Свобода людям, независимость нациям!

“Heç kim bizi dayandıra bilməz” XƏBƏRDARLIĞI və Avropada Bütöv Azərbaycanın de-fakto qəbul edilməsi

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına getməzdən öncə, 14 fevralda əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq AND içmişdi:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

ANDİMM.jpg (74 KB)

Dövlətimizin başçısının andiçmə mərasimində olduqca vacib mesajları olmuşdu, bu barədə yazıldıqca yazılacaq, ən azı qarşıdakı 7 il ərzində hər dəfə məqamı gəldikcə istinad olunacaq, necə ki, ötən seçkilərdən sonrakı andiçmə mərasimlərindəki çıxışlardan zaman-zaman bəhs olunurdu. Həmin mərasimlərdəki çıxışın məğzində işğal altındakı torpaqlarımızın azad olunması hədəfi dayanırdı. Budəfəki çıxışda isə artıq azad edilən Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuqdan, sərhədlərimizin əmin əllərdə olacağından, milli və dövlət təhlükəsizliyimizin xarici risklərdən qorunması zərurətindən və digər önəmli məsələlərdən bəhs olundu.

Prezident ölkəmizin və xalqımızın həyatında yeni dövrün başladığını rəsmən elan etdi. Məmnunluqla bildirdi ki, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Eyni əminliklə bu dövrün böyük nailiyyətlərinin olacağını söylədi. Çünki “son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi”.

HAVAM.jpg (56 KB)

Əminlik, qətiyyət, siyasi iradə, milli həmrəylik uğura çatmağın əsas reseptidir, bunu 44 günlük müharibədə bütün dünya gördü. Azərbaycan və Ermənistan rəhbərliyi Münxendə olduğu zaman Azərbaycanda Prezident İlham Əliyevin qalib görkəmindən qürurla, fəxarətlə danışılmaqdadır. Azərbaycanın dövlət başçısı ölkə ərazisində separatizmin kökünü hər hansı beynəlxalq təşkilatın, başqa bir dövlətin hərbi dəstəyi olmadan kəsərək, 35 il ərzində separatizmin beşiyi olmuş Xankəndidə keçirilən seçkidə səs verməklə xunta rejiminin tabutuna mismar vuraraq Münxenə yollanmışdı. Qalibiyyətin memarı ilə istər-istəməz hesablaşmalı oldu anti-Azərbaycan mövqeyi sərgiləyən bir sıra dairələr də. Hamısını gördük. Azərbaycan Prezidenti ilə görüşmək, müzakirələr aparmaq üçün şəxsi müraciətlərin heç birinə “yox” cavabı verilmədi, təklifləri geri qaytarılmadı, bu, Azərbaycanın, Türk liderin böyüklüyü idi. Hətta vaxtaşırı sərsəmləməyə meyilli olan Nikol Paşinyanla üçtərəfli formatda görüşdən də imtina olunmadı.

PASİKO.jpg (81 KB)

Çünki Türk yaradılışdan basdığını kəsmir, hətta bir sıra hallarda bu böyüklüyünün qarşısında namərd hücumlara məruz qalıb, kürəyindən xəncər vurulub, oxlanıb, bütün bunlara rəğmən, Türk böyüklük nümunəsini daim nümayiş etdirib.

Prezident İlham Əliyev andiçmə mərasimində açıq mətnlə bəyan etmişdi ki, bizim bir ailəmiz var – Türk dünyası. Sitat: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir... Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Yeni dönəmdə əsas strategiya elan olunub: öncə Türk dünyası, amma beynəlxalq aləmlə də normal əməkdaşlıq davam etdiriləcək, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində. Lakin yetər ki, kimsə Azərbaycana diktə etməyə çalışmasın.

Sonrakı fikirlər də olduqca mühüm tarixi əhəmiyyət kəsb edir:

“Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”.

GUCLEN.jpeg (92 KB)

Naxçıvan Muxtar Respublikasında hələ 2000-ci illərin ilk onilliyində təməli qoyulan böyük Türk təşkilatının daha böyük və sarsılmaz quruma çevrilməsi istiqamətində mətin addımların atılması, Türk dövlətlərini bir çətir altında birləşdirən qurumun Avropa İttifaqı miqyasında təşkilata çevrilməsi anti-Türk çevrələri də bizimlə hesablaşmağa vadar edəcək heç şübhəsiz. Azərbaycan dövlətinin Türk dövlətlərini bir araya gətirmək istiqamətində qardaş Türkiyə ilə birlikdə nə qədər çətin və şərəfli yol keçdiyi tarixi faktdır. Tezliklə daha bir hədəfə çatacağıq: Türk dövlətləri arasında önəmli körpü olan Turan yolunun – Zəngəzur dəhlizinin açılması ilə. Qarşımızı kəsə bilməyəcəklər, buna şübhəmiz yoxdur, çünki bu vaxta qədər qarşıya qoyulan hədəflərə çatmışıqsa, məntiqi ardıcıllıqla Türk dünyasının uğurlarının davamı gələcək! Bunu Münxendə qəbula yazılanların siyahısı da təsdiqləyir, de-fakto zəfərlərimizi qəbul etdilər, 1919-cu ilin Paris Sülh Konfransındakı kimi! O zaman Azərbaycan Xalq Cümhuriyyətinin varlığını qəbul etmək istəməyən, nümayəndə heyətimizi İstanbulda aylarla gözlədib, viza verməyənlər, Azərbaycanın tarixi torpaqlarında, Cümhuriyyət qurucularının güzəştə getdiyi İrəvan mahalında dövlətlərini elan edən erməniləri bağrına basanlar sonda Azərbaycanın varlığını dana bilmədilər, müstəqil dövlətimizi de-fakto qəbul etdilər! Münxen yolçuluğuna qədər də Azərbaycana qarşı olmazın pisliklərə əl atıldı, Fransanın başçılığı ilə Avropa İttifaqının Ermənistandakı missiyası bölgədə təxribatlar törətdi, Fransa generalı sərhədlərimizdə peyda oldu, elə Almaniya Bundestaqının deputatı Şvabenin ideya müəlliflərindən olduğu anti-Azərbaycan qətnamə AŞPA-da qəbul olundu, Fransanın Strasburqu bu dəfə Türkə qarşı ədalətsiz savaş elan olunan ünvana çevrildi. Amma sonda Almaniya kansleri Azərbaycan Prezidentinin qalib əlini sıxmalı, reallıqla barışmalı oldu. Rəhbərlik etdiyi ordusu işğala son qoyan, terrorun kökünü kəsən Qalib Prezident növbəti dönəm üçün Xalqının haqq etdiyi möhtəşəm dəstəyi və səsi ilə Avropaya səfər etmişdi. Təbii ki, aldığı dəvəti dəyərləndirərək. Öncədən 7 fevral seçkisində tarixi qələbə qazanan İlham Əliyevə təbrik zəngləri edən avropalı liderlər onu Münxendə görməkdən məmnun olacaqlarını söyləmişdilər və dövlət başçımız bu məmnunluğu onlara çox görmək istəmədi, yenə də böyüklük nümayiş etdirərək. Baxmayaraq ki, uzun illər boyunca çox ədalətsizliklər etmişdilər Azərbaycana qarşı.

QARSİ.jpeg (132 KB)

Prezident əsas gücü xalqından aldığını dəfələrlə bəyan edib. Elə sonuncu andiçmə zamanı da söylədi ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Sitat: “Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik”.

Qələbənin əsasında, məğzində dayanan düstur! Yeri gəlmişkən, Azərbaycanda Prezidentin Münxen görüşü məmnunluqla izlənildiyi saatlarda İrəvanda Paşinyan əleyhinə müxalifətin növbəti etiraz mitinqlərinin anonsu verildi. Savaş meydanında məğlub olan Ermənistan lideri Avropada çətin anlar yaşadığı gündə öz ölkəsində hədəfə alınmışdı, istefa tələbilə.

Azərbaycan sülh prosesinə sadiqdir, dəfələrlə mövqeyini ifadə edib. Amma Ermənistanın və onun himayədarlarının davranışları bizi ordumuzu daha da gücləndirmək hədəfindən yayındıra bilməz. Etiraf etməliyik, tarixən Türkün başına nə gəlibsə, arxayınçılıqdan gəlib. Torpağı azad edəndən sonra onu əkməklə yanaşı, daha ciddi şəkildə qorumaq gərəkdir! Prezident məhz bu səbəbdən növbəti illərin ilkin hədəflərindən birincisi olaraq ordunun gücləndirilməsini önə çəkdi:

“Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”.

ANTİTERROR SON.jpg (60 KB)

Ölkə başçısı qeyd etdi ki, Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır: “Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz!”

Bu qətiyyətli mesaj-xəbərdarlıq həm də Ermənistandakı revanşizmi körükləyənlərə ünvanlanmışdı. Və… Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər!”

NİKOL PASİNYAN.jpg (425 KB)

Bəli, heç kim dayandıra bilməz, anlamalıdırlar! Bizim iddiamız yoxdur, amma qondarma konstitusiyaları ilə üstümüzə gəlməkdə davam edəcəklərsə, görəcəkləri də olacaq, bunu da unutmasınlar! Azərbaycan əsgəri Qafanın, İstisunun başı üzərindədir, Qərbi Azərbaycan ovcumuzun içindədir. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsində əksini tapmış və Fransada da təsdiqlənmiş tarixi ərazilərimiz. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasının həmin ərazilərə iddia etməyə kifayət qədər əsası var: xüsusilə ona görə ki, Ermənistan 106 ildə verdiyi sözlərə, götürdüyü öhdəliklərə əməl etməyib! Öhdəliyinə əməl etməyəni isə cəzalandırırlar, birmənalı şəkildə! BMT-nin sərhəd bütövlüyünü tanımasına gəldikdə, beynəlxalq hüquq birtərəfli qaydada tətbiq oluna bilməz, Azərbaycan da bu quruma daxilində keçmiş Dağlıq Qarabağ olmaqla üzv qəbul edilmişdi, amma Ermənistan nəinki Yuxarı Qarabağı, hətta Şərqi Zəngəzuru və digər əraziləri də işğalda saxladı. Odur ki, Əliyevin xəbərdarlıqlarını qəribçiliyə salmasın, nə Qərb, nə digər havadarlar, nə də haylar! Bakıda içilən ANDdan sonra Avropada, Münxen şəhərində Azərbaycanın BÜTÖVLÜYÜ de-fakto yenidən qəbul edildi, ABŞ və Avropa ölkələrinin dövlət rəsmiləri tərəfindən!

MÜNXEN YENİ.jpg (114 KB)

Budəfəki Münxen Konfransı Paris Sülh Konfransı qədər önəmliydi. İnşallah Paris yolçuluğunda əzablara qatlaşıb, hədəflərinə nail olan Əlimərdan bəy Topçubaşov və digər cümhuriyyətçilərin də ruhu şaddır, Müstəqil, Bütöv Azərbaycanın Prezidenti İlham Əliyevin qalib görkəminə görə!

TOPCU.jpeg (167 KB)

Нет комментариев

Новости автора