Свобода людям, независимость нациям!

Hərtərəfli konfrans

“Sən çıxanda yaşıl donlu tarlaya,

İldırımdır dəmir atın elə bil.

Ağ pambıqdan göyə ucalan taya,

Xoş günlərim kimi tükənən deyil”

(“Pambıqçı qız” mahnısından)

Bakıda məktəblərin birinin həyətində elektrik dirəyi cərəyan keçirirmiş, yeniyetmə oradan tutduğu üçün ölüb. Hadisə yerindən süjetdə (BakuTV) qonşular deyirdi ki, artıq burada 3-cü uşağı tok vurur: “Gərək kimsə öləydi, ondan sonra düzəldəydilər?” 

Ancaq süjetin sonundan belə məlum oldu ki, heç ölüm də çarə deyilmiş. Çünki müxbir məktəb və təhsil idarəsi ilə əlaqə saxlamışdı, onlar deyiblər dirək bizim tabeliyimizdə deyildir. Eyni cavabı Bakı ŞİH-dən və işıq idarəsindən də alan müxbir “bəlkə dirək göydən düşüb” deyərək xəbəri bitirməyə məcbur oldu. 

Ona görə bizim eldə “günah öləndədir” tipli ata sözləri yaranır. Uşaq niyə dirəkdən tuturdu? Səlahiyyətli orqanların ətəyindən tutmalıyıq. O zaman ölməzsən. Həmin ətəklərin cərəyanı orqanizm üçün təhlükəli həddi aşmır. Əksinə, qidalanırsan. 

Qida demişkən, hökumət daha bir faydalı qərar vermişdir: noyabrda beynəlxalq iqlim konfransı keçirilən zaman Bakı şəhərində toylar qadağan edilir. Paytaxt onsuz basabasdır, dövlət səviyyəsində tədbir zamanı problem çıxmasın deyə bu qadağa zəruri olmuşdur. (Hələ məktəbləri bağlamaq, xalqı bir aylığa harasa qovmaq kimi ideyalar da var, görək axırı nə olur. Mən bütün qərarları dəstəkləyirəm, indidən bilinsin).   

Alqışlanası qərardır. Məhərrəmliyin, may ayının üzərinə bir də iqlim ayı gəldi. Onsuz bambılı, dumbullu, qulaqbatıran, ürəkbulandıran, israfçı, düşük, yaddaqalmaz Azərbaycan toyları çoxumuzun zəhləsini töküb, bu biabırçılığa son qoyan da yoxdur. Ancaq toy olmasa xalqımız necə artıb-törəyəcəkdir? Düşünürəm hökumətin bu istiqamətdə hansısa dəstək tədbirləri olacaqdır. Məsələn, təcili evlənməli olan cütlüklərə rayonlarda palatka toyu keçirmək mümkündür. 

İqlim konfransının mənasına da bu qadağa çox uyğundur. Siz bilirsinizmi planetdə qlobal istiləşməyə, atmosferin çirklənməsinə ən çox səbəb olan canlılardan biri inəklərdir? 1 inək havaya sutkada 500 litr metan qazı buraxır. Bu qaz isə temperaturu artırır. İnəklər avtomobillər qədər ziyanlıdır. O cümlədən heyvandarlıq məqsədiylə meşələr qırılır, əkin sahələri yaradılır və sairə. Qoyunçuluq dağlarımızın, dağətəyi bölgələrin, meşə fondunun belini qırır. Qoyun dırnaqları torpağı erroziyaya uğradır, aşındırır. Təsadüfi deyil ki, hazırda bütün xalq artistlərimizin evində meşə qırmaq üçün balta saxlanılır.  Bunlar hamısı isə şadlıq saraylarına ət tədarükü üçün vacib mənbələrdir. Əgər 1 ay toylar dayansa, gör təbiətə nə qədər xeyirdir! 

İndiki uşaqların yadına gəlməz, sovetin vaxtında bizdə hər payız toylar qadağan edilirdi. Sadəcə, o vaxt paytaxtda yox, kənd rayonlarında bu zəruri tədbirə əl atılırdı. Xalqı məhsul yığımına: pambıq, üzüm tarlalarına cəlb etmək üçün. Nəticədə biz hər hektardan milyon ton pambıq əldə edirdik, tuman-köynəyi də indiki kimi Çindən almırdıq. Çaxırımız Vladivostoka qədər gedirdi.   

Bəzən kimsə qadağanı pozmaq istəyirdi, bu zaman dövlət milis qüvvələrindən istifadə edir, bütün toyxananı pambıq sahəsinə basırdı. Mənim şəxsən yadıma gəlir, gəlinin əlində vedrə, üzüm yığmasını canlı görmüşəm. Bəy də konteynerin böyründə durub məhsulu qəbul edirdi. Nəticədə toy gecəsi yaddaqalan olurdu. Bu cür gözəl təşkilatçılıq qabiliyyətinə görə raykom katibi Əhmədzadə yoldaşı müstəqillik dövründə su naziri qoymuşdular. 

Çox nostalgiyaya qapıldım... Buna görə də hökumətimizə dərin minnətdarlığımı çatdırıram. Konfransınızın xeyrini görəsiniz. 

 

Нет комментариев

Новости автора