Свобода людям, независимость нациям!

Günah öləndədir

 

Yenə dünyada viktimbleyminq aşiqləri aktivləşmişdir. Viktimbleyminq - hansısa kriminal hadisədə, pis işdə günahı qurbanın üstünə atmaqdır. O bizdə köhnə deyim ki var, “günah öləndədir”, bax o zır viktimbleyminq şüarıdır. Bu səfeh, bir az komploçuluqdan qidalanan ideyanın daşıyıcıları cinayət olanda canini, oğurluq olanda oğrunu, qətl olanda qatili suçlamazlar. Deyərlər ki, məsələn, niyə arvad ərinin sözünə baxmayıb, bu da qızıb, vurub arvadı öldürüb. Gecə barında oynayan qız elə yaxşı olub qaz partlayanda ölüb. Qapını açıq qoymazdın, oğru girməzdi. Və sairə və ilaxır. Belələrinin fantaziyası bitməz.

Molla Nəsrəddin lətifələrində də buna oxşar biri var. Deyir Mollanın evini yarırlar, camaat yığışıb gəlir, hərəsi bir söz deyir: gərək evdə pul saxlamazdın, gərək qapını bərk bağlayardın, gərək darvazaya it bağlayardın, gecə nahaq bərk yatırsan... Axırda Molla dözmür: “Hə, başa düşdüm, deyirsiniz yəni oğruda heç bir günah yoxdur”.

İndi HAMAS-ın İsrailə azğın terrorundan sonra internetdə, sosial mediada, lap elə əski mediada da viktimbleyminqin biri bir qəpikdir. Məsələn, bir nəfər rus jurnalisti - adını da çəkməyə əlim gəlmir - deyirdi ki, Qəzza zolağı yaxınlığında mahnı festivalı keçirmək, rəqs gecəsinin təşkili düzgün olmayıbdır, hətta orda rəqs edənlər... narkotik aludəçiləri imiş.

Bəziləri Mossadı qınayır: niyə hər şeydən xəbər tuturlar, ancaq bunu görməyiblər? Sanki Mossad Allah imiş. Başqa vaxt eyni insanlar İsrail kəşfiyyatını bütün dünyada insanların şəxsi həyatına müdaxilədə suçlayırlar. Bilmirsən nə istəyirlər. Gah “bütün dünyanı masonlar fırladır”, gah da “masonlar heç zadı fırlatmır”. Az qalırlar desinlər ki, HAMAS-ı İsrail yaradıb - İsrailə zərbə vurmaq üçün. Axırda belə çıxır İranı da İsrail “yaradacaq”. Məsəl üçün, Xamneyi Tel-Əviv Universitetinin “Kabbalistika” fakültəsinin qiyabi şöbəsinin məzunu olmuşdur.

Ən yaxşısını, belə çıxır bir zamanlar Eldar Mahmudov edirmiş. Tutub biznesmenləri soyurdular, heç kəsin də bunlara qarşı hansısa xüsusi xidmət, gizli servis iddiaları olmurdu. Nə olurdusa, olurdu, olacağa nə çarə? O köhnə teletamaşada deyilən kimi, baba dərviş, bu dünyada nə olubsa olubdur, nə olacaqsa onlar da olasıdır. Vallah. Başını aşağı sal, işini gör. (Bunun da anekdotu var, bilənlər bilməyənlərə nəql eləsin).

Ancaq mövzuya istənilən tərəfdən girişərkən, məncə, əsas bir detalın üzərində dayanmaq vacibdir: İsrail bütün Orta Doğuda - Yaxın Şərqdə yeganə demokratik dövlətdir. O ətraflarda başqa bir beləsi, yəni içində ala qarğa bala çıxardan dövlət quruluşu yoxdur. İsrailə hücum, demokratiyaya hücumdur. Etnik, dini, tarixi temalar sonrakı mövzulardır. İsrail bölgədə yeganə yerdir ki, orda seçkilər keçirilir, xalq hakimiyyətin formalaşmasında iştirak edir. Ətrafda hər yer avtoritarizm, totalitarizm, monarxiyadır. Elə o HAMAS-ın Qəzza anklavında hakimiyyəti ələ keçirməsindən - 2006-cı ildən bəri, 17 ildir orda heç bir seçki keçirilmir. Halbuki, 2006-cı ildən İsrail parlamenti Knesset-ə 7 dəfə seçkilər keçirilib. 5 dəfə baş nazir dəyişilib. Sözgəlişi, hazırda Knessetdə 4 ərəb deputat var.

Yaxud, HAMAS-ın dəyirmanına su hardan gəlir, bunun da üzərində düşünmək lazımdır. Elə o Qatar şeyxləri, qaz satıb, fələstinli terrorçuların qazanını doldururlar. Fələstində fond var, onun həlak olan terrorçuların ailələrinə, o cümlədən İsrail zindanlarındakı terrorçulara illik yardımları bəzən 160 milyon dolları keçir. Bir “şəhid” kəmərli partladıcının ailəsinə onun ölümündən sonra 1 milyon dollar verirlər. İsrail türməsində qalmağın hər ili puldur. Nə qədər çox qalsan, pul da artır. Məsələn, ilk 3 ildə 3-5 min dollar verirlərsə, 25-30 il dustaq qalanların ailəsinə ayda 12 min dollar çatırmış. Məbləğ çox təəccüblüdür.

İndi kimsə çıxıb deyər ki, o pulu da masonlar verir.

 

Нет комментариев

Новости автора