Общественно-политическая интернет газета
Avropa Şurasının rəsmi saytı olan “coe.int” belə yazır: “Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdən sonra, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər”.
Söhbət hansı şərtlərdən gedir? Rəsmi sənədə görə, ilk növbədə söhbət azad və ədalətli seçkilərdən, hakimiyyət bölgüsündən, məhkəmə hakimiyyətinin müstəqilliyindən və insan hüquqlarına hörmətdən gedir. Bu kimi məsələlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin və Venesiya Komissiyasının çoxsaylı qərarları və rəyləri var.
Sənəddə Dağlıq Qarabağ məsələsi xüsusi vurğulanır. Deyilir ki, Azərbaycan rəhbərliyi Laçın dəhlizindən azad və təhlükəsiz gediş-gəlişə imkan verməyib. Nəticədə “çox ciddi humanitar” problem yaşanıb, müvafiq olaraq insan hüquqları pozulub. Bütün bunlar 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçmasına və “etnik təmizləmə” iddialarının ortaya çıxmasına səbəb olub...
Bura qədər dediklərim Azərbaycan mətbuatında geniş müzakirə olunub. Ancaq həmin sənəddə başqa məqamlar da var. Sənəddə qeyd olunur ki, Azərbaycan rəhbərliyi Assambleya ilə “əməkdaşlığın olması”na maraq göstərməyib.
Belə ki, 1) Siyasi motivli ittihamlara görə saxlanılan şəxslərlə AŞPA nümayəndələrinin görüşünə icazə verilməyib. 2) Azərbaycanda keçiriləcək prezident seçkisinin müşahidə olunması üçün AŞPA nümayəndə heyəti dəvət olunmayıb. 3) AŞPA-nın digər məruzəçilərinin Azərbaycana səfərinin qarşısı alınıb.
Gördüyünüz kimi, Avropa Şurası etiraf edir ki, Azərbaycan rəhbərliyi bu qurumla son dərəcə saymazyana davranıb. Məncə, Qarabağ məsələsi (əslində Azərbaycanın Ermənistanla Brüssel və Vaşinqtonda sülh danışıqları aparmaqdan imtina etməsi) və sonda sadaladığım 3 məqam AŞPA-da baş verən qalmaqalın əsas səbəbidir...
Ən əsas məsələ isə şübhəsiz ki, Azərbaycanın Ermənistanla Brüssel və Vaşinqtonda sülh danışıqları aparmaqdan imtina etməsidir. Niyə Azərbaycan Ermənistanla Qərb müstəvisində sülh danışıqlarını davam etdirmək istəmir? Çünki hər iki mərkəz ermənipərəstdir və ən əsası isə Zəngəzurdan keçən yolun dəhliz statusunda açılmasına qarşıdır. Çünki Zəngəzur dəhliz olsa, ora Qərb yox, Rusiya nəzarət edəcək. Mustafası o ki, Brüssel və Vaşinqton müstəvisində Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail ola bilməz. Ona görə də bu müstəvilərdən kənarda qalmaq lazımdır...
Bəs, Azərbaycan rəhbərliyi AŞPA nümayəndələrini niyə ölkəyə buraxmır? İlham Əliyev Qərb təşkilatlarının, o cümlədən AŞPA-nın məqsəd və məramını dəqiq bilir. O, bir müddət Azərbaycan nümayəndə heyətini AŞPA-da təmsil edib. Bilir ki, Qərb bir çox məsələlərdə vahid mexanizm kimi çıxış edir. Qərbin hədəfi İlham Əliyevdir. Niyə? Çünki Qərb gözləmədiyi bir halda İlham Əliyev Qarabağı erməni separatizmindən tamamilə təmizlədi. Qərbə Azərbaycanda Nikol Paşinyan tipdə siyasi lider lazımdır ki, onların çaldığı ilə oturub-dursun.
Şübhəsiz ki, Qərb yaxşı bilir ki, 44 günlük müharibədə əldə olunmuş möhtəşəm Zəfərdən sonra, xüsusən Qarabağdakı anti-terror əməliyyatının bəlli nəticəsi fonunda İlham Əliyevin xalq arasında nüfuzu son dərəcə yüksəkdir. Qərb bilir ki, İlham Əliyevi devirmək real deyil. Ona görə də müxtəlif vasitələrlə İlham Əliyevin mövqeyini heç olmasa zəiflətməyə çalışırlar. AŞPA yaşanan olaylar da buna hesablanıb...
КомментарииОставить комментарий