Общественно-политическая интернет газета
“Ən yaxşı ekspromt öncədən hazırlanandır”
(Mixail Botvinnik, şahmat üzrə 6-cı dünya çempionu)
İqlim dəyişmələrinin həyatımıza təsirləri artır. Bugünlərdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir müəllim açıqlama verdi, deyir, bəlkə parlament seçkilərinin vaxtını dəyişdik, yaya çəkdik.
Köhnə təqvimlə seçki payızda olmalıydı, lakin payızda Bakıda iqlim tədbiri olacaqdır. Bu isə, çox basabas yaradır, vətəndaşlarımızı narahat edir. Hələ səhv eləmirəmsə, Formula-1 yarışı da payızda olmalıdır. (İnternetdə baxdım, səhv eləmirəm: sentyabr ayında paytaxtımız dəmir qəfəslərə bürünəcək, maşınlar şütüyəcəkdir. Yəqin Formula 1-in payıza keçirilməsi də hava ilə bağlıdır. Çünki ötən illərdə biz maşın yarışını həmişə mayda, iyunda-zadda keçirərdik. Nəticədə maşınların təkəri istidən alışırdı. Bəzi pilotlar günvurmadan ölürdü. Az qala).
COP-29 adlı beynəlxalq iqlim konfransını noyabrda keçirməliyik. Yəni, hardan baxsan bu payız Azərbaycanda seçki eləmək çox çətindir. Təbii ki, xalqımızdan soruşsan, ay camaat, sizə seçkilər vacibdir, yoxsa maşın yarışı və iqlim konfransı, hamı bir ağızdan uşaq pulu... zarafat edirəm, maşın və iqlim deyəcəkdir.
Ümumiyyətlə, dövri-qədimdən bizdə maşın yarışı, iqlim prosesləri dövlətçilikdən vacib olmuşdur. Bu temada yaxşı ata sözləri də vardır: “İgidi igid edən üç şeydir – at, arvad, silah”, “At almağa cahıl gedər, qız almağa ahıl”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ac bayıra qaçar, yalavac evə girər” və sairə.
Əslində Məzahir müəllim seçkiləri yaydan da öncəyə çəkə bilərdi, sadəcə, bizdə may ayında şadlıq, şənlik eləməyə nəsə mistik mənfi münasibət vardır. May ayında seçki həmişə uğursuz olmuşdur. Elə adicə Ayaz Mütəllibovun 14 mayda vəzifəyə qayıtmasını yada salmaq bəsdir. 1992-ci ildə Ayaz müəllim mart ayında prezident vəzifəsindən istefa vermişdi, lakin 14 mayda təzədən qayıtmışdı, hətta Ali Sovet onu bərpa eləmişdi. Lakin cəbhəçilər hücuma keçdilər, Ayaz müəllim də ikinci dəfə istefa verib Moskvaya qaçdı. Heç bir sutka çəkmədi. Mayda toy eləyənlərin ailəsi də bir gün çəkmir.
Yazın havası kimi, siyasətinə də etibar yoxdur. Bax, mən bu cızmaqaranı, yalan olmasın, yorğana bürünüb yazıram. Guya may ayıdır, yazın oğlan çağıdır, lakin soyuqdan qırılırıq.
Ötən günləri xatırlamışkən... Bugünlərdə Müsavat Partiyası qurultay keçirdi, hörmətli İsa bəy başqan oldu. Alternativsiz seçki üsuluyla. İsa Qəmbər qabaqlar da Müsavatın sədri işləmişdir, sonra yerinə Arif Hacılını seçmişdilər, çünki partiyanın qanunlarına görə bir adam ardıcıl surətdə yalnız iki dəfə sədr ola bilərmiş. İndi belə çıxır partiya 30 illik müstəqillik dövrümüzdə İsa Qəmbərdən başqa o vəzifəyə layiqli namizəd yetişdirə bilməyibdir. Əsas sual isə budur ki, İsa bəy yenə iki dəfə sədr olsa, sonra Arif bəyi dəstəkləsə, Arif bəy iki dəfə sədr olandan sonra yenidən İsa bəy sədr olarsa, Azərbaycanda demokratiyanın inkişafına müsbət təsiri nə qədər olacaqdır?
Ümumiyyətlə, niyə biz partiya sədrlərini şeyx kimi ömürlük seçməyək? O cümlədən deputatları. Həmçinin bütün vəzifələri. Məzahir müəllimin də gözü təqvimdə qalmaz. Hətta bəlkə işsiz qalar. Ya da Formula-1 yarışını təşkil edər, qalibi bülletenlə seçərik.
Ancaq sevindirici haldır ki, ən azından prosedur məsələlərində biz iqtidarımızla müxalifətimiz arasında bir həmrəylik, bənzərlik müşahidə edirik. Qalan işlər də düzələr, inşallah.
Fürsətdən istifadə edərək İsa bəyi yenidən siyasətə qayıtması münasibətiylə qutlayıram. Çox strateji və milli düşüncədir. Tanrı Azərbaycanımızı qorusun.
КомментарииОставить комментарий