Общественно-политическая интернет газета
Düzü bilmirəm dünyada bizdən başqa əsas futbol arenasını oyunçunun, məşqçinin deyil, hakimin adıyla, üstəlik yan xətt hakiminin adıyla (!) adlandıran neçə ölkə vardır. Tofiq müəllimin 1966-cı il dünya çempionatında ingilislərin qızıl medal qazanmasında rolu qapı dirəyinin altından tora dəyən topu hesaba almasında olub. O vaxt VAR sistemi yox idi, kameralar müxtəlif bucaqlardan oyunu izləmirdi, uzun illər Tofiq müəllimin həmin qərarı düzgün verib-vermədiyi mübahisəli qalmışdır. Bu işi araşdırmağı son illər hətta süni intellektin də ixtiyarına veriblər. Yenə qəti bir hökm yoxur. Ədalətli qərar sayanlar da var, saymayanlar da. Hələ uduzan rəqibin Almaniya olmasını, SSRİ-nin Almaniya üzərindən qələbəsinin küləyinin hələ yatmadığını düşünsək, həmin qərarın o dövrdə nə qədər qalmaqal doğurması, necə siyasi şərhlərə yol açması təsəvvür edilə bilər. İndiki zamandan baxanda başqa detal da qərara rəng qatır: Bəhramov Şuşada doğulmuşdu.
İnsaf, ədalət, vicdan ötən həftənin iki hadisəsində əsas diqqət mərkəzində oldu və Bəhramovu yada salmağımda onlardan birinin rolu var: futbol klublarımızdan biri Almaniyada yerli kluba gərgin oyunda uduzdu və təsadüfə bax ki, bu dəfə oyunun hakimi İngiltərənin nümayəndəsi idi. Hakim bizim klubun oyunçusuna qırmızı vərəqə vermişdi.
Klubumuzun baş məşqçisi hakimin qərarını şərh edərkən “ingilis hakim gərək belə qərar verməzdi” söylədi. Əlbəttə, burada o, şübhəsiz ki, Bəhramovun tarixi yaxşılığını baş qaxıncı eləmirdi, İngiltərə liqasındakı yüksək gərginlikli oyunları nəzərdə tuturdu. Doğrudan da orada, necə deyərlər, hər boş şeyə vərəqə vermirlər. Ancaq biz işimizi “verməyə də bilərdi” ilə qurmalıyıqmı? Kiminsə insafına ümid olub yola çıxmalıyıqmı? İngilis Şekspir demişkən, budur əsas məsələ.
Liqa səviyyəsindən danışırıq, rəqibin gücünü etiraf edirik, sonra uduzmağımızın səbəbini başqasında görürük. İnsaflı olaq. Hər şey bir yana, statistika ortadadır axı, bu dəqiqə də saytda durur: qapıya zərbələrdə rəqib 33 dəfə, bizimki 11 dəfə. Ötürmə sayı rəqibdə 646, bizdə 263. Dəqiq ötürmələr rəqibdə 90 faiz, bizdə 73. Oyuna nəzarət heç üzə çıxarılası rəqəm deyil: rəqib 72 faiz, biz 28.
Bizə elə gəlir ki, 28 faiz topa nəzarətlə UEFA kuboku almalıydıq. Milli liqanın hansı kökdə olmasından xəbəriniz yoxdurmu? Dibçəkdə bir gül yetişdirmişik, istəyirik hər bir borana, qara dözsün, ətrindən bihuş olaq, dünya birliyi də gözəlliyinə heyran qalsın. Təsadüflər ümumi vəziyyəti dəyişmir axı.
Yeri gəlmişkən, biz hardasa 20 il qabaq belə təsadüflərlə dünyada qan eləyən qardaş Türkiyə futboluna şahid olmuşduq. Hər oyun ürək xəstəliyi idi. Son saniyələr hesabına, “Allah özün kömək ol” dualarıyla dünya üçüncüsü, UEFA kuboku... Ardı niyə gəlmədi? Çünki bazis yox idi. Bazis və üstqurumun qarşılıqlı münasibətləri haqda mühazirə oxumağa vaxt, yer qalmır.
İkinci insaf mövzusu hansısa kinorolikdə müəllimin jurnalisti qınamasıdır. Deyir düşmüsünüz müəllimlərin üstünə, “duxunuz” var icra hakimindən müsahibə alın. Bütün jurnalist tayfası bundan guya rəncidə olub (“Yaman xətrimə dəydi” anekdotu var, bilənlər bilməyənlərə danışsın). Hətta Mətbuat Şurasının müdiri roliki tənqid etmişdi.
Şəxsən mənim elə roliklər heç vecimə deyil. Birincisi, həmin kanala baxacaq qədər boş vaxtım yoxdur. Ora baxınca, boşluğa baxsam vaxtım daha faydalı keçər. İkincisi, aktiv jurnalistika ilə məşğul olanda azı 4 icra başçısından müsahibə almışam, bəlkə 40 icra başçısını da tənqid eləmişəm. Kim tənqid yaza bilmir, qoy o narahat olsun və utansın. Üçüncüsü, kino, serial parçası real həyat faktı kimi narahat edirsə, bəlkə jurnalistlərimiz də ağıllarını həkimə göstərsinlər? O cümlədən, qaşınmayan yerdən qan çıxırsa, bəlkə yerin niyə qaşındığını fikirləşək? Kim tənqiddən narahat olursa, deməli bunun əsasları var – bu, aksiomadır. Bizdə nə müəllim müəllim kimi çalışa bilir, nə jurnalist jurnalist kimi. Bu da hesab edin, teoremadır.
Yazını xalq mahnısı ilə bitirirəm: “Öldürdü nazın məni, İnsaf da yaxşı şeydir”.
КомментарииОставить комментарий