Общественно-политическая интернет газета
Bugünlərdə internetdə, xəbər lentində təsadüfən iki xəbər yanaşı düşmüşdü, görəndə xeyli güldüm. Əməllicə kefim açıldı. Xəbərin biri belə idi: “Dövlət Agentliyi: ”Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var". İkincisi isə bu başlıqla: “25 min manat rüşvət alan İcra Hakimiyyəti rəsmisi məhkəmə qarşısında”.
Elə təəssürat yaranırdı ki, həkim 25 mini alan kimi aparıb verib icra hakimiyyətindəki adama. Belə şey mümkündürmü? Axı biz adətən tərsini görmüşük. Ancaq hər şey ola bilər. Bəlkə həkim daha yüksək vəzifəyə keçmək istəmişdir?
Əlbəttə, icra hakimiyyətinə 25 min rüşvət verən şəxsin məhz 25 min maaş alan həkim olması ehtimalı yüksək deyil. Lakin zəif də deyil. Azərbaycandakı həkimlərin sayını tapırıq, sonra bunu rüşvət verənlərin sayına bölürük. Ya da icra hakimiyyətlərinin sayına - açığı, universitetdə ehtimal nəzəriyyəsi fənnini elə yüksək səviyyədə oxumadığımı etiraf edirəm. Fərli öyrədən də yox idi. Ölüb deyə adını çəkmirəm, bir riyaziyyat müəllimimiz vardı, ehtimalı öyrədəndə belə misal çəkmişdi: “Təsəvvür eləyin iki çəllək turşumuz var, birində xiyardı, o birində kələm. Çəlləkdə kələm turşusu olmaq ehtimalı ikidə birə bərabərdir”. Rəhmətlik yaxşı “vuran” idi. O cür gözəl fənni bizə “zakuska” üzərindən tədris edirdi.
Sözgəlişi, ehtimal nəzəriyyəsinə görə bizim haçansa təzədən, Azərbaycanda doğulmaq ehtimalımız olduğu elmi faktdır. Nəyə görə? İnsan və ətrafındakı aləm trilyonlarla, on üstü nə bilim nə qədərsə hüceyrələrdən ibarətdir, elə deyilmi? Və bu hüceyrələrin, atomların, zərrəciklərin haçansa təzədən, eyni şəkildə birləşməsi ehtimalı trilyardda neçəyəsə bərabərdir, lakin mümkündür!
Müdriklər demişkən, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Mən özüm üçün hərdən təsəvvür edirəm: necə yenidən Azərbaycanda doğuluram, sizin üçün köşə yazıram, siz də oxuyub narazı qalırsınız...
Amma çarəmiz nədir? Çevrəyə düşmüşük, çıxış yolu yoxdur. Bunu həm də sərhədlərin bağlı olması temasında donquldanan yoldaşlara üzümü tutaraq yazıram. Gəlin məsələlərə bir az qlobal kontekstdən, geniş bucaqdan yanaşaq. O zaman fikir, dərd çəkmək asanlaşır. Çıxışı olmayan kainatda yaşayıb, Bolnisinin Faxralı kəndinə avtobusla gedə bilməmək insanı narahat etməməlidir. Əvəzində çoxlu alternativlərimiz var. Məsələn, kainat genişlənir. Yaxud, xəngəli Bakıda yemək olar. Bunun üçün dövlətimiz nə qədər gözəl yerlər ayırmışdır...
İndi yadıma düşdü, bu atomlara bölünüb, sonra yenidən bütövləşmək əslində qısa zamanda da mümkün sayılır, hipoteza olaraq elmdə buna teleportasiya deyirlər. Fransız yazıçısı Jorj Lanjelan-ın bu temada “Milçək” adlı qəribə, fantastik hekayəsi var, həmin əsər əsasında ünlü rejissor Devid Kronenberq 1987-ci ildə eyni adlı film çəkib. Alim teleportasiya üsulu (Türkiyədə işınlanma deyirlər) ixtira edir, amma kameraya milçək girir, nəticədə alim özünü teleportasiya edərkən milçəklə genləri qarışır. Film qorxu filmlərinin dünya reytinqində ilk 50 sıradadır - özünüz təxmin edin, spoyler vermək istəmirəm.
Təbii ki, yazının kinonun üstünə gəlməsi ehtimalı var idi, hörmətli oxucular bunun zəruri bir təsadüf olmasını artıq anlamışdır. Bugünlərdə kino başbilənlərimiz yığışıblar, uzun adı “kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası”, qısa adı “kino senzurası” olacaq qurum qayırmaq qərarına gəlmişlər. Hətta bir dəstə görkəmli yoldaş o şuraya seçilibdir. Deyəsən. Niyə ehtimal olaraq “deyəsən” yazıram, çünki şuranın üzv siyahısı hərbi sirr kimi xalqdan gizli saxlanılır.
Ancaq bizdə kino yoxdur axı. Bu yoldaşlar nəyə baxıb qiymət verəcəklər, senzura yapacaqlar? Ay sağ ol: məsələn, Ridli Skottun kinosuna. Deyir orda Napoleon arvadı Jozefinanı döyür. Bu isə bizim milli mentalitetə uyğun gəlmir. O səhnəni kəsərik.
Kim bilir, bəlkə bizdə nəzarət olmadığı üçün kino çəkilmirdi? İndən sonra hər kolun altından bir “Oskar” çıxacaq. Nəzarət mühümdür.
КомментарииОставить комментарий