Свобода людям, независимость нациям!

Hamısı Erkin Qədirliyə görədir

Ötən yazımda Mərkəzi Seçki Komissiyasının vətəndaşlara seçki mesajları göndərməsindən bəhs etmişdim. Hörmətli oxucular yazır ki, onlar da belə mesajlar alırlar. Məsələn, Məğrub Bədəlsoy adlı Qarabağ qazisi artıq 3 dəfə MSK-dan uyğun mesaj almışdır. Məzahir müəllim de fakto və de yure hər gün Məğrub bəyə mesaj yollayır. Bəlkə də səhər evdə pendir-çörəyini yeyib, şirinçayını içib əzablı yollarla iş yerinə gələn an birinci işi kofe dəmləmək, qəzetləri oxumaq, seçki protokollarını, DSK-ların monitorinqini aparmaq olmur, Məğrub bəyə mesaj yazmaq olur. 

Bunun nəyi pisdir? Çox düzgün, hüquqi addımdır. Güman edirəm fevralın 7-nə qədər Məzahir müəllim Məğrub bəyə hələ 14 mesaj yollayacaqdır.

Ruslan müəllim adlı oxucumuz isə yazır ki, sizin köşədən sonra mesajın mətni ana dilimizə, əlifbamıza uyğunlaşdırılıb (o da artıq hər gün MSK-dan mesaj alır). İndi mesajda əvvəlki kimi “sesverme”, “huquq” yox, “səsvermə” və “hüquq” sözləri işlədilir. 

Həqiqətən, bizim dildə ses - su elektrik stansiyası deməkdir. “Sizi sesvermeye devet edirik”  mesajı sanki hansısa SES-i xarici qüvvələrə verməyə təhrik sayıla bilərdi. O cümlədən huquq nə deməkdir? Bizdə belə söz yoxdur. Ququ, ovduq, uçuq, qoruq kimi sözlərə rast gəlinir, lakin beləsini eşitməmişik. 

Əlbəttə, seçki gününə hələ 2 həftə qalır, bütün əyər-əskiklər vaxtında aradan qaldırılır. Mız qoymağa qalsa, min dənə şey taparsan. Məsələn, elə adını çəkmək istəmədiyim oxucu yazır ki, vətəndaşı mesajla seçkiyə dəvət etmək yaxşı haldır, bəs məntəqənin ünvanı niyə yazılmayıb? 

Əcəbdir. Ünvanı da yazsan, deyəcək bizi zorla seçkiyə aparırlar. Balam, bəlkə sizin əvəzinizə Məzahir müəllim səs versin? Belə şey mümkün deyildir. Heç olmazsa seçki məntəqənizi özünüz tapın, seçkiyə özünüz gedin. Məsuliyyətsizlik vətəndaşlarımızın qanındadır. Hökumətin yerinə olsam, xaricdən başqa vətəndaşlar alaram. 

Xaric demişkən... Bugünlərdə Avropa Şurasıyla münasibətlərimiz konfliktin zirvəsinə qalxıb, artıq həm biz AŞ PA-nı tərk etdik, həm də AŞ PA bizi dondurdu. Bir deputat məsələni çox dəqiq izah elədi: “Avropa Şurası özünü qərbyönümlü aparır”. Doğrudan da, işləri korlayan əsasən budur. Məsələn, Ermənistan rəhbərliyi də bəzən özünü erməni kimi aparır. 

Ancaq mənim qənaətimə görə, Avropa ilə münasibətlərdə belə kəskin pozuluşmanı yaradan əsas qüvvə Erkin Qədirlidir. Bu adam bizim AŞ PA-da nümayəndə heyətimizə radikal müxalifətin nümayəndəsi kimi daxil edilmişdir. Elə o gündən aramız soyuqlaşıb. Biz 20 ildir AŞ PA üzvüyük, müxalifət nümayəndəsini ora aparmırdıq, münasibət də gözəl idi. Necə oldusa, Erkin müəllim ora gedəndən oldu. Bu isə bir daha göstərir ki, müxalifətin xalqa xeyri yoxdur. 

İkincisi, həmişə AŞ ilə münasibət pisləşməyə başlayanda hökumətimiz aranı yumşaldıcı addımlar atardı. Məsələn, üç-dörd dustağı buraxırdılar. Avropalılar aparılan islahatı alqışlayırdı, vəssalam, tozanaq yatırdı. Yenə bir-iki nəfəri buraxıb sonra təzədən tutmaq olardı. Məncə, hazırkı kəskin konfrontasiyanın ölkəmizə hansısa xeyri yoxdur. Ziyanı varmı? Ziyanı da yoxdur. Sadəcə, nə qədər çox təşkilatın üzvü olsaq, o qədər adam iş yerləri ilə təmin edilir. İndi gərək biz Rafael müəllimə təzədən ədəbiyyat muzeyində iş verək. 

Bəlkə paralel olaraq orada da qalırdı, bunu dəqiq bilmirəm.    





Нет комментариев

Новости автора