Общественно-политическая интернет газета
Bir zamanlar respublikanın, yalan olmasın, yarısını tikən şirkətlər qrupu var idi, indi onun rəsmən çöküş ərəfəsində olduğu söylənir. Vergi idarəsinə milyonlarla manat borcu varmış, işçilərin maaşını verə bilmir, çoxlu idarə və şirkətlərə də ödəmələrini vermir və sairə. Maraqlıdır ki, bu tikinti şirkətini adətən keçmiş baş prokurorumuz Zakir müəllimlə bağlayırdılar. Zakir müəllim pensiyaya yollanan kimi şirkətlər qrupu da kəlləmayallaq olmuşdur. Nə gözəl stabillikdir...
Görəsən, Zakir müəllim vəzifədə qalsa, şirkətlər qrupu çökərdimi? Hələ orada bir neçə şirkəti ötən illərdə rebrendinq elədilər - adını dəyişdilər. Bu da şirkətləri başqalarının qapazlamasının əlamətidir. Güman etmirəm Zakir müəllimin vəzifə “sağlığında” orada hər hansı rebrendinq mümkün olaydı.
Sözgəlişi, bu rebrendinq bizim iqtisadiyyatda ən populyar proseslərdən biridir. Kimin əlindən nəyisə alırlarsa, dərhal adını da dəyişirlər. Bəzən bir şirkət ildə 3 dəfə adını dəyişir. Axırda lap əvvəldəki ad necə idi, heç kim bilmir. Məsəl üçün, necə anlayasan ki, hazırda “Kor Fatı” korporasiyası adlanan qurum cəmi bir il qabaq “Göyçək Fatma” transmilli şirkətlər qrupu imiş? Rebrendinqin bir müsbət cəhəti var ki, şirkətlərin, biznesin miqyası iri görünür. İldə 3 şirkət açılır, daha kimdir fikirləşən bunlar əslində adını dəyişən 1 şirkətdir? Rəhmətlik Leonid İliçin vaxtında, ötən əsrin Sovetlər Birliyində belə üsul haqda lətifə vardı: relslər oğurlandığı üçün qatar dayanır, Brejnev sərnişinlərə tapşırır ki, pərdələri yellədin, qıraqdan baxanlar elə zənn etsin qatarımız gedir (bu yerdə görkəmli manıslarımızdan Almazxan müəllimin ifasında “Qatarımız ilan kimi süründü” mahnısı efirlərə verilməlidir - Z.H.)
İndi bizə nə qalır? Ay sağ olasan: cinayət işlərinin açılmasını gözləmək. Tısbağanı arxası üstə çevirmək və ac-susuz gəbərəcəyini gözləməyə vaxtımız yoxdur, mümkün qədər sürətlə daşı götürüb onun başına əndərmək lazımdır. Hələ şirkətlər qrupunun canı suludur. 14 milyon vergi yeyintisi nəmənə şeydir? 42 özəl və dövlət idarəsi şanlı şirkətlər qrupumuzu məhkəməyə veribmiş. Püff... Xırda rəqəmlərdir. Hələ deyir bəzi fəhlələr və müştərilər də şirkətlər qrupumuza qarşı iddialar qaldırmaqdadır. Hamballar bir abbası istəyir... Türkün sözü, yazıklar olsun! Yıxılana balta çalırlar. Gərək o fəhlələrə əvvəlcədən maaş heç verilməzdi, quru çörək və su ilə işlədilərdilər. Belə olsa, şirkətlər qrupunun qədrini bilərdilər. O cümlədən müştərilər. Utanmırsınızmı? Bəlkə sizə bir mənzili üç nəfərə satıblar, xəbərimiz yoxdur? Nə olar ki? Üçünüz də girin, yaşayın. Sovetin vaxtında bütün millət bu cür yaşayırdı, hələ indiyəcən həmin kommunal mənzilləri xoş xatirələrlə yad edirlər, bayramlarda Stalinə nəzir deyib, qurban kəsirlər.
Yaxşı şirkətlər qrupu cins inək kimi şeydir, hər müstəntiqə ildə min litr süd verməyə borcludur. Verməz, kəsərik. Hərçənd rəqəmlərdən, iddia və xəbərlərdən belə çıxır şirkətlər qrupumuzun nə südlüyü qalıb, nə ətliyi, quru sür-sümükdür (yuxarıda yazdığım “canı sulu” ifadəsini etibarlı mənbələrdən dəqiqləşdirdim).
Bu bir az bizi narahat edir. Bir az. Çox yox. Çünki hələ kəsiləsi qrupların olduğunu güman edirik.
Sonda yazının pritçası: “Qədimdə kinoda Əhmədin anası ölməmişdi, indi Əhmədlər özləri anasını öldürür”.
КомментарииОставить комментарий