”sının qulluğunda peyda olacağı istisna deyil. İki stulda oturmağı peşə sayanlar üçün belə yerdəyişmələr çətin deyil...

Нет комментариев

Новости автора