Общественно-политическая интернет газета
Bir neçə gündür gündəmi həssaslıqla izləyən şəxslərdən, həmçinin media təmsilçilərindən ən çox eşitdiyim sual bu olub: “Necə bilirsiniz, COP29 alındımı?”
Onlara dediyim cavabı burada da yazıram: yüksək səviyyədə alındı və Azərbaycan dövləti daha bir tarixi uğura imzasını atdı! Bədxahlarımızın, ermənidən betər erməni olanların, Azərbaycana düşmənçilik edənlərin arzu-istəyi bu idi ki, ölkəmiz belə nəhəng tədbirin təşkilatçılığının öhdəsindən gələ bilməsin, “imtahandan kəsilsin” və onların ürəyindən tikan çıxaran nəticə olsun! Amma yanıldılar, uduzdular, ona görə də pərtdirlər, qıcıqlıdırlar, qəzəblidirlər. Təsəvvür edin, 44 günə torpaqlarının 30 illik işğalına son qoyan, bircə gün ərzində 35 illik separatizmin kökünü qazıyan və yerində bağ-bağat salan Azərbaycan cəmi 8 aya COP29-a hazırlıqları yüksək səviyyədə başa çatdırdı və BMT-yə “buyurun, tədbirinizi keçirin”, xitabını etdi.
BMT-nin Baş katibi Antonio Quterreşin Sammitin açılışı zamanı ali kürsüdən “Cənab Prezident Əliyevə, COP sədri Muxtar Babayevə və eyni zamanda, Azərbaycan Hökumətinə qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm” müraciəti, daha sonra “Həqiqətən də sizin səyiniz nəticəsində uğurlu bir COP-a imza atacağıq” məmnunluğu tədbirin təşkilinə verilən qiymət idi. Bu qiyməti 200 dövləti öz çətiri altında birləşdirən beynəlxalq təşkilatın rəhbəri tərəfindən verildi, hansısa bədxahların qiymətləndirməsi bizə lazım deyil!
Azərbaycan Prezidentinin COP29-u boykot kampaniyasına başlayanlara ünvanlı “pis xəbər”i də unudulmayacaq: “Bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”
Qalib ölkənin Prezidentinin yüksək tribunadan ünvanladığı bu mesaj təkcə Azərbaycanın deyil, həm də bütövlükdə bəşəriyyətin dostlarına və düşmənlərinə ünvanlanmışdı. Çünki COP29 planetin problemlərinə görə keçirilir, əlahiddə qaydada Azərbaycanın təkbaşına işğaldan azad etdiyi ərazilərdə Ermənistanın və onun havadarlarının törətdiyi vandalizm aktlarının, yeraltı, yerüstü sərvətlərini talamaları nəticəsində flora və faunamıza vurulan dəhşətli zərbələrin, su ehtiyatlarının zəhərlənməsinin və digər problemlərin aradan qaldırılması məqsədilə təşkil olunmayıb. BMT-nin Baş katibi vəziyyətin nə qədər təhlükəli olduğunu söylədi və COP-u boykot siyasəti yürüdənlərin nə qədər böyük suç işlətdiklərini diplomatik şəkildə ifadə etmiş oldu.
Sitat: “Hər kəsə bu COP-da ehtiyacımız vardır. Həqiqətən bir saata bənzəyən və bir toplam olaraq biz qlobal temperaturların 2,5-ə çatdırılmasına yaxınlaşırıq və vaxt bizim tərəfimizdə deyil. Bu, 2024-cü ilin əlavəsi və ən yüksək temperatur olaraq ən isti il olacaqdır, rekordları qıracaqdır. İqlim baxımından görürük ki, növbəti qasırğa çatmamış ailələr artıq evlərindən qaçırlar, biomüxtəliflik dağılır, insanlar, işçilər həqiqətən də isti bir dövrdə öz huşunu itirirlər. İnsanlar daşqınlardan, infrastrukturu dağıdılan təbii fəlakətlərdən, quraqlıqdan əziyyət çəkirlər, bitkilər tələf olur”.
Afrikada uşaqların çirkli, zəhər qatqılı su içməsinə səbəbkar olan, Fransanın əsarətindəki xalqları fəlakətlərə düçar edən yırtıcılar üçün bu kimi mesajlar elə də təsirli görünməyə bilər, onlara daha açıq şəkildə, adları çəkilməklə tərs şapalaq vurulmalı idi və Azərbaycan Prezidenti konkret adlar çəkməklə birilərinin ürəyini dağladı. “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”,- deyən dövlət başçımız riyakarların maskasını yırtdı.
Prezident Sammitin ikinci günündə Fransanın əsarətdə saxladığı xalqlara etdiyi zülümlərdən, onları bütün sahələrdə istismar etməsindən, Niderlandın özünü “süddən çıxan ağ qaşıq” sayağı aparmasından, Avropa İttifaqının, Avropa Komissiyasının oyunbazlıqlarından dəlil-faktları saxlamaqla mükəmməl nitq söylədi. Özü də bu həqiqətlər COP29 çərçivəsində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində səsləndi. Azərbaycanın evsahibliyi ilə keçirilən konfransa həm də ümid yeri kimi baxan dövlətlərin, xalqların nicat yerinə çevrilib ölkəmiz bu günlərdə. Çılpaq həqiqətləri, tutarlı faktları bəşəriyyətə qənim kəsilənlərin utanmaz sifətinə çıxarmaq lazım idi və bunu Azərbaycan Prezidenti etdi, yüz milyonlarla əzilən, haqqın əlindən alınan, taleyi təhdid altında olan bəşər insanının ürəyindən tikan çıxartdı.
Vaxtaşırı Azərbaycana qarşı “erməni damarı” oyanan, olmazın saxtakarlıqlara şərik olan birisi də unudulmadı. Azərbaycanı guya “150 min ermənini qovmaqda” ittiham edəcək qədər yuxularını qarışdıran Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrell də lazımi cavabını aldı. Avropanı “bağ”, qalan dünyanı isə “cəngəllik” adlandıran bu qocaya Prezidentin sərrast cavabı oldu: Elə isə “Bizdən uzaq durun!”
Amma yox, Cosef çəkilib, getmək niyyətində deyil. X səhifəsində yazıb ki, Azərbaycan prezidenti İlham Əliyevin Aİ, Fransa və Niderlandın ünvanına səsləndirdiyi ittihamların təəssüf doğurur. İddiasına baxın: “Bu qəbuledilməz bəyanatlar konfransın mühüm iqlim məqsədlərinə və Azərbaycanın COP29-da sədrliyinə inamı sarsıtmaq riski daşıyır”. Görün kim inamdan danışır, Azərbaycan liderinin faktları xatırlatmasını “qəbuledilməz” sayır? Əslində kiçik dövlətlərin və xalqların hüquqlarını qorumalı olanlardan biri! Borrel öz işini görmək əvəzinə, düşüb bir qrup erməninin dalınca, onların saxtakarlıqlarına payçı olub, nələrinsə müqabilində. Azərbaycan Prezidenti bəşəriyyəti təhdid edən problemlər və bu problemləri yaradanların adlarını çəkir, hədəfi nişan verir, tədbirlərin görülməsinə çağırış edir. Buna görə ona təşəkkür etməli olduqları halda, əcaib iddialar uydururlar.
Prezident İlham Əliyev Fransa və Niderlandı neokolonizmdə, bu ölkələrə məxsus dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasında və ətraf mühitin korlanmasında ittiham edib. Sitat: “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”.
Həmçinin dövlət başçımız Prezident Makron rejiminin Yeni Kaledoniyada etirazlar zamanı etirazçılara qarşı cinayətlər törətdiyini, insan hüquqlarını pozduğunu vurğulayıb və Fransadakı bütün siyasi məhbusların azad olunmalı olduğunu bildirib, etirazların dağıdılması zamanı ölənlər və yaralananların, həbs edilənlərin olduğunu konkret rəqəmlərlə bəyan edib. “Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”, İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində deyib. O əlavə edib ki, “bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır”.
Bəlkə deyilənlər doğru deyil, cənab Borrel?!
Yaxud Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan İlham Əliyev deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Bu da doğru deyil? Fransanın işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılması da bəlkə planetin ekosisteminə ziyan vurmayıb, Cosef Borrel?! Polineziyada keçirilən 193 nüvə sınağından 147-si yeraltı olub, heçmi narahat deyilsiniz?!
Misal var, deyir “döymə taxta qapımı, döyməyim dəmir qapını”.
Azərbaycanı Qarabağdan öz istəkləri ilə, yaxud elə Makron Fransasının və digər avropalı qırğıların təlimatı, vədləri əsasında çıxıb gedən erməniləri “genosid”də ittiham edən Fransanın 1,5 milyon insanı qətlə yetirməsi, əlcəzairlilərin kəllə sümüklərindən muzey yaradanların dəhşətli əməllərinə diqqət çəkilməsi niyə sizə yer eləyir?! Cavab yerində verilib. Təkcə Fransanın deyil, digərlərinin də! Elə Borrelin də!
Fransa və Niderlandın yanında olduqlarını deyən Cozep Borrell Aİ və onun üzv dövlətlərinin qlobal iqlim maliyyəsinə ən böyük töhfə verənlər olduqlarını, bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşları dəstəklədiklərini bildirib. Əvvəla, dünyaya ən böyük problemlər gətirənlərdən olanların əlini cibinə salmasında qeyri-adi bir şey yoxdur. Aİ üzvlərinin planetə vurduğu zərbələrdən danışmaq lazımdır, Azərbaycanın neft-qazının qarasına mızıldanmaqdansa. Misirdə, BƏƏ-də keçirilən COP-lar zamanı insan hüquqlarını yada salmayanların nədənsə COP29-da “insani” və “huquqi” duyğuları baş qaldırdı.
Hələ biri də var, Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Panye-Rünaşe, deyib ki, COP29-da iştirak etməyəcək! Adam az qalır desin...Nə isə...Bunların davası Azərbaycanın qazandığı tarixi Zəfərlədir, hələ də həzm edə bilmirlər. Fransanın Bakıdakı səfiri Şuşaya getmədiyi kimi, iqlim naziri də Bakıya gəlmir, səbəbi həm də budur!
Azərbaycanı Tanrının, təbiətin verdiyi sərvətə görə ittiham edən bu gerizəkalılar guya ölkəmizədən qisas alırlar gəlməməklə. Amma əslində, bu, Fransa və digər koloniya siyasətini davam etdirənlərin COP29-a, əsarət altında saxladıqları ölkələrin, kiçik xalqların təmsilçiləri ilə üz-üzə gəlmək istəməmələrinin nəticəsidir. Utandıqlarına görə yox, sadəcə saymazlıq nümayiş etdirirlər. Planetin başına açılan bəlaların başında dayananların COP29-u siyasiləşdirmələrinin qarşılığında Azərbaycan bir neçə faktı sadaladı, onlara nöqtəli zərbələr endirdi və...görünən budur ki, möhkəm yaralanıblar. Bəşəriyyətin başına bəla olanları ifşa edən İlham Əliyev onları ürəyindən vurdu! Qarabağ Zəfərimizdən sonra dostlarımızı və düşmənlərimizi tanıdıq. COP29 isə nəinki Azərbaycanın, həm də bəşəriyyətin dost-düşmənlərini nişan verdi. Beş addımlıqdakı Ermənistan da Makronun təlimatına uyğun olaraq COP29-a qatılmadı. Gərək ki, bəşər övladı bu pis(lik)ləri unutmasın!
КомментарииОставить комментарий