Общественно-политическая интернет газета
Doğrusu “Göycə-Zəngəzur Respublikası” yaratdığını elan edən Rizvan Talıbovu və onun dövlətinin baş naziri Tünzalə xanımı (bəlkə də Tənzilə xanım - adları yadda saxlamaq mənim həyatda ən böyük çətinliklərimdən biridir; hərdən öz adım yadımdan çıxır, küçədə “Ey Napoleon” deyə çağırsalar, dönüb baxasıyam) əlaqədar orqanlar niyə tutub saxlamışdır, şəxsən mən anlamıram.
Bəlkə indi dəbdə olan cinayət işlərində adları hallanır? Məsələn, dələduzluq, saxta pul kəsmək, QHT yaratmaq kimi şeylər. Əgər elədirsə, yazını burda saxlayım, gedim çimərliyə, qarğıdalı gəmirim.
Yox, mövzu yalnız “Göycə-Zəngəzur Respublikası”dırsa, o zaman bəzi suallar ortaya çıxır. Örnək üçün, biz Ermənistanın ərazi bütövlüyünə təhlükə yaratdığı üçünmü Rizvan müəllimi içəri basmışıq? Elədirsə, buna da sözüm yoxdur, əksinə, bəlkə patriotlarımızın gözündən iraq, alqışlayıram. Çünki məhz bu kimi addımlar bizi sülhə yaxınlaşdırır. Allah heç qoymasa, guya biz hamımız bir-birimizin ərazi bütövlüyün tanısaq, o anda barışıq yaranacaqdır, görbagor Əbdürrəhman müəllim demişkən, muştuluq verin, ermənilər Bakıya qayıdır, Zeynəb xanım da təzədən gedib Razdan stadionunda on minlərlə haxçik və dığa önündə “Nune, Nune, ay Nune, ara inçe sirunem” şarkısını guppuldadacaqdır.
Əgər mövzu bu deyilsə, biz dünyanın başqa ərazilərində virtual respublikalar yaratmaqda nə dərəcədə sərbəstik? Məsələn, mən istəsəm Avstraliyanın Tasmaniya adasını Tasman Muxtar Dövləti elan edib özümü oranın baş naziri, yerli tasmaniya canavarını da parlamentin spikeri elan edə bilərəmmi? Yaxud Fransanın Marsel şəhərində Hadrut ermənilərinə ayrıca dövlət qayırmağa icazə varmı?
Prinsipcə mən mövzunun təhlükəli olmasını başa düşürəm, hardasa dövlət təhlükəsizliyi məsələsidir. Vaxtilə Elçibəyin bu tipdə maraqlı moizələri olardı. Biz gah Bütöv Azərbaycan qururduq, gah Çində Sinszyan-Uyğur vilayətində bayrağımızı ucaldırdıq. Bir gün Dəmirqapı Dərbəndə, başqa gün Kərkükə meyllənirdik. Axırı bir az yaxşı olmadı, o boyda qlobal projelərin müəllifi doğulduğu dağ kəndinə qaçmağa məcbur oldu və onun müdafiəsinə nə Urumçidən, nə Bağdaddan qoşulan tapıldı.
Lakin Rizvan Talıbovun belə provokativ, qeyri-dövlətçi mövqelərə qoşulacağına, açığı, elə də inanmıram. Çünki Rizvan müəllim necə də olsa dövlətçilik tərbiyəsi görmüş şəxsiyyətdir - vaxtilə YAP qurucularından Əli İnsanovun müdafiə komitəsinin rəhbəri vəzifəsində çalışmışdı. Əgər Əli müəllim türmədən çıxıb Haqq Ədalət Partiyası yaratdısa, sonra yenidən YAP-a qoşuldusa, Rizvan müəllim nədən belə ziqzaqvari hərəkətlərlə yadda qalmasın?
Həyatdı, həyatda hər şey mümkündür. Bir də görürsən səni halva ilə şirinçay içdiyin yerdə bəzəyib-düzəyib apardılar vəzifəyə qoydular, deputat seçdilər. Bir də görürsən eyni yerdən gəlib dost-doğma qardaşını tutdular, aparıb dama saldılar, sən isə “Allah qapısını açsın” deyibən sanki Allahşükürün müavini rolunu oynayırsan.
Molla Nəsrəddin bir gecə səs-küyə yuxudan oyanır, qaçır küçəyə. Görür orda heç-zad yoxdur. Qayıdır otağa, baxır yorğanını kimsə çırpışdırıbdır. Arvad o biri otaqdan çağırır ki, ay Molla, o nə səs-küy, nə davası idi, Molla deyir: “Əşşi, heç zad, dava yorğan davasıymış”.
Prinsipcə bu anekdotun yazımıza, mövzumuza heç bir dəxli yox idi, niyə bura yazdım anlamıram.
КомментарииОставить комментарий