Общественно-политическая интернет газета
Öncə diqqətimi çəkən bir faktı yazmalıyam, sanki bu il 15 sentyabr – Bakının qurtuluş günü sönük qeyd olundu. Yəqin bu, hansısa siyasi məsələlərdən asılıdır (mən təxminən bilirəm, ancaq yazmıram – siyasətə qarışmıram). İndi u dönüşü edib keçək digər məsələlərə.
İlk növbədə, yeni dərs ilinin başlaması münasibətiylə xalqımızı təbrik edirəm. Bu da əslində yüz il qabaq Qafqaz İslam Ordusunun misilsiz qəhrəmanlığı ilə səsləşən hadisədir. Əgər uşaqlarımız yaxşı oxumasa, Bakı həmişə təhlükə və işğal altında olar.
Eyni zamanda, sonu bilinməyən tıxaclardan Bakının qurtulması lazımdır. Kim paytaxtın tıxac problemini həll etsə, gələn bələdiyyə seçkilərində ona səs verəcəyəm. Hərçənd, “külək belə əssə” növbəti seçkilər gərgin keçəcəkdir. Nəyə görə? Hörmətli Məzahir müəllimə görə. MSK sədri günaşırı hansısa məntəqələrin nəticəsini ləğv edir. Üç-üç, beş-beş... Qırğın-qiyamətdir. Deyir videolara, şikayətlərə baxırıq, harda saxtakarlıq olubsa, oranın səsvermə nəticələri silinir. Hələlik bu silinmələr hansısa deputatın ümumən ləğvinə səbəb olmamışdır, ancaq nə biləsən... Populyar afyorizmdə deyilən kimi, iştah diş altındadır, yaxud, iştah yemək zamanı gəlir. Məntəqələr qar uçqunu effektiylə bir-birinin ləğvini gətirsə, axırda ümumən dairə ləğv edilsə nə olacaq?
Biz hüquqi dövlətdə yaşayırıq. Gərək o nəticələri ləğv edilən məntəqələrin sədrlərini də tutub qoduqluğa salaq, çünki mühüm dövlət tədbirini, ən vacib hakimiyyət aktını – seçkini pozmağa cürət etmişlər. Keçən dəfəki parlamento seçkilərində 5-6 dairə ləğv edilmişdi, hamısının sədrləri şaqqalanıb Konstitusiya Məhkəməsinin qabağındakı əncir ağacından asıldı. Baş bir yana, leş bir yana... Seçkilərə çəkilən xərclər o DSK sədrlərinin burnundan piltə-piltə gətirildi, son qəpiyinəcən dövlətə vurduqları ziyanı ödədilər. Ayrı cür ola bilməzdi ki. Müstəqil, suveren dövlətik. Elə təkcə barmağa vurulan ultrabənövşəyi mürəkkəbə neçə milyonlar xərclənir. Ancaq sən barmaq edirsən, seçki gedir işinin dalıyca. Bunun mütləq cəzası olmalıdır. Müdriklər demişkən, cəmiyyət iki halda pozulur: bir cəza olub cinayət olmayanda, bir də məntəqə sədri seçkini saxtalaşdırıb evinə aş yeməyə gedəndə.
Yeri gəlib, Koroğludan bir beyti bura yazaq, oxucularımız feyziyab olsun:
Eşidər paşalar, bəylər,
Şadlıq xəbərini söylər,
Koroğlu iltimas eylər,
Həmzə, incitmə Qıratı!
Həqiqətən, çox maraqlı dastandır. Türkiyə ilə indiki dövlətlərarası münasibətlərimizə də uyğundur. İnşallah, Məzahir müəllim vaxtında, zərgər dəqiqliyi ilə tormozu (əyləc) basar. Bizim deputat itirən vaxtımız deyil.
Bu arada fürsətdən istifadə edərək Vikipediyanın Azərbaycandilli hissəsindən savaş qurbanlarımızın adının silinməsinə münasibətimi yazmaq istəyirəm. Hazırda millətin bəzisi bundan qəzəblənib, ancaq məncə təşəkkür düşürdü, çünki Vikipediyanın ən biabırçı sektorlarından biri elə bizim dildədir. Cəfəngiyyat, zir-zibil, yalanla doludur. Üstəlik erməni budaq cümləsiylə, hətərən-pətərən mətnlərlə yazırlar, sanki səhifələri hazırlayanların yarısı rusdilli çuşkalardır, yarısı da ingilisdilli lotular. Həyatım boyu oradan bir faydalı məlumat və ya səhifə tapıb oxuduğum yadıma gəlmir. (Yeri gəlmişkən, Türkiyə türkcəsində Vikipediya da bizimkinin günündədir, biabırçılıqdır. Məcburən lazım olanda rusdilli səhifələrə baxıram).
Bir dəfə rast gəldiyim gülməli faktı burda yazıram: “Azərbaycanlı jurnalistlər” bölümündə deputat Z.Orucun adı var, lakin “Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun adı yoxdur. (İndi də belədirmi, dəqiq bilmirəm. Hər halda o çirkab kanalına baxmağa qəti həvəsim yoxdur). Bəs siz niyə belə qara-qura səhifələrdə əzizlərinizin adlarını oxumaq istəyirsiniz? Bu sizin nəyinizə lazımdır?
Müharibə qurbanları, millətin öndə gedənləri haqda özünüz səhifələr, internet saytları hazırlaya bilmirsinizmi? QHT-lər hər il dövlətdən milyonlarla qrant alıb yeyib-içir, bu pulla virtual “Xatirə kitabı” yaratmaq olardı. Hər kəsin adı, başına gələnlər orda qeyd edilərdi. Xatırladım ki, Rusiyada Böyük Vətən Müharibəsində ölənlər, itkin düşənlər haqda belə səhifələr var. Sənədlərlə, bəzən fotoşəkillərlə hazırlayıb səhifəyə qoyurlar, kimi istəsən tapırsan. Vikipediya bizim neft gəlirləriylə maliyyələşir bəyəm? Bizim ondan küsməyimiz təxminən Paşinyanı ermənipərəst adlandırmağa oxşayır.
P.S. Nədənsə bizim ensiklopediyalar baxımından bəxtimiz gətirmir.
P.P.S. Bizdə bir taxtabaş icra başçısı vardı. Bir gün qəzetlər bunun haqqında nəsə tənqid yazır, zəng vurub bəzi yazıları saytlardan çıxardır.
Amma yenə tənqid qalırmış, tanış jurnalistə zəng vurur, o da bunu başa salır ki, sənin adın, haqqındakı xəbər Google yaddaşına o cür düşüb, arxivləşib. Başçı əl çəkmir, deyir: “Səndə Guqlun baş redaktorunun nömrəsi varsa, mənə göndər, danışım”.
КомментарииОставить комментарий