Общественно-политическая интернет газета
Millət yuxu kimi günlər yaşayır, hər gün Qarabağdan xoş xəbərlər gəlir, orada bəşəriyyətə qarşı ağır cinayətlər törətmiş quldurlar bir-bir tutulub, Bakıya gətirilir. (Hərçənd məsələn, onlardan bəzilərini elə Gəncə türməsində saxlamaq olardı. Arutyunyanı xüsusilə. Axı o, vaxtilə Gəncəni bombalamaq əmri verdiyini fəxrlə, kamera qarşısında söyləmişdi). Hadisələr çox sürətlə cərəyan edir, bu da onun miqyasını dərk etməyi bir qədər çətinləşdirir. Bircə onu düşünün ki, bu günləri görmək istəyən nə qədər insan həyatdan vaxtsız köçüb, nakam gedib...
Dünən Kərkicahandan çəkilən qısa videoya kədərlə baxdım. Tək dağıdılmış evlərin xarabalıqlarına görə yox. Mehman Hüseynovu xatırlamışdım... Mehman bəy 2015-ci ildə 55 yaşında ölüb, Maştağada basdırılıb. O, Ceyhun Mirzəyevin çox tanınmış “Fəryad” filminin qəhrəmanının prototipidir. 1991-ci ilin dekabrın sonlarında Kərkicahan uğrunda döyüşdə yaralanır, əsir düşür, ona Xankəndi türməsində işgəncələr verirlər, lakin bu əzabları qürurla qarşılayır. O vaxt belə danışırdılar ki, Mehman bəyin kamerasına bir rus deputatı gəlir, qışın soyuğunda əyninin çox nazik olduğunu görür və öz paltosunu əsirə təklif edir. Mehman Hüseynov paltodan imtina edir, deyir mən ermənilərə kömək edənlərdən yardım almıram.
Əgər dünyada ilahi ədalət olsaydı, Mehman Hüseynov bu günü görməliydi, separatçıların danaboyun edilməsinə canlı şahid olmalıydı, Kərkicahan küçələrində azad şəkildə addımlamalıydı. Təəssüf ki, belə ədalət yoxdur, gəlin özümüzü nahaq yerə aldatmayaq, təskinlik tapmayaq. İndən belə yüz min Araik-aralıq tulası tutulsa belə o gəncəli körpənin ağ kəfənə bürünmüş bədəni dirilməyəcək. Heç bir cəza o cinayətlərin əvəzi deyil. Ümumiyyətlə, bəşər tarixində ədalətin zəfər çalması deyə bir fakt yoxdur. Elementar bir sual verirəm: 1918-ci ilin 31 mart soyqırımı gününü son dövrlər hər il qeyd edirik, ancaq həmin dövrdə qətlə yetirilən minlərlə soydaşımızın neçəsinin adı bu gün xatirələrdə yaşayır? Toplu halda rəqəmləri, statistikanı saymaqla iş bitmir axı. İnsanların, şəxslərin hekayələri yazılmalıydı, yadda saxlanmalıydı - bir daha təkrar olmasın deyə. Ən azı buna görə. Şişirtmədən, bəzəmədən, saxta pafos, hay-küy, vedrəylə göz yaşı qatmadan insan taleləri yazılmalı, saxlanmalıydı. Sözgəlişi, cəmi 2 il yaşamış 1918-1920-ci illər cümhuriyyətimiz bu işə yetərincə məsuliyyətlə yanaşmışdı, dövlət komissiyası yaratmış, bütün bölgələrdə erməni vəhşiliklərinin qurbanlarını, şahidləri danışdırmış, mümkün qədər sənədləşdirmişdilər. (Tarixçi alim Solmaz Rüstəmova-Tohidi bu istiqamətdə çox böyük işlər görüb, “Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” adlı kitablar hazırlayıb. Tapın, oxuyun, olduqca vacib sənədlərdir).
İndi Qarabağdakı terrorçuların gözlənilən istintaqı, məhkəməsi mümkün qədər bütün dünyaya açıq keçirilməlidir. Videoya, səs yazısına alınmalıdır. O cinayətlərin qurbanlarından sağ qalanlar varsa, mütləq hamısı məhkəməyə gətirilməli, ifadələri qeyd olunmalıdır. İsrailin bir zamanlar faşist canisi Adolf Eyxmana qarşı apardığı məhkəmə tipində məhkəmə olmalıdır. Əlbəttə, axırda bu caniləri də Eyxman kimi dar ağacından asmağa bizim qanunvericilik, təəssüf ki, imkan vermir, ancaq istisna hal olaraq qanunu dəyişdirməyə bizə nə mane olur? Çünki bu tipləri həbs etmək, cəza kəsməklə iş bitmir, onları xüsusi rejimli türmədə saxlamaq, başqa məhbuslardan qorumaq da hardasa ciddi problemdir (amma bu işdə qardaş Türkiyənin 24 ildir Öcalanı türmədə saxlaması təcrübəsi işimizə yaraya bilər).
КомментарииОставить комментарий