Свобода людям, независимость нациям!

Hadisə kimi dissident - Zamin Hacının OLAY kimi köşəsi

Son vaxtlar qəzetə göndərdiyim yazıların başına hörmətli redaksiya “hadisə kimi yazı” ifadəsi də atır. Açığı, mən təvazökar olduğum üçün belə tərifləri, fərqləndirmələri bəyənən adamlardan deyiləm, o üzdən ilk günlər xoşuma gəlmirdi. Ancaq sonra fikirləşdim kimdən əskik yazaram? Qoy belə də olsun. Hətta istəyirəm yazılarıma “qan donduran”, “tük ürpədən”, “planetar”, “qalaktikalararası köşə” yarlıkları yapışdırılsın. Şair demişkən, “axır səni düzdə qoyar bu düzlük”. Tərif gül kimi yığım vasitəsidir, lazım gələndə onu başqa valyutalara da çevirmək olur. 

Üstəlik, indi ağlıma gəldi, bəlkə “hadisə kimi yazı” ifadəsinin alt qatında türkiyəli manıs Hadisəyə işarə vardır. Bir zamanlar nəqliyyat nazirimiz Ziya müəllimin oğlu Anar müəllim Hadisənin möhkəm aşiqi idi, avtobuslardan yığılan vəsaitlə xanımı Bakıya aparıb-gətirərdi. Hətta Hadisə xanıma Bodrumun yağlı yerindən plyaj almışdı. Sonra nəsə araları dəydi, deyəsən, “bağda ərik, salamməlik” əhvalatıydı. Ziya müəllimin ərikləri azalmışdı. 

Nəsə, köhnə plan içi tökməyək, mövzumuz insanın qəlbindəki şöhrət azarıdır və belə getsə hörmətli redaksiya məni də buna yoluxduracaqdır. Hələlik hadisə kimi yazılar yazırıq, sonrası Allah kərimdir. Əsas odur adamın öz başına hadisə gəlməsin. Bizim medianın belə günləri də olub. İndi, maşallah, yazılarımız hadisədir. 

Söz tərifdən və Anar müəllimdən düşmüşkən, bugünlərdə bir neçə saytda qəribə məqalə gördüm. Məcburən oxudum, çünki hətta avtobusda kart vurub gediş haqqı ödəmək istəyəndə də ekrana o məqalə çıxmağa başlamışdı. Məqalənin müəllifi başqa Anar müəllim idi -  Azərbaycan Yazıçılar Birliyinin sədri. Doğrusu, mən son illər Anar müəllimin imzası ilə çıxan yazıları oxumağa o qədər də maraqlı deyiləm, lakin bu, istər-istəməz diqqətimi çəkdi. 

Birincisi, hadisə kimi yazı idi, ikincisi, yuxarıda da qeyd elədim, hər yerdən baş qaldırmışdı. Üstəlik, başlıq zor idi: “Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı”. 

Mövzu ilə maraqlananlar bilir, əslində bu tema Azərbaycanda çürüyü çıxmış, maraqsız temalardan biridir. Sovet hökuməti 30 ildir yox olub, həmin quruluşda Azərbaycan dissident hərəkatı da olduqca cüzi, azsaylı bir hərəkat idi. Ən böyük dissidentlərimizdən biri Əbülfəz müəllim olub, onun əməli çayxanalarda Etibar, Fəzail kimi beş-on gəncə anekdot danışmaqdan uzağa getməyib. Nə kitab vardı, nə ardıcıl ideoloji iş. 60-cı illərdə kiminsə Qız qalasına üçrəngli bayrağımızı asdığı haqda da bir rəvayət nəql edilir. Belə dissident mövzularını uyduranlardan biri də hörmətli tarixçi alim Cəmil Həsənlidir. Mən onun “Azərbaycanda sovet liberalizmi” adlı bir kitabını oxudum, anekdot kimi bir kitab idi. Guya sovet dövründə bizim AYB-nin hansısa üzvləri liberal düşüncədə olublar. 

Nəsə, qayıdaq Anar müəllimin son məqaləsinə. Onun qısa özəti belədir ki, onun atası Rəsul Rza sovet vaxtı bizim əsas dissidentlərimizdən biri olmuşdur. 

Eee? Anar müəllim üçün dissident sözünün izahını yazıram:  “Dissident (latınca dissidens - geri çəkilən, fərqli fikirli) - yaşadığı ölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insan. Bu fərqlilik bir çox hallarda hakimiyyətin təqiblərinə məruz qalır”. 

İndi Rəsul Rzanın bioqrafiyasına baxaq.  1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). Üç dəfə Lenin ordeni alıb: 1946, 1970, 1980. 1938-ci ildə sovetin “Şərəf nişanı” ordenini də alıb. 

Hələ durun, bitmədi:  Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1950), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur. 1981-ci ildə Fəxri Xiyabanda dəfn olunmuşdur".

Əziz oxucular, siz bu tərcümeyi-halın harasında dissidentlik görürsünüz? Bəlkə sovet hökumətinin başı xarab olmuşdu, ondan radikal fərqlənən adamı mükafatlar və şan-şöhrətlə cəzalandırırdı? 

Yəqin. Anar müəllim yalan yazmaz ki? Hadisə kimi adamdır.  



Нет комментариев

Новости автора