Свобода людям, независимость нациям!

İş yerlərini azaltmaq vədi

“Yağ gətirin yağlayaq,

Dəsmal verin bağlayaq,

Dəsmal dəvə boynunda,

Dəvə Şirvan yolunda"

(Parlamentdə müzakirələrdən)

Hökumət nümayəndələrindən biri Milli Məclisdə deputatlara deyib ki, sərhədləri özüm şəxsən bağlamışam. Yəni sözünüz varsa, üzümə deyin, arxada donquldanmayın. 

Təbii ki, dünənəcən sərhədin bağlı qalmağından guya şiddətli narazılıq edən deputat yoldaşlar özlərini quzu kimi aparıblar. Sərhədi bağlayan adama nə demək olar? Heç zad. Çox o yan bu yan edərsən, tutar adamın özünü bağlayar. Axırda sərhədin bağlı qalması səsə qoyulub, yekdilliklə qərar qəbul olunub, sürəkli alqışlar edilib, hamı ayağa qalxıb.

Bəzi sərhədyanı deputatlar hökumətdən xahiş ediblər ki, mümkün olsa hava sərhədi də bağlansın. Ümumiyyətlə, ölkənin ətrafında dərin çala qazılsın, içinə su buraxılsın. Yoxsa bəziləri təyyarədə uça-uça gedib xaricdən pul gətirir, gənclərin milli-mənəvi tərbiyəsini pozurlar. 

Hökumət nümayəndəsi çıxışları razılıqla qarşılamışdır, gələn ilin dövlət büdcəsinə “Filin dişisi haqda qanun layihəsinin” salınacağını bildirmişdir. Dəniz tərəf quruyur, inşallah, quru sərhədi yaransın, oranı da bağlayacağıq. Şair demişkən: “Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram, Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram”. Ekspertlərin rəyinə görə Namiq müəllim və Aygün müəllimə neçə illər qabaq bu ünlü mahnını oxuyarkən məhz sərhədlərimizin bağlı qalmasını uzaqgörənliklə tərənnüm etmişlər. 

Müzakirələr bununla bitməyib, hökumətin başqa bir nümayəndəsi mikrofonu basıb sinəsinə, deyib taksilərin sayını azaltmalıyıq. Sitat: “Bakıya 20 min taksi kifayətdir, lakin 60 min taksi fəaliyyət göstərir”. 

Təbii ki, ixtisara salınacaq 40 min taksi sürənin harada işləyəcəyi hökumətimizin vecinə deyil. Bəs xalqın vecinədirmi? Heç onun da vecinə deyil. Biz dünyada yeganə ölkəyik ki, burada xalq öz əleyhinə çıxarılan qərarları sürəkli alqışlarla qarşılayır, hamı ayağa qalxır və sairə. Xalqımızla hökumətimiz ətlə dırnaq kimidir, maşallah. Onların arasına girən iylənib çıxmağa məhkumdur. 

Biz dünyada nadir ölkələrdənik ki, burada məmurlar iş yeri açmaq yox, iş yeri bağlamağı vəd edib vəzifələrə keçirlər. 

Mən bu qara yumoru təzəlikcə bazarda eşitdim. Bir nəfər o birisinə deyirdi: “Azərbaycan dünyada yeganə yerdir ki, ayda 300 manat maaş alan adamın aylıq xərci 1300 manat olur. Xaricdə elmi mərkəzlər araşdırma aparıblar, bunun sirrini çözə bilməyiblər”. 

Doğrudan da, əsrarəngiz ölkədir. Quzu əti bütün dünyada ucuzlaşmışdı, bizdə bahalaşdı. Di gəl buna hamımız quzu kimi sakitcə yanaşırıq. İqtisadiyyat yazarımız Dünya xanımın bugünlərdə maraqlı yazısı vardı, deyir kərə yağı xaricdən gəlib sərhədi keçəndən sonra ikiqat bahalaşır. 10 manatlıq yağ, olur 20 manat. 

Səbəb nədir? Gömrükdə korrupsiya, yoxsa vergilərin çoxluğu? Bəlkə rəqabətsiz “bazar iqtisadiyyatı”, monopoliya, gizli iqtisadiyyat? Bəlkə səbəblərin hamısı bir yerdə? Heç kim bilmir. Bilənlərin də axırı yaxşı qurtarmırmış. Qədim əlyazmalarda bu haqda çoxlu rəvayətlər vardır. 

Lakin deputatlar bunu müzakirəyə çıxartsalar axırda qərar qəbul ediləcək ki, kərə yağı qanda xolesterolu artırır, ürək xəstəliklərinə səbəb olur, ona görə camaatımızın yağlı yeməklər yeməsi ziyandır, dieta saxlayın. Yenə alqışlar qopacaqdır. 

Havadan yazmıram ki. Təzəlikcə uşaqları döyməyin yaramaz hərəkət olduğu haqda yazmışdım, müəllimləri şagirdləri döyməyə təşviq edən sarsaq xalq yazıçımızı tənqid etmişdim. Bir neçə oxucu məktubu aldım və az qala hamısı uşaqları döyməyin mühüm tərbiyəvi əhəmiyyətindən bəhs edirdi. Hətəmxan ağa hətta belə yazmışdı: “Uşağı uşaq vaxtı döyərlər, böyüyəndə gücün çatmayacaq!”

Belə məktubları oxuyanda növbəti dəfə anlayıram ki, xalqa nə qədər yadlaşmışam, milli köklərimizdən necə uzaq düşmüşəm. Və eyni zamanda hökumətimiz xalqımıza necə yaxındır, doğmadır! 

 

Нет комментариев

Новости автора