Общественно-политическая интернет газета
Bəzən zəhmətkeşlərimiz ağız büzür, sosial şəraitin çətinliyindən dəm vururlar. Lakin biz, o cümlədən dünya ictimaiyyəti bunun belə olmadığını yaxşı bilir. Dünyada nə qədər deputata, məmura xeyir vermişik, elə son aylarda bunlardan iki nəfəri Almaniyada üzə çıxmışdır. Bəs bu sosial yardım deyil, nədir? Almaniya dağılırsa, onun ac deputatlarını kim yedirtməlidir?
Öz ölkəmizə gəlsək, dünən mən xəbər lentində oxudum, Bakıda sosial ekspertiza və reabilitasiya üzrə dövlət idarələrimizdən birinə fəaliyyət üçün bina lazım olmuşdur, həmin binanı isə hansısa vətəndaşdan 320 min manata icarəyə götürmüşlər. Dövlət idarələrimiz üçün bina çatışmazlığı vardır ki, onu vətəndaşdan icarəyə götürürlər? Yəqin vardır. Olmasa niyə icarəyə götürsünlər? Axtarsan həmin binanın yiyəsi də dövlət idarəsi ilə aşağı-yuxarı əlaqəsi olmayan sadə vətəndaş çıxacaqdır. Bizdə bütün tenderlər şəffaf keçirilir. Hələ bir dəfə də olmayıb ki, tenderi dövlət idarəsinin öz qahımlarına aid şirkət-filan udsun. Yalan yazıramsa gözümə eynək girsin!
Təbii, 320 min manatlıq icarə haqqı həmin vətəndaşımızın illik büdcəsi üçün faydalı vəsaitdir. Deməli, sosial reabilitasiya idarəmiz qarşıdan gələn ildə ən azı 1 zəhmətkeşimizi reabilitasiya (müalicə və bərpa) edəcəkdir! Halal olsun. Növbə hamımıza çatacaq, darıxmayın. İl var, ay var, icarə var, obyekt var...
Mən bunu boş yerə yazmıram ki. 4-5 il qabaq olardı, Bakıda bir ərazidən keçirdim. Gördüm şadlıq sarayına oxşayan bina var, qapının üstündə yazılıbdır ki, burada kiçik və orta biznesin inkişafına yardım eləyən dövlət idarəsi ciddi şəkildə məşqulat edir. Təsadüfən idarənin bina üçün aylıq icarə haqqını da öyrəndim, 40 min manat imiş. Pulu isə kimə ödəyirdilər, əlbəttə, kasıb bir insana, dəyərli zəhmətkeşimizə, keçmiş rayon prakrorlarından birinə. Nəticədə ən azı eks-prakrorun biznesi inkişaf edirdimi? Edirdi. Ta bizə nə lazımdır? Kor nə istər, iki göz. İndi, maşallah, Bakıda çoxlu klinika var, xalqın gözünü açırlar.
Belə şeylər hamısı bazar iqtisadiyyatımızı inkişaf etdirir. Elementar bir üsul yazım, sınayın: əgər hansısa cibinizdə siçanlar oynayırsa, onları başqa cibinizə keçirin, qoy orada da oynasınlar. Yaxud pulu tez-tez sayanda, ciblər arasında yerini dəyişəndə dəyəri artırmış. Bunu Narxozda elmi üsullarla isbat ediblər.
Hazırda bütün dünya iki informasiya hadisəsini, iki qlobal məsələni müzakirə edir. Bunlardan birincisi amerikalı reket jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putindən müsahibə almağıdır. İkinci xəbəri isə bütöv, olduğu kimi yazmalıyam, çünki hər hansı sözü ixtisar etməyə əlim gəlmədi. Bəlkə, türkün sözü, özümü zorlayıb xəbərin hansısa kəlməsini pozardım, bəs oxucular nə deyərdi? Onlar məni qınamazdımı? Buyurun: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov işdən çıxıb. Bu barədə o özü məlumat verib. Qeyd edək ki, S.Bilalov bu vəzifəyə ötən ilin iyun ayında təyin edilmişdi”. Sitatın sonu.
Doğrudan da, avtovağzalın mətbuat xidmətində dəyişikliklər regionda geopolitik dəhlizlərin işinə ciddi təsir göstərəcəkdir. Ən azından, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsi” adlı idarə bəlkə də 77 adamı işlə təmin etmək gücündədir. Yoxsa niyə elə uzun olsun? Həmçinin avtovağzalın mətbuat xidmətinin son altı ayda ilk və son xəbəri elə avtovağzalın mətbuat xidmətinin dəyişməyi ilə bağlıdırsa, mən Füzuliyə getmək üçün orada hansı yolun qırağında dayanmalıyam?
Əlbəttə, bu sualın cavabını tapmaq üçün yeni ofis icarəyə götürülməlidir.
КомментарииОставить комментарий