Общественно-политическая интернет газета
“Balığın dərisi, toyuğun gerisi”
(Azərbaycan ata sözü)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartını qəbul edib (APA-ekonomiks).
Bu xəbəri oxuyanda çox xoşhal oldum. Vətənimiz hər baxımdan inkişaf edir. Fikir verin, əvvəla bir nazirlik var, sonra onun yanında xidmət var, xidmətin tabeliyində də institut var. Mükəmməl subordinasiyadır. Əsl süni intellektin çözəcəyi iyerarxik sistemdir. Nağıl kimidir: divarda qəfəs var, qəfəsdə göyərçin, göyərçinin qarnında yumurta, yumurtanın içində divin canı və sairə...
Hərçənd, ola bilsin robotun təpəsindən tüstü çıxsın. Təcrübə var: keçənlərdə Sofiya adında bir robot yaradılışının yanlışını yapıb ölkəmizə rəsmi səfərə gəlmişdi, ona burda toy çaldırıb, Vağzalı sədaları altında gəlin köçürdük. Başqa robotlarımız da milli rəqsləri bilir, xınayaxdı və ciyər axşamı mərasimlərinə qatılırlar. Süni intellekt sahəsində inhisarlara yol vermirik. Prinsipcə, guya bizdə hansı sahədə inhisar var? İstəyirsən jurnalist ol, istəyirsən meşəbəyi; istəyirsən ölkəyə 40 min dollar gətir, istəyirsən ölkədən 140 milyon dollar çıxart - hamını tutub basırıq. Biz hamıya eyni gözlə baxırıq. Bu, Səhiyyə Nazirliyi yanında TƏBİB xidmətinin Göz İnstitutunun standartında açıq göstərilibdir.
Vallah, mən ömrüm boyu belə şəffaflıq görməmişəm. Dünən Ali Məhkəmədə nəsə iclas olmuşdu, ordan reportaj gördüm! Vaxt var idi jurnalistləri adi Səbayel məhkəməsinə buraxmırdılar. İndi isə Ali Məhkəməyə giririk. Bu şəraiti yaratdığı üçün sədr İnam müəllimə öz adımdan təşəkkürümü bildirirəm. İnşallah, AM-də şəffaflıq davamlı olar.
Yuxarıda inkişaf haqda bəhs etdim, bugünlərdə onun bariz nümunəsini bədnam qonşularımıza nisbətdə müşahidə elədim. Ermənistan hansısa şirkətin (deyəsən İlon Maskın idarəsinin) raketinə öz peykini qoşub kosmosa fırlatmışdı. Ermənilər şadlıqdan dombalaq aşırdılar, deyirdilər ilk peykimiz “Hayasat” mübarək olsun, azərbaycanlılar paxıllıqdan çatlasın və sairə. Yazıqların xəbəri yoxdur ki, bəlkə 10 ildən çoxdur bizim peyklərimiz kosmosda şırım açır. Yanılmıramsa, indiyəcən azı 5 dənə “Azərsat” peyki uçurtmuşuq. Kosmik planlarımız çox genişdir, məsələn, pandemiyadan qabaq belə plan var idi ki, Səyavuş müəllimi raketə mindirib Marsa uçurdacaqdıq. Ancaq nahaq yerə Ramiz Mehdiyevin karantin toyu qanunsuz sərbəst toplaşma aksiyasına qatıldı, astronavt heyətindən çıxarıldı.
Hətta arada peykimizin biri itmişdi, vecimizə olmadı. O qədər çoxdur, yəni. (İndi ağlıma gəldi, bəlkə bu “Hayasat”ı hayasızlıqla oğurlayıb, öz adlarına çıxırlar, əsli elə bizim həmin itkin “Azərsat”dır? Oğruçuluqda yaxşıdırlar. Düzdür, biz də oğurluqda pis deyilik, sadəcə, biz özümüz özümüzdən əkişdiririk, ermənilər isə bizdən).
Sözümün canı odur ki, həm təbii, həm süni intellekt standartlarımızın yaradılması vacib hərəkətdir. Bəlkə çox vətəndaşımız bilmir, ölkəmizdə hər şeyin standartı var və bu şəraiti yaratdığı üçün rəhbərliyə minnətdarlığımızı çatdırırıq. Məsələn, təzə keşnişi göyərti satan nənədən alıb evə gətirirsən, heç xəbərin yoxdur ki, standartlaşdırma idarəmizdə həmin keşniş dəsti “AZS 171-2005" nömrəsi altında rəsmən qeydə alınmışdır. Orada keşnişin uzunluğu, neçə bitki bir qomda bağlanmalıdır, kökündə palçıq nə miqdar, yarpağında C vitamini neçə milliqram olmalıdır, keşnişi bağlayan kasıblara parnikdə hər 1000 dəst üçün neçə qəpik verilməlidir, keşnişi söyüd budağı, yoxsa sapla bağlamalıyıq və sairə - hamısı nəzərə alınır.
Sonda məni çoxdan maraqlandıran bir elmi sualla alimlərimizə müraciət etmək istəyirəm: süni intellekti, robotu kərə yağı əvəzinə palma yağıyla, yaxud marqarinlə yağlasaq, bu, standarta nə dərəcədə uyğundur?
КомментарииОставить комментарий