Общественно-политическая интернет газета
Deyirlər Tanrının zopası olmaz, bugünlərdə təxminən oxşar vəziyyəti yaşadım. Eyni zamanda məni yalnız tənqid etməkdə, ölkəmizdəki ictimai-siyasi prosesləri ağ-qara rənglərdə görməkdə suçlayanlara cavabımdır bu köşə. Biz obyektiv adamlarıq. Müsbət şeyləri də görürük.
Uzun sözün qısası, təzəlikcə bəzi rayonlarda icra başçıları dəyişdirildi, mən də bu temada bir yazı hazırladım, göndərdim redaksiyaya, dərhal durub ASAN-xidmət idarəsinə getdim - müəyyən sənəd işlərimiz vardı. Yazımda təxminən belə cümlə var idi ki, xalq icra hakimlərini tanımır, onlar xalqdan uzaq düşüblər və sairə. Və elə ASAN-da rayon icra hakimi ilə qarşılaşdım! Yalan olmasın, hətta toqquşduq, sənədlərimiz yerə dağıldı, duranda göz-gözə gəldik.
Yoldaş kamali-ədəblə, bütün millətimiz kimi növbə götürüb hansısa işini həll edirdi, elan lövhəsində adı yazılmışdı (Açığı, mən özüm bu ad vasitəsilə icra başçısını tanıdım və indi burada onun adını və iş yerini yalnız ona görə yazmıram ki, icazəsini almamışam. Hər halda, kiminsə şəxsi işlərini iznsiz bəyan etmək düzgün deyil).
Keçmiş zamanlarda belə mənzərə görə bilərdikmi? Yox. İcra başçısı istəsə rayon ərazisindəki bütün idarələri kabinetinə gətirərdi, orda işləri həll edərdi. İndi isə ASAN-xidmətdə icra başçısı görürük. Yaxşı haldırmı? Şübhəsiz. Hamıya eyni gözlə baxılmalıdır, hamı qanun qarşısında bərabər olmalıdır. O cümlədən, bu hal ASAN-xidmətin nüfuzunun dövlət strukturunda yüksək olmasının əlamətidir. Mən özüm bu idarə haqda yüzlərlə tənqidi yazı yazmışam, amma təriflənəsi halı da qeyd edirəm.
Tənqid demişkən, məncə ASAN-da bir xidmətin dəyəri həddən artıq şişirdilmişdir. Bu, tərcümə işidir. Adi, bir-iki cümləlik sənədi xarici dillərə inanılmaz dərəcədə, Azərbaycan zəhmətkeşinin cibinə uyğun gəlməyən bahalıqda çevirirlər. Misal üçün, tutalım sənə “Bu arayış verilir Məmmədə ona görə ki, o, Azərbaycanda, filan ünvanda yaşayır” yazılmış sənəd verilib. Bu 1 cümləni hansısa xarici idarəyə təqdim etməlisən. ASAN-da bu işin qiyməti 20-25 manat arasında dəyişir! Bir cümlə! Halbuki onu tərcümə etməyə heç bilik lazım deyil, Google daha tez tərcümə edir. 25 manata cümlə olarmı?
Doğrudur, şikayət zamanı əməkdaşlar bildirdi ki, hansısa qanunla tərcümənin qiyməti belə müəyyən edilib, onlarlıq deyil. Bunu dəqiq bilmirəm. Belə qanun varsa, onu dəyişdirmək lazımdır. Soyğunçuluqdur, çünki.
Eyni zamanda, ana dilimizə hörmətsizlikdir, çünki elə sənəd var rüsumu 10 manatdır, ancaq onun tərcüməsi 25 manata çıxır. Sanki eyni sənədin əcnəbi dildə olanı bizim dildə olandan daha bazburutlu, qiymətli, əntiqdir.
Başqa müsbət hadisəni də yazım, bitirək, yoxsa oxucular elə bilər deputatlığa namizədliyimi verməkdəyəm.
Yenə bu yaxında hansısa ərazidə adamın evini uçurmuşdular. Tikinti şirkəti ailə evdə ikən buldozerlə hücuma keçibmiş. Şikayət mediada yayıldı, dərhal polis hərəkətə keçdi. Dedilər faktı nəzarətə götürmüşük. Sabahısı ev yiyəsi açıqlama verdi, dedi artıq tikinti şirkətiylə razılığa gəlmişik, mənə istədiyim qədər kompensasiya veriləcək, hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən və sairə. Halbuki, bir gün qabaq uşağın yatdığı yerdə başına daş düşməyindən danışmışdı. Eee? Bəs daş və uşaq necə oldu? Bu da razılaşmada varmı?
Ümid edək hər fakt beləcə, sürətlə, operativ nəzarətə götürülsün, küçədə nəinki icra başçıları, nazirlərlə rastlaşaq, hamı plov yesin, düyü bığımızda qalsın. İlahi, amin, yazdı Zamin. Göydən də çoxlu arayış düşdü, biri mənim, qalanları oxucuların.
КомментарииОставить комментарий