Общественно-политическая интернет газета
“İlk gündən hissədə qazandı hörmət,
İlk gündən tanındı sıravi Əhməd"
(keçmiş populyar mahnıdan)
Hərbi xidmətə çağırışda, səfərbərlikdə vaxtaşırı problemlər üzə çıxır. Ya dələduzlar camaatı aldadır, ya prokurorluq il ərzində qaldırılan cinayət işlərinin hesabatını verir. Hansısa “voyenkomları” hətta bir ara kütləvi şəkildə tutub basırdılar. Ancaq neqativlər aradan qalxmır. Əlbəttə, iş olanda problem də olur, lakin bizim səfərbərliyin dərdi kompleks dərddir. Bu işin mahiyyəti düzgün qurulmayıb.
Məsələn, bizdə alternativ xidmət haqda qanun var, ona əməl edənsə yoxdur. O cümlədən peşəkar ordu yaradılması istiqamətində işlər görülür, xeyli sayda müddətdən artıq xidmət edən əsgərlərimiz var, ancaq yenə ildə 4 dəfə hərbi çağırış elan edilir. Sanki əsgər çatışmazlığı var. Varmı? Məncə, yoxdur. Bəs çağırışın ehtiyac olmadan elanı korrupsiyaya yol açmırmı? İddia edirəm ki, açır. Çünki Qarabağ problemi həll edildikdən sonra bizim əvvəlki qədər çağırışçıya, əsgərə ehtiyacımız olmasını zənn eləmirəm. Deməli, örnək üçün, 100 adam çağırıb, 50-ni yerləşdirmək, qalanlarının da pulunu alıb buraxmaq mümkündür. Hər halda, indiyəcən çətin xidmət bölgələrində hansısa məmurun övladına rast gəlinməmişdir. Əgər doğrudan da bütün çağırış prosesi kompüterləşdirilmişsə, “insan əli dəymədən” aparılırsa, nə üçün deputat və nazirlərin uşaqları Bakı və Abşeron yarımadasına, kəndlilərin və fəhlələrin övladları isə dağın təpəsinə düşür? Məncə, bunun səbəblərini araşdırmaq əlaqədar orqanların vəzifəsi olmalıdır (son cümləni yer doldurmaq üçün yazdım, hər hansı ciddi məqsədim yoxdur).
Artıq çoxdan vaxtı çatıb, rəsmi şəkildə pul ödəyib əsgərlikdən yayınmaq qanunu qəbul edilməlidir. Onsuz komissarların cibişdanına gedən haram pullar bu yolla təmizə çıxıb dövlət büdcəsinə yönlənər.
Səfərbərlik işində bir tragikomik detal da var, bunu sovet dövrünün atavizmi saymaq olar. O zamanlar “ağ bilet” deyilən, indi ilkin hərbi qeydiyyat adlanan prosedurdan bəhs edirəm.
Hazırkı qanuna görə, 15 yaşına çatmış oğlanlar ilkin hərbi qeydiyyatdan keçməlidir. Bu zaman ortaya qəribə mənzərə çıxır: qeydiyyatı de-fakto valideynlər aparır!
Yeri gəlmişkən, bizim səfərbərlik idarəsinin adı da məzmunsuz və mənasız şəkildə uzadılmışdır: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti! Əgər hərbi xidmətə çağırış səfərbərliyə daxil anlayışdırsa (ya da tərsinə), sinonimləri dalbadal düzəndə xarici düşmənlər qorxuya düşür? Qısaca Əsgərliyə Çağırış Xidməti adlandırsanız ana dilinə hörmətli olmazmı?
Nəsə, bu səfərbərlik idarəsinin rəsmi saytında (seferberlik.gov.az) ilkin hərbi qeydiyyat üçün lazım olan sənədlərin siyahısı konkret göstərilib: doğum haqda şəhadətnamənin surəti, ailə tərkibi haqda arayış, təhsil haqda sənəd (təhsil müəssisəsini bitirənlər üçün), təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış, tərcümeyi-hal, 6 ədəd 3x4 ölçülü fotoşəkil. Əlbəttə, bunların özündə də mənasız sənədlər var, məsələn, 15 yaşlı uşağın hansı iş yeri ola bilər, məlum deyil, o cümlədən 18 yaşda həqiqi əsgərliyə çağırılacaq uşağın 15 yaşındakı fotosu dövlətin nəyinə lazımdır və sairə. Ancaq hesab edək bunlar lazımdır. Tək bununla iş bitmir axı!
Yazıq valideynlər poliklinikalarda sürünür, tibbi arayışlar alırlar. Uşağın sağlıq durumu haqda. Orada da bunu haqlı olaraq başdansovdu peçatlayıb verirlər. Çünki 18 yaşacan sağlamlıq necə olacaq, kim bilir? Bəzi poliklinikada rentgen olmur, bəzəsində UZİ. Valideynlər uşaqlarla birgə avara qalır, dərs-zad yaddan çıxır. Hərbi çağırış dövlətin işidirsə, bunu valideyn niyə təşkil edir?
Yenə qeyd edirəm: idarənin saytında sağlamlıq arayışı yoxdur. Uşaqların məktəbindən isə istəyirlər. Üstəlik, deyirlər kim bu arayışı gətirməsə, ona buraxılış, qəbul imtahanlarında iştirak icazəsi verilməyəcək. Təhsil hüququnu pozmaqdır.
Başqa gülünc tələb yaşayış yerindən arayış istənilməsidir. ASAN-xidmət və ya JEK-lərdən bunu alıb məktəbə, hərbi müəlliminə verməlisən. O da aparıb səfərbərliyə verməlidir. Bu qədər absurd olarmı? Əgər uşağın yaşayış yeri ASAN-xidmətə, DİN-ə məlumdursa, elə sənədi oradan, elektron üsulla səfərbərliyə ata bilməzlərmi?
Yox, əgər bu cür əzablı yollarla uşağı və valideynləri hərbi xidmətə, vətənin müdafiəsinə hazırlayırlarsa, mənim sözüm yoxdur. Təlimə davam.
КомментарииОставить комментарий